Gürcüstanda fəhlələr sosial tələblərlə tətilə başladı...

10:42 23.03.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rustavi Metallurgiya Zavodunun iki polad prokat sexinin 150-yə yaxın işçisi maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətilə çıxıb.

Hafta.az-ın  “Kavkazssi uzel” nəşrinə istinadla verdiyi xəbərdə deyilir ki, fevralda Rustavi Metallurgiya Zavodunun 250-yə yaxın işçisi maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyası keçirib. Zavod rəhbərliyi ilə danışıqlardan və həmkarlar ittifaqı təşkilatlarının iştirakı ilə bəzi metallurqlar işə qayıdıblar.

Bu dəfə isə Rustavi Metallurgiya Zavodunun 150-yə yaxın işçisi əmək haqqının artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətilə başlayıblar.

 “Novosti-Qruziya” martın 22-də müvafiq həmkarlar ittifaqının sədri Temur Suramelaşviliyə istinadla yazıb ki, tətil səbəbindən müəssisənin işi tamamilə dayandırılıb.

Onun sözlərinə görə, işçilər əmək haqqının 500 lari (180 ABŞ dolları) artırılmasını, əməyin mühafizəsi standartlarının təkmilləşdirilməsini, yeməkxanada sanitar normaların yaxşılaşdırılmasını, qida rasionunda dəyişiklik edilməsini, kollektiv müqavilənin bağlanmasını və iş vaxtından artıq işə görə 50 faiz mükafat verilməsini tələb edirlər. Həmkarlar ittifaqları 21 günlük tətil barədə şirkət rəhbərliyini əvvəlcədən xəbərdar edib.

Bundan əvvəl metallurqlar oxşar tələblərlə şirkət rəhbərliyinə müraciət etmişdilər. Administrasiya dörd ay ərzində maaşların mərhələli şəkildə 160 lari (57 dollar) - 40 lari artırılmasını təklif edib, lakin işçiləri bu şərtlər qane etməyib.

Rustavi Metallurgiya Zavodu armatur və tikişsiz yüksək təzyiqli borular istehsal edir, müəssisədə 1500-ə yaxın işçi çalışır. Zavod Hollandiyada qeydiyyatdan keçmiş "Tolanius Beheer B.V." şirkətinə məxsusdur, o, Britaniyanın özəl kapital şirkəti olan "Hunnewell Partners"-in törəmə şirkətidir və "İmedi" və "Liberty Bank" media holdinqlərinin də sahibidir...