Kəşmir hücumu: Hindistan və Pakistan müharibə astanasındadır?

09:10 25.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mübahisəli Cammu və Kəşmir bölgəsindəki hücum, nüvə silahına malik olan Hindistanla Pakistan arasında mümkün münaqişə riskini artırıb.

Hafta.az-ın yazdığına görə, aprelin 22-də Kəşmirin Pahalqam rayonunda turistlərə edilən hücumda 26 nəfər ölüb, çox sayda insan yaralanıb. Hücum Pakistanda qadağan olunmuş “Ləşkəre-Tayyibə” (LET) təşkilatının uzantısı olan Müqavimət Cəbhəsi (TRF) tərəfindən həyata keçirilib. Ölənlərdən 25-nin Hindistan, birinin isə Nepal vətəndaşı olduğu bildirilib.

Kəşmir Müqaviməti olaraq da bilinən TRF-dən verilən açıqlamada bölgədəki “demoqrafik dəyişikliyə” qarşı olduqları bildirilib.

Hücumdan sonra Hindistanın baş naziri Narendra Modi Səudiyyə Ərəbistanına rəsmi səfərini yarımçıq kəsərək Dehliyə qayıdıb.

“The Guardian” yazır ki, hücum Kəşmir üzərində hüquqlarını iddia edən Hindistanla Pakistan arasında yeni münaqişəyə səbəb ola bilər.

Adının açıqlanmasını istəməyən Hindistanlı təhlükəsizlik analitiki hücumla bağlı bunları deyib: “Bu, region üçün çox vacib məqamdır. Nüvə silahına malik iki qonşu üz-üzə gəlir”.

Təhlildə bildirilir ki, Hindistan sərhədyanı əməliyyatlar variantını nəzərdən keçirə bilər. 2019-cu ildə Kəşmirdə 40 Hindistan təhlükəsizlik əməkdaşının ölümü ilə nəticələnən hücumdan sonra Dehli yaraqlılara qarşı hava hücumları təşkil edib. Hücuma görə məsuliyyəti Pakistanda yerləşən “Ceyşi Məhəmməd” qruplaşması öz üzərinə götürüb. Pakistan təyyarələri də Hindistan ordusunun hücumlarına cavab verib.

Hücumda həyatını itirənlərin turist olması vəziyyəti daha da çətinləşdirir. Kəşmirdə Hindistan əleyhinə separatçı hərəkatların təsirinin azalmasından sonra Modi administrasiyasının bölgənin “normallaşması” ilə bağlı ritorikasının zəiflədiyi vurğulanır.

Şərqi Asiya üzrə ekspert Maykl Kugelman son hücumun hindistanlı mülki şəxsləri hədəf aldığını vurğulayır və Hindistanın Pakistana qarşı hərbi hücuma keçməsinin “güclü ehtimalının” olduğunu deyir.

Hücumdan sonra Modi administrasiyası Pakistanın Dehlidəki səfirliyinin hərbi müşavirlərini “persona non qrata” elan edib və Hind Suları Müqaviləsinin dayandırıldığını bəyanlayıb.

1960-cı ildə imzalanmış müqavilə iki ölkə arasında Hind çayı və onun qollarında suyun istifadəsi şərtlərini müəyyən edir. Hindistan hətta birbaşa münaqişə dövrlərində belə bu müqaviləni dayandırmayıb.

Bundan əlavə, Hindistanın xarici işlər naziri Vikram Misri Vagah-Attari sərhəd qapısının bağlandığını açıqlayıb. Bildirilib ki, bu qapıdan keçənlər mayın 1-dək həmin marşrutdan istifadə edərək geri qayıda bilərlər.