Həftənin QƏRARI - Həftə-reytinq

14:00 20.02.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında 1 saylı Protokolun təsdiq edilməsi barədə” qanunu  təsdiqləyib.

 

Həftənin TƏLTİFİ

Prezident İlham Əliyev Nəriman Həsənzadənin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. O, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub. Bundan başqa, dövlət başçısı Xalq şairi Nəriman Həsənzadəni doğum günü münasibətilə təbrik edib.

 

Həftənin ŞİKAYƏTÇİSİ

“Televiziyada maaş çox aşağıdır. Əvvəlcədən belə olub. Aparıcılarımız var ki, efirdən əlavə tədbirlər idarə edirlər. Ev şənlikləri, konsert və s. kimi misal çəkə bilərəm”. Bu sözləri məşhur teleaparıcı Nərgiz Cəlilova “Səhər Mərkəzi” proqramına qonaq olarkən deyib. N. Cəlilova qeyd edib ki, aparıcıların əksəriyyətinin tədbirləri olmur, quru maaşa işləyirlər: “Bu maaşla ailə saxlamalıdırlar. Günün tələbləri böyükdür. İnsan gəzmək, yaxşı geyinmək, ləziz yemək istəyir. Bu səbəbdən gənclər özəl şirkətlərə üz tuturlar, çalışırlar. İnanıram ki, bu problemlər həll olunacaq”.

 

Həftənin MƏĞLUBİYYƏTİ

Futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi dünən Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. Bakıda, “ASK Arena”da keçirilən görüşdə komandamız 13:0 hesablı rüsvayçı məğlubiyyətə uğrayıb.

 

Həftənin İSTEFASI

Gürcüstan Baş naziri Giorgi Qaxariya istefa verdi. Hökümət rəhbəri ölkədəki siyasi böhran fonunda istefa qərarını aldığını açıqlayıb. “Vəzifəmdən ayrılmaq qərarı verdim. Əlbəttə ki, bu addımın ölkəmizdəki qütbləşmənin azalmasına kömək edəcəyinə inanıram və inanmaq istəyirəm. Çünki əminəm ki, aramızdakı qütbləşmə və qarşıdurma ölkəmizin gələcəyi, iqtisadi inkişafı və ola biləcək hər cür böhran üçün ən böyük riskdir”, - deyə Qaxariya bildirib.

 

Həftənin XƏSTƏSİ

İngiltərə kraliçası II Elizabetin əri, Edinburq hersoqu, şahzadə Filipp xəstəxanaya yerləşdirildi.  99 yaşlı şahzadənin koronavirusla əlaqədar olaraq xəstəxanaya yerləşdirilmədiyi bildirilib. Hazırda hersoq Kral VII Edvard Xəstəxanasındadır. Xəstəxananın açıqlamasına görə, şahzadə profilaktik tədbir olaraq tibbi nəzarətdə saxlanılır.

 

Həftənin MƏSLƏHƏTİ

Dünyanın ən zəngin insanlarından biri olan Bill Geyts varlı ölkələri süni ət istehlak etməyə çağırıb. O, bunu inəklərdən qaynaqlanan metan qazı emissiyalarının azaldılması ilə əsaslandırıb. “Microsoft”un yaradıcısı “İqlim fəlakətinin qarşısı necə alınmalıdır?” adlı kitabının reklamını edərkən, “qidanın gələcəyi” adlandırdığı süni ət istehlakını yenidən gündəmə gətirib.

 

 

Oxunma sayı 1010