Heydər Əliyev işlədiyi insanları ətraflı öyrənirdi -  Şahlar Əsgərov

11:59 15.06.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Heydər Əliyev gözəl danışdığı kimi, gözəl  dinləməyi  də bacarırdı

İyunun 15-i  - məşhur “91”lərdən biri, tanınmış ictimai-siyasi xadim, Əməkdar elm xadimi, hazırda ahıl yaşına rəğmən Yeni Azərbaycan Partiyası  Veteranlar Şurasının üzvü və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri kimi ictimai-siyasi fəaliyyyətini davam etdirən  professor Şahlar Əsgərovun  80 illik yubileyidir.  İlk günlərdən YAP-ın yaranmasında böyük rol oynamış, uzun müddət YAP Siyasi Şurası və İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, parlamentin Elm və təhsil məsələləri daimi komissiyasının sədri kimi çalışmış həmsöhbətimiz Milli Qurtuluş Gününə təsadüf edən doğum günündə “Həftə içi”nə müsahibəsində öz şəxsi həyatından daha çox Heydər Əliyevin 1969 və 1993-cü illərdə hakimiyyətə gəlişinin Azərbaycanın taleyində yaratdığı dönüşlərdən, mərhum Prezidentlə yadda qalan görüşlərindən bəhs edib.

- Şahlar müəllim, öncə Sizi Milli Qurtuluş Günü ilə yanaşı, 80 illik yubileyiniz, eyni zamanda, budəfəki doğum gününüzü 30 ilə yaxın işğalda qalan torpaqlarımızın böyük hissəsinin, o cümlədən doğma Kəlbəcərinizin azad olunduğu bir vaxtda qeyd etməniz münasibətilə təbrik edirik... Maraqlıdır, bu gün artıq özü nəvə-nəticə babası və ölkənin təhsil, təlim-tərbiyə işlərində söz sahibi olan 80 yaşlı Şahlar müəllim öz babasının, atasının davranışlarını, onların tərbiyə metodlarını necə xatırlayır?

- Bizim ailədə daim qarşılıqlı hörmət oub. Babamı, təəssüf ki, yaxşı xatırlamıram:  6 yaşım olanda rəhmətə gedib, amma atamla dost olmuşuq. Təsəvvür edin, atam Bakıda Ali Partiya Məktəbinin 4-cü kursunda oxuyanda mən də indiki BDU-nun 1-ci kursunda təhsil alırdım. Bir növ tələbəliyimiz birlikdə keçib...

Onu da deyim ki,  ovaxtkı kişilərin, xüsusən oğlan övladlara qarşı tərbiyə üsulunda müdrikanə nəsihətlə sərtlik harmonik şəkildə çulğaşırdı. Bu mövzudan bəhs  edəndə həmişə bir məqamı xatırlayıram.  Kəndimizdəki köhnə kişilər danışardı ki,  XX əsrin əvvəlindəki erməni-müsəlman davası zamanı el qəhrəmanı Sultan bəy Kəlbəcər kəndlərindən də ermənilərlə döyüşmək üçün adam yığarmış. Seçim şərtlərindən biri belə imiş ki, döyüşçü olmaq istəyən cavan çılpaq, yəhərsiz-yüyənsiz atı qaçaraq qovub tutmalı və minib çapa bilməli imiş. Yəni, o zaman kişiliyin kriteriyası belə idi ki, oğlan qız kimi olmalı deyil, güclü, çevik və möhkəm olmalıdır...

Onu da demək lazımdır ki,  hələ ki bizdəki qədər böyüyə, ağsaqqala hörmət heç bir  ölkədə yoxdur. Bir dəfə ulu öndər Heydər Əliyev xarici qonaqlarla birgə hansısa parkdan keçəndə skamyada əyləşən cavanlar ayağa durdu. Qonaqlardan biri təəccüblə soruşdu ki, bu, nə deməkdir? Heydər Əliyev dedi ki,  bu, bizdə milli adətdir, ağsaqqala hörmət edirlər. Ağsaqqal gələndə cavanlar ayağa durmaqla onu salamlayırlar...

- Səhv etmiriksə, sonradan lideri olduğu partiyanın təşkilatlanmasında fəal rol oynadığınız Heydər Əliyevlə ilk qısa görüşünüz hələ gənclik yaşlarınızda baş verib?

