Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Əbu-Dabidə keçirilən “İllik İnvestisiya Konfransı”nda iştirak edir.
Hafta.az “Armtimes” nəşrinə istinadla xəbər verir ki, nazirlikdən verilən məlumata görə, tədbir çərçivəsində nazir Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) iqtisadiyyat naziri Abdullah bin Touq Əl-Marri ilə görüşüb.
Ermənistan və BƏƏ arasında iqtisadi əlaqələrin inkişafı, ticarət həcminin artırılması, iki ölkənin işgüzar dairələri arasında əməkdaşlıq imkanları müzakirə edilib.
Gevorq Papoyan xüsusilə son illərdə BƏƏ ilə iqtisadi sahədə sıx əməkdaşlığı yüksək qiymətləndirib, bunun nəticəsində BƏƏ hazırda Ermənistanın ən böyük ixrac və idxal edən ölkələri siyahısına başçılıq edir. Eyni zamanda, nazir iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün ilkin şərtlərin olduğunu vurğulayıb.
“Biz BƏƏ-yə Ermənistan və Körfəz ölkələri arasında ticarət, iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsi üçün əsas tərəfdaş kimi baxırıq”. "Bu gün biz əməkdaşlığın yeni sahələrini araşdırmağa və ölkələrimiz üçün qarşılıqlı faydalı layihələr hazırlamağa hazırıq", - Gevorq Papoyan qeyd edib.
Nazir həmsöhbətinə Ermənistanın iqtisadi cəlbediciliyini şərtləndirən amilləri, ER hökumətinin təşəbbüsü ilə həyata keçirilən proqramları, investisiya imkanlarını təqdim edib.Turizm, bərpa olunan enerji, yaşıl enerji sahələrində əməkdaşlıq imkanlarına da xüsusi diqqət yetirilib.
Gevorq Papoyan daha geniş iqtisadi əməkdaşlığın mühüm tərkib hissəsinə çevrilə biləcək “Sülh yollarının kəsişməsi” layihəsini də təqdim edib.