Gender mədəniyyəti - əlavə tədbirlərə ehtiyac varmı?

13:21 30.03.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Müasir cəmiyyətdə gender bərabərliyinin təmin olunması əsas prinsiplərdən biridir. Qeyd edək ki, əhalisinin əksəriyyətini qadınlar təşkil edən Azərbaycanda da gender mədəniyyəti prioritet məsələlərdəndir. Gender mədəniyyətinin inkişafi hüquqi dövlət və demokratik cəmiyyətin mədəni yüksəlişinin əsas strateji istiqamətlərindən sayılır. Demokratik dövlətdə gender mədəniyyəti dövlət və cəmiyyətin idarə edilməsi və ictimai münasibətlərin tənzimlənməsinin mühüm alətidir. Cəmiyyətdə bərabərhüquqlu münasibətlərin formalaşdırılması, cəmiyyətin  rifah və davamlı inkişaf tələblərinə cavab verərək, insanların sosial fəallığını  artırır, şəxsiyyətin ahəngdar inkişafi və özünütəkmilləşdirməsinə şərait yaradır. Mədəniyyətin ən mühüm sosial institutlarından biri olan gender mədəniyyətinin məzmunu cəmiyyətin  xarakteri, ruhi və maddi mədəniyyəti, vətəndaşların psixoloji aurası ilə birgə dəyişir.

Gender mədəniyyəti dedikdə, kişi ilə qadın arasında şəxsiyyətlərarası münasibətləri, ailə və ictimai institutların qarşılıqlı təsirini səciyyələndirən sosial münasibətlərin davamlı inkişafda olan sistemi başa düşülür. Gender  sosial-mədəni anlayış olmaqla, şəxsiyyət və cəmiyyətin yüksək etik mədəniyyəti  ilə sıx bağlıdır. O, kişi və qadın arasındakı bioloji fərqlərlə yanaşı, mental, emosional, təfəkkür və davranış fərqləri, həyatda onların sosial rollarının bölünməsi haqqında təsəvvür yaradır.

Xatırladaq ki, Azərbaycanda gender bərabərliyi "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunla tənzimlənir. 2006-cı ildə Prezident İlham Əliyev tərəfindən təsdiqlənərək qüvvəyə minən bu qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir. Bu qanunun 5-ci Maddəsində "Gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri”, 6-cı Maddəsində isə "Gender bərabərliyinin təmin edilməsində dövlətin vəzifələri” açıq şəkildə göstərilib. Qeyd olunub ki, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilərlə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi üçün dövlət müxtəlif tədbirlər görür.

Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda əhalinin 50.1 faizini qadınlar təşkil edir. Ölkədə iqtisadi fəal əhalinin 48.6, məşğul əhalinin isə 48.1 faizi qadınlardan ibarətdir. Burada maraqlı məqam ondan ibarətdir ki, əməkqabiliyyətli yaşda hər 100 kişidən 78 nəfəri, hər 100 qadından isə 63 nəfəri iqtisadi cəhətdən fəaldır. İqtisadi cəhətdən qeyri-fəal, heç bir rəsmi fəaliyyətə cəlb edilməyən qadınların 632 min nəfəri ev işlərini yerinə yetirən, uşaqlara və digər ailə üzvlərinə qulluq edənlər, yəni, “evdar” statusu olanlardır. Bu kateqoriyadan olan kişilərin sayı isə 33 min nəfərdir. Rəsmi göstəricilərə görə qadın işsizlərin sayı da kişilərə nisbətən 40 faiz çoxdur.

Bəs, görəsən, Azərbaycanda gender mədəniyyətinin yüksəldilməsi üçün əlavə tədbirlərə ehtiyac varmı?

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra qadın hüquqlarının qorunması üzrə demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulub:

