Laçın olduğu kimi bərpa edilir - Azər Məmmədov

11:52 14.09.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Laçının şəhər və kəndləri erməni işğalından sona yenidən qurulur, bərpa edilir, laçınlılar öz yurdlarına qayıdırlar. Strateji əhəmiyyətə malik bu sərhəd rayonumuzun yenilənən siması həm laçınlılar, həm də beynəlxalq müstəvidə diqqətlə izlənir. Bu gün Laçın şəhərinin bərpa quruculuq işləri necə gedir, necə yenilənir və perspektivdə Laçının ponaramasını nələr gözləyir? Bu barədə “Həftə içi”nə müsahibə verən vaxtilə Laçın rayonunun baş memarı, hazırda isə Laçının yenidən qurulması prosesində məsləhətçi memar kimi fəaliyyət göstərən Azər Məmmədov maraqlı məqamlara toxunub.

– Keçmiş memar, hazırda isə məsləhətçi kimi, bu gün Laçına baxanda onu necə görürsünüz, perspektivi necə təsəvvür edirsiniz?

– Ötən il sentyabr ayının 4-dən Laçına gəlmişik. Laçının bərpa-abadlıq işlərinə “Bakı Abadlıq Xidməti” İdarəsinin baş direktoru Bünyad Qasımov rəhbərlik edir. Prezidentin qərarı belə oldu ki, Laçın olduğu kimi, yəni hər kəsin evi öz yerində bərpa olunsun. Bu, bizim üçün böyük bir hədiyyə idi. Öz ata-baba ocağında, öz evində məskunlaşmaq daha gözəldir, nəinki gedib təzə bir məkanda yerləşmək. Ona görə də Laçınla bağlı bu qərar hamının ürəyindən idi.

Yəni Laçın bu gün olduğu kimi bərpa edilir. Laçında yeraltı kommunikasiyalar əlavə olunmaqla, müasirlik artırılıb. İndi Laçını Avropamiqyaslı gözəl şəhərlərdən birinə çevirmək istəyirik. Azərbaycanımızın ən gözəl şəhərlərindən biri olacaq.

Laçında 1200-ə yaxın fərdi ev var. Hər bir evin birinci mərtəbəsində, hətta zirzəmisində oturan adam belə qarşıdakı dağları, dərələri, mənzərəni görə bilir. Yəni hər bir məkan coğrafi yerindən asılı olaraq panoramadadır. Mən deyim ki, vaxtında Laçının gözəlliyini yaxşı görə bilməmişik. Memar olduğum üçün bura gələn incəsənət adamları - heykəltəraşlar, memarlarla görüşür, söhbətlər aparırdıq. Hələ o vaxt Laçına gələn qonaqlar bu şəhəri İsveçrəyə oxşadırdılar. İndi gələnlər də o sözü deyir. Laçının sabahını çox gözəl görürəm. Yenilənən Laçın əvvəlkindən də gözəl olacaq. Təsəvvür edin, Laçında yerin üstü ilə heç bir kommunikasiya xətti yoxdur - elektrik, qaz, su, suların axıdılması, kabel – hamısı yerin altı ilə işlənir. Dağın başında olan evlərə də kanalizasiya, internet çəkilib. Biz evlərə kabel xətləri çəkmişik ki, kimsə evin üstünə əlavə anten qoymasın. Evində oturan hər bir kəs quraşdırılmış kabeldən istifadə edib istədiyi kanallara qoşula biləcək. Laçının aşağı başından Həkəri çayı keçir. Laçın üçün ən gözəl yenilik onun yanında Həkəri bulvarının salınması oldu.

– Laçını görməyənlərə onu necə təsvir edərdiniz?

– Laçının bünövrəsi 1923-cü ildə qoyulub. Əsas mərkəzində iki küçə olub. Biri Kommunist küçəsi idi, bir də o vaxt Sovet İttifaqı Qəhrəmanı Əvəz Verdiyevin adına idi. Sonradan şəhər böyüdükcə, camaat o küçənin aşağı hissəsinə “şəhərin ayağı”, yuxarı tərəfinə də “şəhərin başı” deyirdi. Şəhərin başında – Mərkəzi meydanda Leninin heykəli, poçt var idi. İndi Laçın böyüyüb, küçələrin sayı artıb. Biz Laçından çıxanda 10 minə yaxın əhali var idisə, köçkünlük dövründə 2500-ə yaxın artıb olub. Hazırda 12 500 əhali Laçına qayıtmalıdır. Bu gün görülən işlər hələ ki, həmin 12 500 üçün hesablanır, tədbirlər görülür. Ancaq 2035-ci ilə kimi Laçında 18 min əhali olacaq. Biz o 18 min əhalini nəzərə almaqla kommunikasiya xətlərini çəkirik.

