Füzulinin azad edilməsi ilə yol şəbəkəsi nəzarətə götürüldü – Hərbi ekspert

16:05 18.10.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın şanlı Ordusu 2020-ci il oktyabrın 17-də Füzuli şəhərini işğaldan azad etdi. Ordumuz 1993-cü il 23 avqust işğal tarixinin üstündən xətt çəkərək, 27 il düşmənin tapdağı altında olan qədim bölgəni tamamilə azad edib.

Ümumilikdə Füzulinin azad olunması hansı hərbi əhəmiyyətə malik idi?

Hərbi ekspert Şair Ramaldanov hafta.az-a açıqlamasında bildirib ki, Azərbaycanın müharibə zamanı həyata keçirdiyi bütün əməliyyatlar müharibə planı əsasında mərkəzdən idarə olunurdu və Füzulinin də azad olunması məhz bu planın tərkib hissəsi idi.

“Füzulinin azad edilməsinin bir neçə əhəmiyyəti var. Taktiki cəhətdən döyüşə təsir edən məsələ odur  ki, Füzulinin ətrafındakı yol şəbəkəsi nəzarət altına alındı. Və Füzuli kimi böyük yaşayış məntəqəsi azad olundu. Füzuli mühəndis -istehkamları ilə güclü müdafiə olunan yaşayış məntəqələrdən biri idi. Orada  düşəmənin xeyli texnikası məhv edildi və qənimətlər götürüldü. Demək olar ki, Füzulinin azad olunması Xocavənd, Ağdam, Ağdərə kimi rayonlarda düşmən qüvvəsini mühasirəyə almaq üçün çox əlverişli ərazi idi. Füzuli həmin istiqamətlərdən hansısa qüvvələrin çəkilib cənub istiqamətinə yönəlməsinin  qarşısını alan ərazi idi”.

Ş.Ramaldanov Füzulinin alınmasının bizim hərbçilər üçün mənəvi- psixoloji əhəmiyyət daşıdığını önə çəkib. 

“Hər azad edilmiş ərazimiz, o cümlədən Füzulinin azad edilməsi bizim döyüşçülərdə yüksək  ruh yüksəkliyi yaradırdı. Düşmən isə öz silahını qoyub qaçır, planlı müqavimət göstərə bilmədiyi üçün fərarilik edirdi. Azərbaycan beynəlxalq siyasi arenada dünyaya göstərə bildi ki, öz müharibəsini uğurla aparır, müasir texnikanın tətbiqini tam şəkildə həyata keçirə bilir. Dünya hərbi ekspertləri Azərbaycanın bu müaharibəsini 21-ci  əsrin döyüşlərinə cavab verən müharibə kimi qiymətləndirir.  Füzulinun azad edilməsi Şuşaya gedən istiqaməti daha da etibarlı elədi. Ona görə biz bu gün Şuşaya gedən yeni yolu Füzulidən başlayırıq. Füzulinin əhəmiyyəti böyükdür. Füzuli alınandan sonra digər əməliyyatlar daha sürətlə getdi və biz düşməni diz çökdürə bildik”.

Oxunma sayı 46