Həftənin MƏKTUBU - Həftə-reytinq 

12:28 12.08.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İtaliyanın Milan şəhəri yaxınlığında poçt mərkəzində Roma papası I Fransiskə ünvanlanmış və içərisində üç güllə olan zərf aşkar edilib. Zərfin içərisində, həmçinin Vatikanın maliyyə əməliyyatları ilə bağlı xəbərdarlıq yazısı yer alıb.  Zərf İtaliya polisi tərəfindən müsadirə olunub. Hazırda insidentlə bağlı araşdırma aparılır. İlkin məlumatlara əsasən, məktub Fransadan göndərilib.

 

Həftənin TƏŞƏKKÜRÜ

Yunanıstan Xarici İşlər Nazirliyi Azərbaycana təşəkkür edib. Bu barədə nazirliyin tvitter hesabında məlumat paylaşılıb. “Azərbaycana meşə yanğınlarında Yunanıstana dəstək və həmrəylik nümayiş etdirdiklərinə görə səmimi minnətdarlığımızı bildiririk”, - XİN-dən bildirilib. Qeyd edək ki, Yunanıstan temperaturun kəskin artması fonunda müşahidə olunan meşə yanğınları ilə mübarizə aparır.

 

Həftənin ARZUSU

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp yenidən ölkə prezidenti olmaq niyyətindədir. Bu barədə məlumatı Trampın keçmiş mətbuat katibi Şon Spayser açıqlayıb. Onun sözlərinə görə, D.Tramp 2024-cü ildə prezident seçkiləri ilə bağlı kampaniyada iştirak etmək istəyir. O həmçinin əlavə edib ki, Trampın sözügedən bu kampaniya üçün 102 milyon dolları var və Tramp öz yüksək reytinqini qorumaq üçün çalışıb. Qeyd edək ki, D.Tramp özü hələ bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

 

Həftənin PUASI

ABŞ-a məxsus PUA texniki nasazlıq səbəbindən Şimali Dakota ştatında yerə çırpılıb. “Global Hawk” PUA-nın düşdüyü yerdə yanğın baş verib. Yanğın qısa müddətdə söndürülüb. Yerə çırpılan PUA 130 milyon dollar dəyərində olub. Qeyd edək ki, “Global Hawk” ABŞ Hava Qüvvələrinin 18 ayda qəzaya uğrayan üçüncü PUA-sıdır.

 

Həftənin ETİRAFI

“Xankəndini tərk edirsən və dəli olursan, hər yerdə Azərbaycan bayraqlarıdır”. Bu barədə narahatlığını erməni separatçı rejimin “deputat”ı Metakse Akopyan feysbuk səhifəsində bildirib. “Yolda üç azərbaycanlı dayanıb böyürtkən yeyir. Şuşa tamamilə dəyişib və eybəcər olub. Siz isə Araik (Arutyunyan) və Nikol (Paşinyan), asfalt çəkirsiz, camaatın başına çəkic atırsız, yalan danışırsız, yalan, yalan, yalan... Bu, sizcə xilas edəcək?”.

 

Həftənin TRANSFERİ

Lionel Messinin PSJ-yə keçidi rəsmiləşib. Bu barədə Paris klubu rəsmi məlumat yayıb. Məlumata görə, ulduz futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. Argentinalının yeni klubunda illik maaşı 35 milyon avro olacaq. O, PSJ-də 30 nömrəli forma ilə çıxış edəcək. Qeyd edək ki, məşhur futbolçu 21 il Barselona klubunun şərəfini qoruyub, çoxsaylı mükafatlar əldə edib.

 

Həftənin milyarderi

Dünyaca məşhur pop müğənnisi Rihanna rəsmi olaraq milyarder elan edilib.  Bu haqda məlumatı “Forbes” yayıb. Qeyd olunub ki,  Rihannanın hazırkı sərvəti 1,7 milyard dollar təşkil edir.  Bildirilib ki, sənətçi hazırkı sərvətinin əsas hissəsini (təqribən, 1,4 milyard dollar) 2017-ci ildə əsasını qoyduğu “Fenty Beaty” kosmetik şirkəti sayəsində qazanıb. Bununla yanaşı, Rihanna alt geyimlərinin istehsalı şirkəti olan “Savage x Fenty”də də hissələrə sahibdir. Şirkətin dəyəri 270 milyard dollar təşkil edir. İfaçı geri qalan sərvətini müğənni və aktrisa olaraq fəaliyyətlərindən əldə etdiyi gəlirlərdən toplayıb.

Oxunma sayı 122