- Bəli, 1969-cu ildə, o vaxt 28 yaşım vardı. O vaxt mən dissertasiya işimi  rəhbərimlə müzakirə edib müdafiəyə hazırlaşmaq məqsədilə  Leninqradda idim. Yadımdadır ki,  iyul günlərinin birində eşitdik ki, Azərbaycan KP MK-nın I katibini dəyişiblər və yeni respublika rəhbərinin adı-soyadı Heydər Əliyevdir. Doğrusu, biz o vaxt gənc alimlər kimi yalnız işimizlə - tədqiqatlarla məşğul olduğumuzdan,  siyasətlə-filanla çox maraqlanmırdıq. Biz yaşlılardan soruşduq ki, kimdir Heydər Əliyev? Dedilər ki, “KQB” generalıdı, 1967-ci ildən  Azərbaycan DTK-nın rəhbəri olub. Onu da deyim ki, həmin vaxt ildən-ilə Azərbaycanda neqativ hallar artırdı. Bu vəziyyət cəmiyyətdə müzakirə edilirdi.  “KQB” generalının hakimiyyətə gəlməsi xəbəri cəmiyyətdə bir ümid yaratdı. Leninqradda 60-dan çox azərbaycanlı  aspirant tez-tez bir yerə toplaşardıq. Hamı deyirdi ki, DTK rəhbərinin rəhbər seçilməsi yaxşıdır.  DTK həmişə savadlı, güclü kadrlar yetişdirir. Bu rəhbər, yəqin ki, Azərbaycanı nizama salacaq. Yadımdadı, yoldaşlarımızdan biri söylədi ki, inşallah, Bakıda aeroportdan taksi ilə şəhərə yola düşəndə necə dəyişiklik olduğunu sizə deyəcəm...

Sonra tale elə gətirdi ki, Bakıya qayıdandan az sonra Heydər Əliyevlə əyani şəkildə tanış olduq...

BDU-nun 50 illiyi qeyd edilirdi. Məlum oldu ki, respublika  rəhbəri universitetimizə gələcək. Rektorumuz Mehdi Əliyev də fizik olduğundan,  fizika fakültəsini və işlədiyim fizika laboratoriyasını ölkə başçısının ziyarət marşrutuna saldırmışdı. İki-üç gün öncədən dekan məni çağırıb tapşırdı ki, get qurğunu sazla, Heydər Əliyev gələndə sənin iş otağına da daxil olacaq. Həmin gün qurğunu saz vəziyyətdə işə salmışdım. Qurğu da lüminofor lampa kimi işıq saçdığından, o dəqiqə diqqəti cəlb edirdi. Həyəcanlı anlar idi. Birdən Heydər Əliyev rektor və digərlərinin əhatəsində laboratoriyaya daxil oldu. Rəhmətlik düz mənim qurğuma yaxınlaşdı və soruşdu ki, cavan oğlan, bu, nə qurğudu belə? Elmi dildə ətraflı izahat verdim ki, burada biz ionlar əldə edir və ionlarla bərk cismi bombardmana məruz qoymaqla katod tozlanması deyilən bir hadisəni müşahidə edirik. Soruşdu ki, bəs bunun faydası nədən ibarətdir? Cavab verdim ki, bunun termodinamika və elektronika sahəsində faydaları ola blər. Heydər Əliyev dedi ki, lap yaxşı, işinə davam et.  

I katib gedəndən sonra  Şəmsəddin müəllm var idi, dedi ki, Şahlar, fürsət idi, deyəydin ki, evim yoxdu da. Dedim, ay Şəmsəddin müəllim,  axı bu sözün yeri deyildi, ölkə rəhbəri bura ev paylamağa gəlməyib, universitetin fəaliyyəti ilə tanış olmağa gəlib...

Fikir verin, mənim apardığım o tədqiqat işinin nəticələrindən ABŞ-ın NASA Kosmik Agentliyi də yararlanmağa başladı. Özü də bu işimdən  daha çox NASA-nın Ohayo ştatının Klivlend şəhərindəki kosmik aparatların ion mühərrikləri laboratoriyası  geniş istifadə edirdi. Tale elə gətirdi ki, 1999-cu ildə Heydər Əliyev həmin Klivlend şəhərində müalicə olundu...

- Növbəti görüşünüz, deyəsən, Bakıda yox, Naxçıvanda olub?

