Qırğızıstanın keçmiş əmək və sosial inkişaf naziri Uluqbek Koçkorovun ABŞ-da kuryer işlədiyinə dair xəbər yayılıb. Bu barədə yerli media məlumat verib.
Hafta.az yazır ki, sosial mediada geniş yayılmış videoda görünən kişi istifadəçilər və paylaşımın müəllifi tərəfindən Qırğızıstan Parlamentinin keçmiş üzvü Uluqbek Koçkorov kimi tanınır. Videoda onun avtomobilinin baqajına müxtəlif bağlamalar qoyduğu görünür.
Paylaşım müəlliflərinin sözlərinə görə, Koçkorov hazırda Amazon şirkətində kuryer işləyir. Video sosial mediada aktiv müzakirələrə səbəb olub. Bir çox istifadəçi bütün dürüst işlərin dəyərli və hörmətə layiq olduğunu vurğulayıb, bəziləri onun siyasi fəaliyyətini və dövlət idarəçiliyindəki rolunu da xatırlayıblar.
Açıq mənbələrə görə, Uluqbek Koçkorov "Ata-Jurt" Partiyasının nümayəndəsi kimi parlamentin 5-ci müddətinin üzvü olub. O, həmçinin 2017-ci il prezident seçkilərində iştirak edib.
2018-ci ilin oktyabr ayında Koçkorov Qırğızıstanın Əmək və Sosial İnkişaf naziri təyin edilib. Daha sonra o, 2020-ci ildə "Birimdik" Partiyasının nümayəndəsi olaraq parlamentə namizədliyini irəli sürüb.
2020-ci ilin payızında baş verən siyasi hadisələrdən sonra o, nazir vəzifəsindən uzaqlaşdırılıb.
Bəzi nəşrlərə görə, Uluqbek Koçkorov son bir neçə ildir ailəsi ilə birlikdə Çikaqoda yaşayır. Lakin o, hazırkı iş həyatı ilə bağlı heç bir rəsmi açıqlama verməyib.