Fil sürüsü balanı vuran avtomobili əzdi

10:16 29.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Malayziyada fil sürüsü körpə fili vuran avtomobilə hücum edib. Hadisə nəticəsində ölən və yaralanan olmasa da, avtomobil ciddi şəkildə əzilib.

Hafta.az-ın “The News”a istinadən yazdığına görə, hadisə noyabrın 26-da axşam saatlarında Malay yarımadasının şimal-şərqində yerləşən Terengqanu əyalətinin Gerik bölgəsində baş verib. Bala filin əzildiyini görən sürüdəki beş fil avtomobilə hücum edib. Heyvanların hücumu zamanı avtomobildə üç nəfərin olduğu bildirilib.

CNN-in məlumatına görə, fil körpəsi ayağa qalxdıqdan sonra sürü sakitləşib və ərazini tərk edib.

Gerik Rayon Polis İdarəsinin rəisi Zülkifli Mahmud hadisə zamanı ölən və yaralanan olmadığını bildirib.

Bala filin sağlamlıq durumu ilə bağlı açıqlama verilməyib.

Gerikdə baş verən qəzadan sonra polis sürücülərə fil sürülərinə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib.

Malayziyadakı heyvan hüquqları müdafiəçiləri bildirirlər ki, ölkədə avtomobil yollarının sürətlə genişlənməsi nəticəsində meşələr yox olur və yarımadadakı vəhşi fillər qida axtarışında səyahətə çıxmaq məcburiyyətində qalırlar.

Ölkənin şimalında fillər üçün xəbərdarlıq lövhələri vurulsa da, oxşar qəzalar baş verir.

Fillərin mühafizəsi qrupu, Malayziya Fillərinin İdarə edilməsi və Ekologiyası, 2017-ci ildə bir fil cəsədinin magistral yolun kənarında tapıldığını və sürətlə getdiyi güman edilən avtomobil tərəfindən öldürüldüyünü bildirmişdi.

2020-ci ildə Gerik bölgəsində magistral yolda gəzişən yetkin bir fil siqnal səsindən təşvişə düşərək avtomobili əzmişdi.

Oxunma sayı 149