Kişilərdə diabetlə əlaqəli xəstəliklərin riski daha yüksəkdir

10:34 20.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kişilərin qadınlara nisbətən diabetin ağırlaşmaları riskinin daha yüksək olduğu aşkar edilib.

Hafta.az-ın “Everyday Health”a istinadən yazdığına görə, Avstraliyanın Sidney Universitetinin alimləri tərəfindən aparılan araşdırmada 1-ci və 2-ci tip şəkərli diabetdən əziyyət çəkən kişilərin qadınlara nisbətən xəstəliyin fəsadları ilə qarşılaşma ehtimalının yüzdə 51 daha çox olduğu bildirilib.

45 və daha yuxarı yaşda olan 25713 diabet xəstəsindən 10 il ərzində toplanmış məlumatları araşdıran araşdırma mayın 16-da resenziyalı “Journal of Epidemiology & Community Health”da dərc olunub.

Xəstələrin demək olar ki, yarısı 60-74 yaş arasında olub. Qrupda 14697 kişi və 11016 qadın var idi.

Araşdırmaya görə, qrupdakı kişilərin yüzdə 44-ü şəkərli diabetin səbəb olduğu ürək-damar xəstəliyi, yüzdə 57-si isə göz xəstəlikləri keçirib. Qadınlarda bu nisbətlər yüzdə 31 və yüzdə 61 olub.

Eynilə, kişilərin 25 faizində ayaq və qıç pozğunluqları, 35 faizində isə diabet səbəbiylə böyrək xəstəlikləri var. Qadınlarda eyni ağırlaşmaların nisbətləri yüzdə 18 və yüzdə 25 olaraq təyin olunub.

Tədqiqata görə, ümumilikdə, kişilərdə şəkərli diabetin yaratdığı ürək-damar xəstəliklərinə tutulma ehtimalı qadınlara nisbətən 51 faiz, ayaq və qıç xəstəliklərinə 47 faiz, böyrək xəstəliyinə tutulma ehtimalı isə 55 faiz daha çoxdur.

Alimlər kişilərin həyat tərzində dəyişiklik etmə, profilaktik dərmanlar qəbul etmə və ya sağlamlıq müayinələrinə getmə vərdişlərinin qadınlara nisbətən daha zəif olduğunu və fərqlərin səbəbinin bu ola biləcəyini bildiriblər.

Tədqiqatçılar, məqsədyönlü müalicələrin inkişaf etdirilməsi üçün kişi və qadınlar arasında fəsadlardakı fərqlərin səbəblərini daha ətraflı araşdırmaq lazım olduğunu bildirdilər.

Oxunma sayı 298