- Elədir. 1992-ci il noyabrın 20-də ölkədə yaranmış gərgin vəziyyəti  o zaman Naxçıvan Ali Sovetinin sədri olan Heydər Əliyevlə müzakirə etmək və onu respublika rəhbərliyinə dəvət etmək məqsədilə Ziya Bünyadov, Fərəməz Maqsudov, Əli Nağıyev, Səfiyar Musayev və mən də daxil olmaqla, 40-dan çox şəxs Naxçıvana uçduq. Gecə saat 12-də  onun qəbulunda olduq və saat 2-dək bizimlə söhbət etdi. Onu da qeyd edim ki, Heydər Əliyev gözəl danışdığı kimi, gözəl də dinləməyi  bacarırdı. O, qarşımızda konkret  suallar qoydu ki, bura gəlib məni Bakıya çağırmaqda, yaratdığınız Yeni Azərbaycan Partiyasının rəhbəri kimi görməkdə məqsədiniz nədir? Bunun hansı perspektivlərini görürsünüz?  Bir-bir səbirlə hamını dinlədi. Danışanları Əli Nağıyev təqdim edirdi. Ziya Bünyadov, Fərəməz Maqsudov, Səfiyar Musayev, Sirus Təbrizli danışdılar.  5-ci, ya da 6-cı mən danışdım. Dedim ki, Heydər müəllim, icazə verin, sözümə  Əbdürrəhman Caminin bir hekayəti  ilə başlayım. Həmin hekayətdə deyilir ki, Hindistan şahı Bağdad xəlifəsinə çoxlu hədiyyələrlə yanaşı, bir həkim də göndərir. Xəlifə həkimdən soruşur ki, hansı xəstəliyin dərmanı var səndə? Həkim deyir ki, bir dərmanım var, onu qəbul etsən, başındakı ağ saçların qaralacaq. Bunu eşidən xəlifə cavab verir ki, mənə elə dərman lazım deyil, çünki ağ saç  işıq rəngindədir, o, xalqın yolunu işıqlandırar, qara saç isə zülmət rəngindədir - xalqı zülmətə aparar. Mən öz ağ saçlarımı qara saçlara dəyişmərəm. Dedim, Heydər müəllim, bura gəlməkdə məqsədim də sizin ağ saçlarınızdan  Azərbaycanın gələcəyini işıqlandırmaq üçün istifadə etməkdir. Hiss etdim ki, bu söhbət onun çox xoşuna gəldi...

Nəhayət, YAP yarandı. Mən də  İdarə Heyətinin üzvü kimi iclaslarda, tədbirlərdə fəal iştirak etməyə başladım...

- Sonralar, artıq YAP fəalı və deputat kimi mərhum eks-prezidentlə, yəqin, çox görüşləriniz olub?

- Deputat kimi də  görüşürdük. Heydər Əliyev daha çox partiya rəhbəri kimi  İdarə Heyətinin üzvlərini ya Prezident Aparatına dəvət edirdi, ya da özü YAP qərargahına gəlib orada bizi qəbul edirdi. Həm də bu görüşləri gözlənilmədən keçirirdi ki, çoxları bilməsin...

Çox qeyri-adi ünsiyyət, iş üslubları var idi. Heydər Əliyev işlədiyi insanları ətraflı öyrənirdi, onların çoxlarına bəlli olmayan  xüsusiyyətlərinə  də bələd idi…

Rəhmətlik  Zahid Qaralovun 80  illik yubiley mərasimində YAP-ın sədr müavini  Əli Əhmədov maraqlı bir söhbət  elədi. Heydər Əliyev Abel Məhərrəmovu BDU-ya rektor təyin etmək istəyəndə Əli Əhmədovdan soruşur ki, o filosof Şahlar Əsgərov da universitetdə işləyir, eləmi? Əli müəllim cavab verir ki, bəli, cənab Prezident, amma o, filosof yox,  fizikdi. Cavabında Heydər Əliyev isə deyir ki, sən bilmirsən, o, filosofdu... Doğrudan da mənim gənclikdən ixtisasım fizik olub və yalnız 1998-ci ildə “Keçid dövrünə fəlsəfi baxış"  ilk fəlsəfi kitabım çapdan çıxıb. Sonralar “Kamilləşən düşüncə”, bu il isə  ”Düzgün qərar qəbul etmənin hikməti” və “Yonulmuş daş yolda qalmaz” adlı kitablarım işıq üzü görüb. Heydər Əliyev  hələ 1990-cı illərin əvvəllərindən mənimlə cəmi bir neçə dəfə görüşməklə fəlsəfəyə bağlılığımı duymuşdu...

