Ermənistanın mina terroru davam edir - Dövlət başçısı

12:13 05.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müharibənin təxminən 2 il əvvəl başa çatıb. Həmin vaxtdan bəri təxminən 250 azərbaycanlı mina partlayışları nəticəsində ölüb və ya ciddi xəsarət alıb.

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışında deyib.

“Biz indi keçmiş qaçqın və məcburi köçkünlərin öz vətənlərinə qaytarılması ilə bağlı saysız-hesabsız çağırışlarla üzləşirik. Genişmiqyaslı yenidənqurma proqramı ilə yanaşı, ən böyük mürəkkəblikdən biri minalardır”, - dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, müharibənin başa çatmasından bəri təxminən 250 azərbaycanlı mina partlayışları nəticəsində həlak olub və ya ciddi xəsarət alıb. Dövlət başçısının sözlərinə görə, təəssüf ki, bu rəqəm hər həftə artır. Yalnız ötən həftə 2 nəfər həlak olub, 3 nəfər ciddi xəsarət alıb.

“Ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıb və Azərbaycan və azərbaycanlılara qarşı bu terror siyasəti davam edir. Bu yaxınlarda biz Laçın rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən İkinci Qarabağ müharibəsinin başa çatmasından sonrakı dövr ərzində basdırılmış 1400-dən çox minanı aşkarlayaraq zərərsizləşdirdik. Beləliklə, Azərbaycana qarşı aqressiya, Azərbaycana qarşı terror davam edir”, - Azərbaycan Prezidenti qeyd edib.

Oxunma sayı 1429