Gənc nəslin mənəvi inkişafı – valideynlər nələrə diqqət yetirməlidir?

11:41 26.08.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hər bir ölkənin gələcək inkişafı, tərəqqisi, bütövlüyü böyüməkdə olan uşaqlardan və gənc nəsildən asılıdır. Başqa sözlə, uşaq və gənclərin fiziki və mənəvi inkişafı onların yaşadıqları ölkənin, cəmiyyətin, xalqın inkişafının göstəricisidir. Çünki istənilən uşaq hansı mühitdə böyüyürsə, məhz həmin mühitdə öyrəndiklərini gələcəkdə nümayiş etdirir. Bu baxımdan şəxsiyyətin formalaşdırılmasında təlim-tərbiyənin özünəməxsus rolu var.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Ailə, Uşaq və Qadınların Inkişafına Dəstək İctimai Birliyinin sədri, "Dəcəl Balam" Ailə və Uşaq Mərkəzinin direktoru Dilşad Əhədova hesab edir ki, uşaqların mənəvi inkişafı valideynlərin diqqət və qayğısından başlayır:

"İlk növbədə valideynlər uşaqlarına yetəri qədər zaman ayırmalıdırlar. Çünki uşaqların ehtiyacı olduğu ən böyük hiss sevgi, qayğı və diqqətdir. Bəzən valideynlər elə başa düşür ki, onlar uşaqların bütün ehtiyaclarını ödəyirlər. Məsələn, gözəl geyimlər almaqla, tətilə göndərməklə bunu təmin etmiş olduqlarını düşünürlər. Amma uşaqlar bəzən bu hallardan razı qalmayaraq depressiv vəziyyətə düşə bilirlər. Çünki uşaqların bundan daha çox valideyn qayğısına ehtiyacı var. Təbii ki, hər bir valideyn bunları etməli və uşaqların xüsusilə, təhsilinə diqqət etməlidir, amma bunları öz sevgilərini göstərərək etməlidir. Onlara mütəmadi olaraq vaxt ayırmalıdırlar. İllərdir uşaqlarla işləyən bir şəxs kimi deyə bilərəm ki, bizim hələ uşaqlardan öyrənəcəyimiz çox şeylər var. Müasir dövrə uyğun olaraq uşaqlar daha dərin düşünür, çox tez inkişaf edirlər. Uşaqlar böyüklərdən fərqli olaraq öz haqlarını daha yaxşı tələb etməyi bacarırlar. Uşaqları mənəvi cəhətdən inkişaf etdirmək üçün bir çox yollar var. Valideynlər mütləqdir ki, həftə sonlarını öz uşaqları ilə keçirməlidirlər. Onların istəmədiklərini onlara məcbur etmək düzgün deyil. Onları öz istəklərinə uyğun deyil, uşaqların istəklərinə uyğun və düzgün yöndə istiqamətləndirmək lazımdır, bu daha çox təhsil sahəsində müşahidə olunur ki, bəzən uşaqlar valideyn istəyinə uyğun istiqamətdə təhsilə yönəldilir. Əslində valideynlər çalışmalıdır ki, onları sevdikləri sahəyə yönəltsinlər”.

Mütəxəssis vurğulayıb ki, uşaqlarla ünsiyyət onların mənəvi inkişafı üçün vacib amillərdəndir: " Uşaqlarla ünsiyyət onların mənəvi inkişafı üçün zəruridir. Bu, təməldən olmalıdır. Hər bir ailə süfrə ətrafında bir toplaşılmalıdır və uşaqların maraq dairəsinə uyğun söhbət edilməlidir. Uşağa bir fərd kimi yanaşılmalıdır. Çünki bunların hamısı mənəvi dəyərlədir və bunu insanlarda uşaqkən formalaşdırmaq lazımdır. Valideynlər uşaqlarının ətrafını, kimlərlə dostluq etdiyini bilməlidir. Hər bir valideyn bilməlidir ki, övladının ən yaxın dostu elə özlər olmalıdır. Bütün bunlar uşaqların gəncliyi və gələcəyi üçün önəmlidir. Çünki bəzən gənc yaşlarında belə düzgün ünsiyyət qurmaq bacarığına sahib ola bilmirlər ki, bu da təməldən gələn problemlərdir. Uşaqların mənəviyyatını zənginləşdirmək ilk növbədə sevgi və qayğıdan başlayır. Yəni, uşaqları mənəvi cəhətdən tox böyütmək lazımdır ki, gələcəkdə kamil şəxsiyyət olsunlar. Mənəvi cəhətdən ac olan uşaq gələcəkdə də ciddi problemlər yaşayır”.