“1992-ci ildə Azərbaycan Respublikası BMT-nin “Qadınların siyasi hüquqları” üzrə konvensiyasına, 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə konvensiyasına, 2000-ci ildə isə onun əlavə protokoluna qoşulub. Azərbaycan hökuməti gender siyasəti sahəsində müəyyən nailiyyətlər əldə edib. Gender siyasətinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli fərmanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitənin əsas məqsədləri - qadınların hüquqlarının qorunması və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasıdır. Azərbayanda 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun qəbul olunub. Qanunun əsas məqsədi kişi və qadınların ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır. Hazırda gender məsələləri üzrə məsul şəxslər demək olar ki, bütün hökumət strukturlarında və Azərbaycanın bütün rayonlarının icra hakimiyyəti orqanlarında fəaliyyət göstərirlər. Bir çox qurumlarda onlar mütəxəsis səviyyəsində, bəzilərində isə hətta sədr, nazir müavini və nazir məsləhətçisi səviyyəsində fəaliyyət göstərirlər. Yəni, son illər gender bərabərsizliyi ilə bağlı statistika yaxşılığa doğru dəyişməkdədir. Bu qadınlarımızın cəmiyyətin bütün sahələrində fəal mövqe tutmasının göstəricisi sayıla bilər. Məsələn, hazırda Azərbaycanda səlahiyyətlərinə görə, Prezidentdən sonra ikinci şəxs olan I vitse-prezident vəzifəsini qadın icra edir. Bu post 2017-ci ildə yaradılıb və buraya ölkənin Birinci xanımı Mehriban Əliyeva təyin edilib. Bundan başqa, Azərbaycanda Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri və İnsan Hüquqları üzrə Müvəkkil – Ombudsman, Dövlət İmtahan Mərkəzi postlarını illərdir qadınlar icra edir. Ötən il keçirilən parlament seçkisində Milli Məclisə 22 qadın deputat seçilib. Parlamentdə qadınlar iki komitəyə rəhbərlik edirdilər. Eyni zamanda, Milli Məclisin sədri qadındır. Eləcə də hüquq-mühafizə və məhkəmə orqanlarında, diplomatik sahədə çalışan qadınlarımızın sayı ildən-ilə artmaqdadır.

Problemlərdən biri kimi qadın sahibkarlığının nisbətən zəif inkişaf etməsini, dövlət qulluğunda qərarvermə səviyyəsində qadınların azlığı, siyasi iştirakçılıq məsələlərində qadınlarımızın fəal olmamasını göstərmək olar. Lakin sevindirici hal ondan ibarətdir ki, son illər bu istiqamətdə də müsbət nəticələr əldə olunmaqdadır”.

Ekspert bununla yanaşı bildirib ki, cəmiyyətdə gender mədəniyyətinin daha da yüksəldilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsinə, bəzi hüquqi normativ sənədlərə düzəlişlər edilməsinə ehtiyac var: “Məsələn, ən diqqət yetirməli olan məsələlərdən biri qadınlarımızın daha çox spesifik sahələrə meyl göstərməsidir. Qadınlar sanki, proqramlaşdırılmış kimi, tibb, təhsil, mədəniyyət-incəsənət, iaşə sahələrini seçirlər. Halbuki Azərbaycan Respublikası Konstitusiyasında qadın və kişilərin eyni hüquq və azadlıqlara malik olduqları, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə və iş yeri seçmək hüququnun olduğu təsbit edilib. Buna baxmayaraq bəzi sahələrdə kişilərin sayı qadınlardan dəfələrlə çoxdur. Elə sahələr də var ki, orada ancaq kişiləri görmək mümkündür  və yaxud da əksinə. Bəzi sahələrdə qadınların sayı kişilərin sayını dəfələrlə üstələyir. Məsələn, təhsil və səhiyyə sahəsində qadınların, idarəetmə, hüquq mühafizə orqanları, məhkəmə sistemində kişilərin sayı daha çoxdur. Təbii ki, bunun əsas səbəbi cəmiyyətdəki bəzi stereotiplərdir. Əslində, peşələr arasında qadın və kişi fərqinin qoyulması da gender bərabərliyinin pozulmasıdır. Bu istiqamətdə müəyyən boşluqlar mövcuddur. Ona görə də qanunvericiliyin təkmilləşməsi zəruridir, 2006-cı ildə qəbul olunan qanuna və digər nornativ-hüquqi aktlara yenidən baxmaq olar. Əsas məsələ əlverişli mühit yaradılması və cəmiyyət səviyyəsində yanaşmanın dəyişməsidir. Biz hər şeyi süni şəkildə də irəli aparmağa çalışmamalıyıq. Bu çox ziyanlıdır. Elə bir mühit yaratmalıyıq ki, qadınlarımız özlərinə layiq olduqları yeri tuta bilsinlər. Bunun üçün isə cəmiyyətin bütün təbəqlərinin səyi lazmdır”.

Oxunma sayı 139