Hansı heyvanlar güzgüdə özlərini tanıyır?

09:38 13.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Canlı məxluqun güzgüdə özünü tanıması, özünü dərk etmənin, yəni özünü başqalarından fərqləndirmə qabiliyyətinin göstəricisi hesab olunur.

Hafta.az-ın “Live Science”a istinadən yazdığına görə, zəka qabiliyyəti ilə əlaqəli olan özünüdərketmə bəzi heyvanlarda, eləcə də insanlarda mövcuddur. Bu bacarığı ölçmək üçün 1970-ci illərdən bəri müxtəlif heyvanlar güzgü ilə sınaqdan keçirilir. Bu test adətən heyvanı anesteziya edib bədəninə işarə çəkməklə və ya yapışan kağız yapışdırmaqla həyata keçirilir.

Heyvan yuxudan oyandıqdan sonra güzgüdə işarənin onun bədəninə aid olmadığını görsə və onu çıxarmağa çalışsa, o, imtahandan keçmiş sayılır.

Emori Universitetinin primatoloqu Frans de Vaal deyir: "Bir çox heyvanlar sınaqdan keçə bilmirlər: Onlar heç bir təlim və ya mükafat almadan özbaşına vizual işarəni yoxlamalıdırlar. Bu, kortəbii olmalıdır”.

Dörd şimpanze 1970-ci ildə De Vaalın müəyyən etdiyi meyarlar əsasında həyata keçirilən güzgü testində uğurlu nəticələr göstərdi. Sonrakı illərdə oranqutan, bonobo və qorilla kimi primatlar da güzgü testindən keçdi.

Meymunlar tez-tez öz əksini başqa bir heyvanla səhv salsalar da, bəzi araşdırmalar onların güzgü testindən keçdiyini göstərir. Ancaq bu heyvanların sınaqdan əvvəl təlim keçməsi tapıntılara kölgə salır.

Delfinlərin güzgüdə özlərini tanıya bildikləri ilk dəfə 2001-ci ildə nümayiş etdirildi. 2018-ci ildə aparılan araşdırmada məlum olub ki, bu məməlilər 24 aylıq olarkən güzgü testindən keçə bilirlər. İnsanlar adətən 18-24 aylıq yaşlarında güzgüdə özlərini fərqləndirə bilirlər. Tədqiqata daha gənc delfinlər daxil edilmədiyi üçün bu heyvanların insanlardan əvvəl özünüdərk etmələri də mümkündür.

Nyu Yorkdakı Bronks zooparkında yaşayan Happi, güzgü testindən keçən ilk fildir. 2005-ci ildə keçirilən sınaqda zooparkdakı digər iki fil başlarına qoyulan işarə ilə maraqlanmasa da, güzgüdə özlərini tanıma əlamətləri göstəriblər.

2024-cü ildə siçanlar üzərində aparılan araşdırmada heyvanlar yalnız güzgüdə görünən hissələrin boyasını çıxarmağa çalışıblar.

Bu arada elm adamları siçanların beyinlərini də izləyib və bəzi beyin hüceyrələrinin aktivləşdiyini müşahidə ediblər. Bənzər bir beyin bölgəsinin insanlarda özünü tanıma ilə əlaqəli olub olmadığı hələ məlum deyil.

2022-ci ildə vəhşi pinqvinlərlə aparılan araşdırmada, heyvanların güzgüdə özlərini tanıya bilməsi ilə bağlı əlamətlər əldə edilib.

Siçanlar və qarışqalar kimi daha primitiv hesab edilən heyvanlar güzgü testindən keçərkən, boz tutuquşu kimi yüksək zəkaya malik canlıların keçə bilməməsi özünüdərketmə qabiliyyətini ölçmək üçün istifadə edilən bu üsulu sual altına qoyur.

"Güzgü testi özünüdərketmənin bir aspektinin göstəricisi ola bilər" deyən Kardiff Universitetinin koqnitiv psixoloqu Ellen O'Donoghue deyir: "Özünü dərk etməyə hər şey və ya heç nə kimi baxmaq meyli var. Bu, yəqin ki, doğru deyil”.

Amerika mərkəzli qeyri-hökumət təşkilatı Nonhuman Rights Project də güzgü testindən keçən Happinin insan olduğu səbəbilə zooparkda saxlanıla bilməyəcəyini iddia edərək məhkəməyə müraciət edib. Bununla belə, Nyu-York Apellyasiya Məhkəməsi işə baxmağa razılıq versə də, filin insan olmadığını əsas gətirərək, onun zooparkda qanunsuz saxlanılması iddiasını rədd edib.