Estoniyanı tərk edən Rusiya vətəndaşlarının sayı ilk dəfə olaraq gələnlərin nisbətini ötüb.
Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, son 20 ildə ən aşağı xalis miqrasiya məlumatları qeydə alınıb. 2024-cü ildə Estoniyada cəmi 600 Rusiya vətəndaşı məskunlaşıb. Bu rəqəm 2019-cu illə müqayisədə demək olar ki, üçdə bir azalıb. Eyni zamanda, vətəndaşlığı olmayan şəxslərin ölkəyə marağı azalıb. Estoniya Statistika Departamentindən Krystjan Erik Loikin sözlərinə görə, azalma ölkənin immiqrasiya siyasətinin sərtləşdirilməsi və ümumi olaraq Estoniyaya marağın azalması ilə bağlıdır.
Təkcə ruslar deyil, xaricdə yaşayan Estoniya, eləcə də Finlandiya vətəndaşları Estoniyaya daha az maraq göstərirlər. Əksinə, ölkədən gedənlər arasında 30-44 yaş arasında olan şəxslər çoxluq təşkil edir. Bu yaş qrupunun miqrasiya meyli daha yaxşı yaşayış və iş şəraiti axtarışından xəbər verir. Ən çox üstünlük verilən immiqrasiya istiqamətləri arasında Finlandiya birinci yerdədir, ondan sonra Böyük Britaniya, Almaniya və ABŞ gəlir. Ölkəni tərk edənlərin əksəriyyəti kişilər olsa da, geri qayıdanlar çox vaxt qocalar və azyaşlı uşaqlı ailələrdir.
2022-ci ildə Ukraynadan gələn qaçqın dalğası səbəbindən qısamüddətli əhali artımı yaşayan Estoniya, 2024-cü ildə 17260 nəfər olmaqla rekord əhali itkisi yaşadı. Bu rəqəm son on ildə ən yüksək miqrasiya itkisi olaraq qeyd edildi. Miqrantların aparıcı qrupu 4 min nəfərlə Ukrayna vətəndaşlarıdır. Ukraynadan gələn miqrantların sayı da 2022-ci illə müqayisədə 5 dəfə azalıb.
Bunun əksinə olaraq ölkəyə gələn immiqrantların coğrafi profili də dəyişib. Estoniya 2024-cü ildə ümumilikdə 131 fərqli ölkədən immiqrasiya qəbul edib. İmmiqrantların ən böyük hissəsi Filippin, Özbəkistan və Türkiyədəndir.