Zəngilan, Cəbrayıl tərəfdən gələnlər əvvəlcə boz dağları görür, Laçına yaxınlaşdıqca qayalar da yaşıllaşır. Qayanın üstündə də ağaclar bitib. Laçında quru kontinental iqlimdir. İqliminə görə çox gözəl təbiəti var.

– Laçında kommunikasiyaların Avropa standartlarına uyğun qurulması ilə yanaşı, şəhərin özünün köhnəliyini saxlayacağını qeyd etdiniz...

– Tutaq ki, indi evlərin üstünə natural kirəmit vurulur. Vaxtilə Laçında evlərin üstü ancaq qırmızı, ağ dəmirdən olub, kirəmit olmayıb. Evlərin üzərinə əlavə taxtadan bəzək vurulur. Pəncərələrin qapaqları  taxtadan olur. Hər bir evin həyətində gül-çiçəklik olacaq. Bir sözlə, vaxtilə həyətdə olan əlavə tikintilər hamısı götürülüb. Şəhərdə qoyun, toyuq, cücə olmayacaq. Yalnız gül-çiçək olacaq...

– Bəs toyuq-cücə, qoyun-quzu saxlamaq istəyənlər nə edəcək?

– İnək, qoyun saxlamaq istəyən onu kənddə saxlayacaq. Şəhərdə olan hər bir ailənin kəndlərdə də evləri var. O şeylər şəhərə kənddən gələcək. Şəhərdə qoyun-keçi saxlasalar təbiəti korlayar, o gözəlliklər məhv olar.

– Zəhmət olmasa, Laçının Baş planına diqqət çəkərdiniz...

– Laçının Baş planı 1984-cü ildə Azərbaycan Dövlət Layihə İnstitutu tərəfindən işlənmişdi. Biz Laçını plana uyğun olaraq tikirdik. Laçın işğal olunandan sonra işlər yarımçıq qaldı. Laçın azad olunandan sonra Prezident dedi ki, Laçının köhnə işlənmiş Baş planı əsas götürüləcək və ona yeniliklər, əlavələr edilməklə işlər qurulacaq. Hazırda həmin proses gedir. Laçının yenidən qurulmasında 1984-cü ilin Baş planı əsas götürülüb, üzərində əlavə işlər görülür. Küçələr genişləndirilir. Dünənki küçə ilə bugünkü küçə düz gəlmir. Dünən Laçında 8 min laçınlı var idisə, bu gün 10 mini keçəcək. Bundan başqa, Həkəri çayının suyu daimidir, yəni yağış yağanda, sel olanda gəlmir, daimi bulaq suyudur. O suların da qarşısında gözəl parklar salınıb, ağaclar əkilib, çayda böyük daşlarla göllər yaradılıb. Gölün içi ilə də körpülər salınıb. Gölə qayıqlar gətirilib, dağın başında bulvar salmışıq.

– Laçın həm də sərhəd rayonudur, bərpa prosesində bu amil necə nəzərə alınıb?

– Belə başa düşürəm ki, Laçının bərpa prosesinin başqa rayonlardan qabağa salınması strateji ərazidə yerləşməsidir. İndi Laçında oturub evimdən baxıram, Ermənistanın iki kəndi görünür. Buradan baxanda “humanitar yardım” adı ilə gələn fransızların maşınları da görünür. Əvvəllər sülhməramlılar helikopterlərlə rayonumuzun üstündən keçib-gedirdilər. Həmin o helikopterlə gedənlər şəkillər çəkir və görürlər ki, dünən Laçın necə idi, sonra ermənilər necə dağıtdılar və qısa müddətə necə bərpa olunur. Bir neçə aya Laçında haradasa 700-ə yaxın ev bərpa olunub. Təxminən, 300-ə yaxın ailə köçürülüb. Bəzi problemlər də var. Bəzi podratçılar qabiliyyətli olmadığı üçün sakinlərdən gələn şikayətlər də olur. Biz onları da aradan qaldıracağıq.

Sentyabr ayının axırından ikinci plana – 1 500 evin yenidən bərpasına başlayacağıq. Hansı evləri ki, biz indiyə qədər bərpa eləmişik, onlar tam dağıdılmamışdı. Yerdə qalan evləri yandırıblar, dağıdıblar. O evlər təzədən tikilib insanlara veriləcək.

Sentyabr ayında ikinci dalğa başlanır. Konsepsiya budur ki, bir ailənin hər bir övladına evlər tikilsin. Əgər bir ailədə 4 oğul varsa, onlardan biri ata-ananın evində varis qalacaq, yerdə qalanlara evlər tikilməlidir. Eyni məsələni Zabux kəndinə tətbiq elədilər. Əvvəl Zabuxda 86 ev olub, indi isə 210 evdir. Zabux da gözəl salınıb.

