Həftənin BƏYANATI - Həftə-reytinq  

11:47 17.04.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“Mən öz xalqımdan heç nəyi gizlətmirəm, hesab edirəm ki, Azərbaycan xalqı hər şeyi bilməlidir. Biz Rusiya Prezidenti Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə etmişik. Mənim tapşırığımla Azərbaycan Müdafiə Nazirliyi fotolarla birlikdə sübutların olduğu rəsmi məktub göndərib. Lakin hələlik biz heç bir cavab almamışıq”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Rəsmi Yerevanın raketlər barədə bəyanatını qəribə adlandıran İlham Əliyev deyib: “Onlar gah partlamamış raketlər haqqında danışır, gah da bunun sirr olduğunu deyirlər. Deməli, hər halda istifadə olunub. Biz Ermənistandan rəsmi cavab gözləyirik. Deyə bilərəm ki, bizdə yetərincə məlumat var, amma biz rəsmi açıqlama gözləyirik”.

 

Həftənin ŞÖHRƏTLİSİ

Azərbaycan Prezidenti İlham Əliyev Fəzail İbrahimlini təltif edib.  Dövlət başçısının sərəncamı ilə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Fəzail Feyruz oğlu İbrahimli “Şöhrət” ordeni ilə təltif edilib. Qeyd edək ki, Milli Məclisin sədr müavini olan F. İbrahimlinin bu gün 70 yaşı tamam olur.

 

Həftənin CAVABI

Azərbaycan XİN-in Mətbuat xidməti idarəsi Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə parlamentində söylədiklərinə dair şərh verib. 

“N.Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil. Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:

“ Yurdumuzu çiynəyən

Sayğısız hər kim olsa.

İnan ki, çox sürmədən,

Diz çökəcək qarşıda”.

 

Həftənin SƏHVİ

ABŞ Prezidenti Co Bayden ölkələr arasındakı münasibətlərə dair çıxışı zamanı ilk dəfə Rusiya Prezidenti Vladimir Putinin adını səsləndirə bilməyib. Tədbir Ağ Evin yutub hesabında yayımlanıb. ABŞ lideri danışmağa başlayarkən Putini səhvən “Prezident Klunin” adlandırıb. Daha sonra Bayden dərhal səhvini düzəldib. Qeyd edək ki, ABŞ Prezidenti 15 apreldə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilməsi ilə bağlı fərman imzalayıb.

 

Həftənin MÜTTƏHİMİ

Separatçı rejim qalıqlarının “başçı”sı Araik Arutyunyan cinayət işlərinin biri ilə bağlı sorğuya çağırılacaq. Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, onun barədə cinayət işi Ermənistan Cinayət Məcəlləsinin 312-ci maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə (konstitusiya quruluşunun devrilməsi) başlanılıb. A. Arutyunyanın nə zaman dindiriləcəyi barədə əlavə məlumat veriləcəyi qeyd olunub.

 

Həftənin BOŞANMASI

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş 11 ildir evli olduğu həbsdə olan iş adamı Rza Zərrabdan boşanır. Sənətçi Bodrum Ailə Məhkəməsinə müraciət edərək həyat yoldaşı tərəfindən xəyanətə məruz qaldığını bildirib. “Həyatında başqa qadınlar var”,- deyə sənətçi ərizəsində yazıb. Qeyd edək ki, E.Gündeş iş adamı ilə 2010-cı ildə ailə qurub, bir il sonra cütlüyün Alara adını verdikləri qızları dünyaya gəlib.

 

 

Oxunma sayı 2113