D. Əhədova həmçinin vurğulayıb ki, bu gün valideynləri narahat edən məsələlərdən biri uşaqların telefon və planşetlərdən həddindən artıq istifadə etməsidir: “Bilirik ki, internetdə kifayət qədər ziyanlı informasiyalar mövcuddur. Ziyanlı informasiyalar uşaqların mənəvi və fiziki inkişafına çox böyük təsir göstərir. Əgər uşaq ziyanlı informasiyalar eşidirsə, bu o deməkdir ki, onun beyni özündən asılı olmayaraq ancaq ziyanlı tərəfə işləyir. Ona görə də həm valideynlər, həm də məktəb və bağçalar bu istiqamətdə vacib işlər görməlidir. Uşaqlarımız vətənpərvər ruhda şeirlər, kitablar oxumalıdır. Bunu həm valideynlər, həm də müəllimlər uşaqlara aşılamalıdırlar. Düzdür, indi bütün ailələrdə kompüter, telefon, planşet var, uşaqları bunlardan tamamilə uzaq tutmaq mümkün deyil. Amma uşaqlara əvvəlcədən nəyə baxmağı və nəyə baxmamağı  başa salmalıdırlar. Eyni zamanda, valideynlər çalışmalıdır ki, uşaqların sevimli məşğuliyyəti olsun, yaxud övladlarını hər hansı bir maraqlı kursa, idmana göndərsinlər. Uşaqların hobbilərini bilmək və buna uyğun onları yönəltmək lazımdır. Tutaq ki, bir uşaq futbola, voleybola maraqlıdır. Onu həmin idman növləri üzrə məşqə yazdırmaq olar. Bu uşağın ən az 3 saat vaxtını alacaq. Nəticədə uşaq evə yorğun gələcək, ya ümumiyyətlə, telefona baxmayacaq, ya da baxmaq üçün daha az zamanı qalacaq. Yəni, uşaqları bu informasiyalardan qorumaq üçün onları boş qoymaq olmaz. Uşağın günlük bölgüsü olmalı, kitab oxumalı, idman etməli, bir sözlə sağlam ruhda böyüməlidir. Bəzən valideynlər deyirlər ki, mən uşağı müxtəlif fənlərdən kurslara yazdırmışam. Düzdür, kitab oxumaq uşağın mənəvi inkişafında çox böyük rola malikdir. Amma uşağın idmanla məşğul olması onun fiziki inkişafı və sağlamlığı üçün vacibdir. Onu başa düşmək lazımdır ki, nəinki uşaq, ümumiyyətlə, insan psixologiyası belədir ki, o mütləq fiziki aktivitələrlə məşğul olmalıdır. İnsan hansısa fiziki aktivitə ilə məşğul olanda beyin hüceyrələri açılır və daha yaxşı öyrənir.Valideynlər əmin olsunlar ki, əgər uşaqları hansısa fiziki aktivitə ilə məşğul olsalar, onda dərsi də daha yaxşı qavrayacaqlar”.

Məsələyə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu bizimlə söhbət zamanı qeyd edib ki, bu gün yeni nəslin daha arzuolunan şəkildə formalaşmasına yardım  etmək imkanlarımız kifayət qədər genişdir. Amma bu məsələdə davamlı iş aparılmalıdır: “Mən bunu bir neçə dəfə də vurğulamışam. Bu istiqamətdə araşdırmalarım da var və 2 il əvvəl "Ömrün uğurlu bünövrəsi" adlı kitabım da çap olunub. Kitabda 6 yaşadək uşaqların necə tərbiyə olunması barədə yazılıb. Hazırda yeni kitab üzərində işləyirəm. Həmin kitabın mövzusu isə yeni nəslin keyfiyyətinin arzuolunan şəkildə olub-olması ilə bağlıdır. Bunun üçün üç əsas şərt ödənməlidir. İlk şərt odur ki, yeniyetmə və gənclərimiz fiziki cəhətdən sağlam olmalıdır. Təəssüf ki, bununla bağlı problemlər mövcuddur. Bu problemlərin bir qismi maddi vəziyyətdən, digər qismi gənclərin davranışından, sağlamlıq mədəniyyətindən, öz sağlamlıqlarını necə qorumasından, bu sahədəki təcrübələrindən asılıdır. Təəssüf ki, bu sahədə nə valideynlər övladlarını lazımi şəkildə maarifləndirə, öyrədə bilir, nə də təhsil sistemi buna önəm verir. Avropa, şərq ölkələrində buna daha çox önəm verirlər. Məktəblərində aşağı sinifdən sağlamlıq, qida mədəniyyəti ilə bağlı kifayət qədər bilik və təcrübələr verilir. Amma bizim gənclərdə bu barədə təsəvvür yoxdur. Məsələn, hansı yeməyi olar, hansı yemək fiziki sağlamlığa ziyandır kimi məqamlarla bağlı iş getmir. İkincisi, bizim gənclərin mənəvi zənginliyinə diqqət ayrılmır. Mənəvi zənginliyin olması üçün insan savadlı olmalıdır. Savad mənəvi zənginlik baxımından çox böyük rol oynayır. Bu gün bu məsələyə diqqət etmirik. İnsanlarımız öz tarixini yaxşı bilmir. Üçüncü şərt də odur ki, bizim yeni nəsildə əməyə yaradıcı münasibət tələbatı üzərində çalışmalıyıq. İnsanlar nə qədər əmək sərf edirlərsə, harada iş görürlərsə, bu işi daha gözəl icra etmək tələbatı yaranmalıdır. Biz bu istiqamətdə də heç bir iş aparmırıq. Amma onu da unutmaq olmaz ki,yeni nəslin inkişafında təkcə təhsil sistemi, valideyn yox, həm də gənclər özləri çalışmalıdırlar. İstəyirəm ki, böyüyən yeni nəsil fiziki cəhətdən sağlam olsun. Bu istiqamətdə həm müəyyən strukturların üzərinə vəzifə düşür, həm də həmin nəslin özünün davranışından asılıdır. Bu sahədə ciddi düşünülməli, addımlar atılmalıdır. Elmə əsaslanan fəaliyyət proqramı hazırlanmalı, proqramda valideynlərə necə işləmək lazım olması qeyd olunmalıdır. Təhsil sistemi, qanunvericilikdə hansı dəyişikliklərin edilməsi, uyğun qurumların üzərinə düşən öhdəliklər qeyd olunmalıdır. Bütün bunları bir proqramda toplayaraq həyata keçirmək olar. Çünki bunlar hamısı bir vəhdətdir. Fiziki cəhətdən sağlam bədən olmalıdır ki, mənəvi cəhətdən də sağlam olasan. Yəni, bu istiqamətdə iş paralel aparılmalıdır”.

Oxunma sayı 4612