Estoniya Rusiya sərhədində yerləşən strateji Narva şəhərində yeni hərbi baza yaratmağa hazırlaşır. Estoniyanın Baş Qərargahı həm eston əsgərlərin, həm də NATO-nun müttəfiq qoşunlarının bazaya yerləşdiriləcəyini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, Estoniyanın ictimai yayımı olan ERR-ə danışan Estoniya Baş Qərargah rəisi, general-mayor Vahur Karus, müdafiə qüvvələrinin Rusiya sərhədindəki Narva şəhərində yeni hərbi baza qurmağı planlaşdırdığını açıqlayıb və bildirib ki, 200-250 Estoniya əsgəri və NATO müttəfiqlərindən olan hərbçilər bazaya yerləşdiriləcək.
Karus bildirib ki, bölmələrin təlim dövründən asılı olaraq ehtiyat əsgərlər də Narvaya göndərilə və həqiqi hərbi xidmətdə iştirak edə bilərlər. Karus müdafiə qüvvələrinin Narvada daimi qoşun yerləşdirməklə mövcudluğunu artırmağı lazım bildiyini və parlamentdəki siyasi partiyalarla danışıqlar zamanı bu təklifin gözlənilməz müsbət qarşılandığını vurğulayıb.
Narva Estoniyanı Rusiyadan ayıran 162 metrlik körpü ilə birləşən Narva çayının sahilində yerləşir. Çayın qarşı tərəfində Rusiyanın İvanoqorod şəhəri yerləşir.
Keçən il Estoniya, Latviya və Litva Rusiya sərhədi boyunca birgə müdafiə xətti yaratmaq qərarına gəliblər. 2025-ci ilin payızında Estoniya sərhəd boyu xəndəklər, beton bunkerlər, tank əleyhinə maneələr və atəş mövqelərindən ibarət ilk müdafiə məntəqələrinin tikintisinə başlayacaq.
Estoniyanın müdafiə naziri Hanno Pevkur bəyan edib ki, “Baltikyanı müdafiə xətti” layihəsi regionda təhlükəsizlik təhdidinə qarşı strateji tədbirdir. “Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə göstərdi ki, Estoniyanı qorumaq üçün bizə təkcə texnika, döyüş sursatı və canlı qüvvə yox, həm də sərhədin birinci metrindən fiziki müdafiə strukturlarına ehtiyacımız var”, - deyə Pevkur bildirib.