– Şərqi Zəngəzura doğru açılan yolları, yerləri gördüyünüzü dediniz. Sərhəddə ermənilər tərəfindən hər hansı təhlükəli həmlələrlə üzləşməmisiniz, bu istiqamətdə narahatlığınız varmı?

– Laçında sakitlikdir. Təxribatlar sərhəddə var. Sərhədimiz şükür ki, yaxşı qorunur. Hələ 1980-ci illərdə bizim ermənilərlə sərhəddə yerləşən torpaqlarla bağlı çox mübahisələrimiz olub. Sonra araşdıranda görmüşük ki, ermənilər həmin torpaqların sənədlərini saxta yolla düzəldiblər. O vaxt ərazilərimizin çox hissəsi ermənilərin istifadəsinə keçmişdi. İndi həmin torpaqların hamısı özümüzdədir. O vaxt saxta yolla ələ keçirdikləri torpaqlar da qaytarılıb. Ordumuz sovet vaxtı ata-babamız dediyi, biz bildiyimiz sərhədimiz boyu düzülüblər. Ordumuzu sərhəddə görəndən sonra burda heç bir qorxumuz yoxdur. Laçın camaatı da tez bir zamanda evinə, yurduna qayıtmaq istəyir. İnanın ki, bu dəqiqə şərait yaransa, hamı qaçıb gələr Laçına. Bu bizim ən gözəl xüsusiyyətimizdir. Bakıda elə düşünürdülər ki, heç kəs qayıtmayacaq, amma belə deyil...

– Məsləhətçi-memar kimi daha nələrin olmasını arzu edərdiniz?

– İstərdim ki, yol infrastrukturu daha da genişlənsin. Əsas tikinti, inkişaf yoldan başlayır. Təqdirəlayiq haldır ki, hazırda gözəl yollar çəkilib və davam edir. Laçından 21 metr enində 4 zolaqlı yol keçir. Düz Füzulidən - Horadizdən başlayıb gəlir Laçından keçib-gedir Kəlbəcərdən Gəncəyə. Bunun özü Laçın üçün böyük əhəmiyyətə malikdir.

Laçında həddən çox mineral su yataqları var. Təsəvvür edin ki, 50-100 metr məsafə arasında 10 bulaq var. Üstəlik, Laçının meşələrinin hamsı meyvə ağaclarıdır.  Hətta II dünya - “Böyük Vətən Müharibəsi” dövründə insanlar bu meşələrin hesabına buralarda yaşayıblar. Meşədə fındıq, qoz, alma, armud, moruq, ərik və başqa meyvələr var. Laçın daşlıq ərazidir, amma o daşın üstündə nə əksən bitir. Bakıda torpaqda bir ağaçı yaşıllaşdırmaq üçün nə qədər çalışırsan, amma Laçında ağac daşın üstündə bitir. O vaxt (müharibədən əvvəl) mənə müraciət edirdilər, qayanın üstündə yer verirdik, 2 ildən sonra gedirdik ki, yamyaşıl, bağ-bağatdır. Bizdə Laçının yuxarı tərəflərində çılpaq yerlər var. Bünyad müəllim dağın başına su çəkdirib ki, yayda sular çilənsin, həmişə yaşıl olsun.

– Görünən odur ki, Laçın yüngül sənayenin inkişafı üçün çox münbit ərazidir. İnsanların iş yerləri ilə təmin olunması üçün hansı addımlar atılır?

- İnsanlar bura gəlib-yaşayacaqsa, cənnət olsa da, birinci onlara iş yerləri lazımdır. Bu məqsədlə Bünyad Qasımov hökumətin razılığı əsasında Laçında “Zertinin düzü” deyilən yerdə “aqrozona” yaradıb. Orada yeni-yeni mini-zavodlar, fabriklər tikilir, 1000-dən çox iş yeri açılır. Çalışırıq ki, gələnlərin hamısı işlə təmin olunsun. Laçında vaxtilə insanlar idarə-müəssisələrdə işləyib. Əsas iş sahələri səhiyyə, maarif, təhsillə bağlı olub. İndi əlavə olaraq həmin fabrik-zavodlar da tikilir. Düzdür, 1990-cı ilin əvvəllərində Sumqayıtın, Bakının zavodları gəlib burda hərəsi özlərinə filiallar tikdilər, amma yarımçıq qaldı. İndi həmin proqram davam etdirilir, iş yerləri açılır. Bəlkə də gələcəkdə Ağdamdan, Füzulidən də gəlib burda işləyib gedəcəklər.

Oxunma sayı 162