“Reuters”ə danışan iki iranlı rəsmi deyib ki, Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd süqutundan əvvəlki son günlərdə İranın xarici işlər naziri Abbas Arakçiyə Türkiyənin onu devirməyə çalışan müxalif qüvvələrə güclü dəstək verməsindən şikayət edib.
Hafta.az-ın yazdığına görə, Əsəd ailəsinin 50 illik hakimiyyəti ötən bazar günü devrilmiş prezident Bəşər Əsədin Moskvaya qaçması və Rusiyanın ona siyasi sığınacaq verməsi ilə başa çatıb.
Suriyada uzun illər davam edən vətəndaş müharibəsində İran Əsədi dəstəkləyib. Əsəd rejiminin devrilməsi İsrail və ABŞ-ın Yaxın Şərqdəki nüfuzuna qarşı çıxan İranın rəhbərlik etdiyi “Müqavimət oxu” siyasi və hərbi ittifaqına böyük zərbə kimi qiymətləndirilib.
Əvvəllər “Əl-Qaidə” ilə müttəfiq olan “Heyətül Təhrir əl-Şam” (HTŞ) Suriyanın böyük şəhərlərinə nəzarəti ələ keçirərək paytaxt Dəməşqə doğru irəlilədiyi halda, Əsəd dekabrın 2-də Dəməşqdə İranın xarici işlər naziri Abbas Arakçi ilə görüşüb.
İranın yüksək rütbəli rəsmisinin sözlərinə görə, Əsəd görüş zamanı, Türkiyənin onun rejimini devirmək üçün səylərini gücləndirdiyini bildirib. Rəsmi deyib ki, Əraqçi Əsədi İranın dəstəyinin davam edəcəyinə və məsələni Ankaraya çatdıracağına inandırıb.
Ertəsi gün xarici işlər naziri Hakan Fidanla görüşən Ərakçi rəsmi Tehranın Suriyada müxalifət tərəfində baş verən proseslərə Ankaranın dəstəyindən dərin narahatlığını ifadə edib.
İkinci iranlı rəsmi Ankaranın Suriya müxalifətinə verdiyi dəstək, İranın bölgədəki müttəfiqlərini hədəf alan Qərb ölkələri və İsrailin maraqları ilə uyğunluğuna işarə edərək, “İran Türkiyənin ABŞ və İsraillə bağlı mövqeyindən narazılığını ifadə etdi və öz narazılığını bildirdi" deyib.