Geoparklara turistlərin böyük marağı var – Mütəxəssis

18:25 20.01.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ölkəmizdə geoparkların yaradılması üçün geniş perspektivlər var.

Bu fikirləri hafta.az-a Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun Geotektonika və regional geologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru Tələt Kəngərli bildirib:

 “Azərbaycanda  geoparkların yaradılması üzrə ilkin addım hələ 2007-ci ildə atılıb. Belə ki, həmin il AMEA-nın Geologiya və Geofizika İnstitutunun təklifi ilə Bakı və Abşeron yarımadası palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu yaradılıb. Bu istiqamətində növbəti addım cənab Prezident İlham Əliyev və ölkə hökuməti tərəfindən 2008-ci ildə atılıb, bununla əlaqədar Nazirlər Kabinetinin 22 avqust 2008-ci il 299 saylı Sərəncamı ilə  “Azərbaycan Respublikasında nadir geoloji obyektlərin qorunması və davamlı istifadəsinə dair 2009-2012-ci illər  üzrə Tədbirlər Planı” təsdiq edilib. Bu plan çərçivəsində Geologiya və Geofizika İnstitutu tərəfindən ölkənin ayrı-ayrı regionlarında geosaytların inventarizasiyası aparılmış və paleontoloji-stratiqrafik, tektonik, geomorfoloji, mineraloji-petroqrafik, hidroloji, hidrogeoloji və tarixi-dağmədən kateqoriyalı 484 geoloji obyektin varlığı aşkar edilib. Müəyyən edilib ki, UNESCKO-nun və ProGEO-nun tələblərinə cavab verən beynəlxalq səviyyəli milli parkların yaradılması baxımından Azərbaycan böyük potensiala malikdir. Bunlar, ilk növbədə Naxçıvan MR-in Şahbuz-Ordubad regionu, Abşeron yarımadasının Qırməki sahəsi, Cənub-Şərqi Qafqazın Xaltan və Qəbələ-İsmayıllı əraziləri, həmçinin Kiçik Qafqazın şimal-şərq yamacındakı Gədəbəy-Daşkəsən regionudur”.

Mütəxəssis vurğulayıb ki, bu istiqamətdə dövlət səviyyəsində aparılan işlər təxminən 2 ilə yekunlaşa bilər: “Hazırda bununla bağlı müvafiq tədbirlər görülür. Geoparkların yaradılması ölkəyə turistlərin cəlb edilməsi baxımından da əhəmiyyətlidir. Bu gün dünyada təxminən 300-dən çox geoparklar fəaliyyətdədir. Müşahidələr onu deməyə əsas verir ki, bu parklara turistlərin böyük marağı var. Biz də ölkəmizin mövcud potensialından istifadə etməklə geoturizmin sahəsində ciddi nailiyyətlər əldə edə bilərik ”.

Oxunma sayı 28