Myanmada kəndlilər çətin iqtisadi şəraitdə sağ qalmaq üçün böyrəklərini satırlar.
Hafta.az-ın “UN News”a istinadən yazdığına görə, borclarını ödəməkdə çətinlik çəkən fermerlərin Myanmada bəzi “orta adamlarla” anlaşaraq böyrəklərini satmaq üçün Hindistana getdiyi bildirilir.
Hindistanda qanuna görə, orqan donoru və resipiyent yaxın qohum deyilsə, onların əlaqəsini izah edən sənəd təqdim etməlidirlər.
Şəxsiyyəti Zeya olaraq dəyişdirilən myanmalı fermer deyir ki, əlaqə saxladığı vasitəçi saxta sənədlər hazırlayaraq bu vəziyyəti həll edib. Zeya əməliyyatdan sonra böyrəyini təxminən 7,5 milyon Myanma kyatına (təxminən 6061 manat) satdığını bildirir və əlavə edir: “Sadəcə ev sahibinə olan borclarımı ödəmək istəyirdim. Ona görə də böyrəyimi satmaq qərarına gəldim”.
Adı Myo Vin olaraq dəyişdirilən başqa bir myanmalı da ölkədəki bəzi insanlarla əlaqə saxladığını, onlara saxta sənədlər hazırlatdırdığını və böyrəyini satdığını deyir. Myo bildirir ki, o, böyrəyinə görə də analoji məbləğdə pul alıb, lakin onun 10 faizini “vasitəçiyə” ödəyib.
Myo borclarını və həyat yoldaşının həkim xərclərini ödəmək üçün böyrəyini satdığını söyləyərək, "Bu, ümidsiz bir hərəkət idi" deyir.
2021-ci ildəki çevrilişdən sonra Myanmada işsizlik və yoxsulluq sürətlə artdı. İqtisadiyyat müharibə nəticəsində dağıldığı üçün xarici investorlar ölkədən qaçdılar. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının məlumatlarına görə, 2017-ci ildə əhalinin dörddə biri yoxsulluq içində yaşadığı halda, 2023-cü ildə bu nisbət yüzdə 50-yə yüksəlib.
Xəbərdə Nepal, Pakistan, İndoneziya, Əfqanıstan, Hindistan və Banqladeş daxil olmaqla bütün Asiyada qara bazarda orqan satışının iqtisadi çətinliklər və yoxsulluq səbəbiylə artdığına diqqət çəkilir.
Xalq sağlamlığına sərmayəni artırmaq üçün çalışan manmalı həkim Turein Hlainq Vin, orqan alverinə qarşı kifayət qədər tədbirlərin görülmədiyini deyir.