Görmə qabiliyyəti demensiyanı 12 il öncədən xəbər verə bilər

10:30 15.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Gözün həssaslığının azalması demans diaqnozu qoyulmazdan 12 il əvvəl beyində geriləmə getdiyini göstərən əlamət ola bilər.

Hafta.az-ın yazdığına görə, Böyük Britaniyanın Norfolk bölgəsində yaşayan 8623 sağlam insanın araşdırıldığı tədqiqatda, göz problemlərinin zehni geriləmənin erkən əlaməti ola biləcəyi müəyyən edilib.

“Scientific Reports” elmi jurnalında dərc edilən araşdırmada 2004-2011-ci illər arasında 48-92 yaş arası iştirakçılar izlənilib. Tədqiqatın əvvəlində iştirakçılar gözlərinin həssaslığını ölçmək üçün sınaqdan keçirilib və hərəkət edən nöqtələr sahəsində üçbucağın göründüyünü görən kimi düyməni basmaları istənib.

Araşdırmanın sonunda 537 iştirakçının demensiyaya başladığı müəyyən olunub və bu insanların üçbucağı demans olmayanlara nisbətən çox yavaş gördüyü qeyd edilib.

Tədqiqatçılar bunun səbəbi Alzheimer xəstəliyi ilə əlaqəli amiloid lövhələrinin ilk olaraq beynin görmə ilə əlaqəli hissələrinə təsir etdiyini söyləyirlər.

Demans beyin funksiyalarının davamlı azalması ilə əlaqəli simptomları ifadə edərkən, Alzheimer demans növləri arasında olan xəstəlikdir. Alzheimer adətən yaddaş problemləri ilə fərqlənir, lakin yeni araşdırma aparan tədqiqatçılar görmə qabiliyyətini ölçən testlərin erkən diaqnoz qoymağa imkan verə biləcəyini düşünürlər.

Loughborough Universitetindən Eef Hogervorst, Əhməd Begdə və Tom Uilkoçson araşdırmalarını izah etmək üçün “Conversation”a yazdıqları məqalədə bu ifadələrdən istifadə etdilər: "Alzheimer xəstəliyində obyektlərin konturlarını görmə qabiliyyəti (kontrast həssaslıq) və müəyyən rəngləri ayırd edə bilmə qabiliyyəti (mavi-yaşıl spektri görmək) demansın erkən əlamətidir. Vizual işləməyə təsir edən başqa məqamlar da var ki, bunlar dərhal fərqinə varmadan insanın həyatına təsir edə bilər".

Tədqiqatçılar həmçinin bildirirlər ki, demans xəstələri tanış olduqları yeni insanların üzlərini düzgün skan etmirlər. Tədqiqat müəllifləri deyirlər ki, sağlam insanlar indicə gördükləri birinin üzünü yadda saxlamaq üçün gözdən burnuna və ağzına qədər skan prosesi həyata keçirirlər: “Əslində demans xəstələri ilə işləyən bəzi həkimlər anlayırlar ki, onlarda demensiya var. Onlar ətrafı, o cümlədən yeni tanış olduqları insanların üzlərini skan edərək yadda saxlaya bilmirlər", - bildirilib.

Alzheimer xəstələrinin diqqəti yayındıran stimullara məhəl qoymamaqda çətinlik çəkdiklərini ilkin bir simptom olaraq görən elm adamları bunun bir göz hərəkətinə nəzarət problemi olaraq ortaya çıxa biləcəyini söyləyirlər.

Tədqiqatçılar hazırda göz hərəkətlərinin yaddaşı yaxşılaşdırmağa kömək edib-etmədiyini öyrənmək üçün testlər aparırlar. Digər tərəfdən, o, hazırda göz hərəkətlərinin ölçülməsi üçün istifadə edilən texnologiyaların bahalı və mürəkkəb olduğunu, bunun da maneə yaratdığını bildirir: “Alzheimerin erkən mərhələsində diaqnoz qoymaq üçün göz hərəkətlərindən istifadə etmək daha ucuz və istifadəsi asan olana qədər laboratoriyadan kənarda mümkün deyil".

Oxunma sayı 188