Latviya BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib

09:15 04.06.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Latviya, Bəhreyn, Kolumbiya, Konqo Demokratik Respublikası və Liberiya 2026-cı ilin yanvarından başlayaraq iki illik müddətə BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilib.

Hafta.az-ın BMT-nin saytına istinadla yazdığına görə, bu ölkələr 2027-ci ilin sonunadək beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına cavabdeh olan BMT orqanında xidmət edəcək.

Adıçəkilən beş dövlət səlahiyyət müddəti 2025-ci ilin dekabrında başa çatacaq Əlcəzair, Qayana, Koreya Respublikası, Sierra Leone və Sloveniyanı əvəz edəcək.

Latviya Şərqi Avropa qrupundan yeganə namizəd kimi seçkidə iştirak edib. 31 yanvaradək Latviya Monteneqro ilə rəqabət aparırdı, lakin sonradan Monteneqro öz namizədliyini geri çəkib.

Təhlükəsizlik Şurasının 15 üzvü var. Onlardan beşi daimi üzvdür - Çin, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ və veto hüququna malikdirlər. Bir də Təhlükəsizlik Şurasının Baş Assambleya tərəfindən iki illik müddətə seçilən on qeyri-daimi üzvü var.

Seçkilər hər il gizli səsvermə yolu ilə, yerlər regional qrup tərəfindən ayrılmaqla keçirilir. Namizədlər seçilmək üçün 193 üzvdən ibarət Baş Assambleyada üçdə iki səs çoxluğunu təmin etməlidirlər.