- Heydər Əliyevin 60 illik yubileyinizlə bağlı Sizə “Şohrət” ordeni təqdim etdiyi gündən yadınızda nə qalıb?

-  Həmin gün -  2001-ci il iyunun 6-da Heydər Əliyev təxminən 70  adamı  təltif etməli idi. Odur ki, özü əvvəlcədən dedi ki, xahiş edirəm, mənim yaşımı, səhhətimi nəzərə alaraq hamı çıxış etməyə cəhd etməsin; bir neçə nəfər danışar, kifayətdi. Ona görə də hər kəs gəlib ordeni alanda çox vaxt almırdı, elə təşəkkür edib əyləşirdi. Növbə çatanda gəldim, Heydər Əliyev əlimi sıxıb  təbrik etdi, mən də təşəkkür etdim. Onu da deyim ki, onda  artıq  80-ə yaxın yaşı olan və  ürək xəstəliyi baş qaldırmış Heydər Əliyevin  fiziki baxımdan da nə qədər güclü olduğunu aşkar hiss etdim. Rəhmətlik soruşdu ki, eşitmişəm, 60 yaşın ötüb artıq? Dedim, bəli, cənab Prezident, 70-ə doğru gedirəm. Dedi ki, 60-da mükafat verdim, 70-də də verəcəm. Dedim, inşAllah, cənab Prezident. Təəssüf ki, tale qismət etmədi...

-  “91”lərdən həyatda qalanlar niyə heç olmasa ildə bir dəfə yığışıb dərdləşmirsiniz?

-Haqlı iraddır. Allah dünyasını dəyişənlərə rəhmət eləsin. Qeyd edim ki, Hz.Peyğəmbərimizin cənab Əliyə belə bir tapşırıqı olub: “İslami qəbul edənlərin sayı artsa da,  ənsarilərin (din uğrunda savaşlarda Peyğəmbərin ilk silahdaşları) sayı artmayacaqdır.  Onların qayğısına qalın”...                                                         

Ola bilsin ki,  “91” lərə lazımi diqqət yoxdur. Onların hər biri fərd olaraq bir tərəfdən ədalət sevər, haqq sevər, dünya malında gözü olmayan, digər tərəfdən, milli mənafeni şəxsi mənafedən üstün tutan səxslər olublar. Onlar hakimiyyətdə olanda  ölkədə söz sahibləri idilər. Sonrası məlumdur…

Buna rəğmən  zaman keçdikcə yenə də “91”lərə diqqət artır. Zaman keçdikcə onların gördüyü işin böyüklüyü anlaşılır. Rəhmətlik Heydər Əliyev deyirdi ki, “91”lər qızıl fonddur. Cənab Prezident İlham Əliyev onları “cəsarətli insanlar” adlandırıb. Bu cəsarətli insanların sayı “91”dir. Cəsarətsizlərin sayı isə 91 + 1000…-dir. 

Qeyd etmək lazımdır ki, “91”lər xalqın mənafeyini düşünərək addımlarını atırlar. 91+1000… –lər isə şəxsi mənafelərini düşünərək onları sıxışdırırlar.  “91”ləri  Heydər Əliyev müdafiə edirdi. Tarix də onları müdafiə edəcək. Onları sıxışdıranları tarix də sıxışdıracaqdır…

 - Şahlar müəllim, builki doğum gününüzü və Milli Qurtuluş Gününü, həm də Qarabağın, Kəlbəcərin qurtuluş, azadlığı dövrünün başlandığı bir zamanda qarşılayırsınız... Azad Qarabağ, Kəlbəcər, Şuşa Şahlar müəllim üçün nə deməkdir?

- Fəlsəfədə formanın saxlanması qanunu var. Bu qanuna görə, canlı bir cismə (ağaca və ya insana) yara vursan, zaman keçdikcə o yara sağalacaq və  həmin canlı əvvəlki formasını almağa çalışacaqdır. Qarabağın, Kəlbəcərin, Şuşanın, Laçının qayıtması yaranın sağalması deməkdir. Yara sağalanda insan rahat olur. Allah kömək etsin, o torpaqlarda tez yaşamağa başlayaq…

 

Oxunma sayı 257