Məhkəmə sistemində sürprizlər olmamalıdır  - İlqar Mehti

11:12 15.07.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Kimsə qanunu səhv tətbiq edirsə, bu o demək deyil ki,  islahatları dayandırmalıyıq

Məlum olduğu kimi, Azərbaycanda məhkəmə işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Bu, Milli Məclisin ötən həftə keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılmış və qəbul olunmuş Mülki Prosessual Məcəlləyə təklif edilən qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilməlidir.

Xatırladaq ki, təklif edilən 174.5-ci maddənin ilkin variantına əsasən, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilərdi.

Qeyd edək ki, sözügedən qanun layihəsi cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Səs-küylü keçən müzakirələrdə bəzi ekspertlər bu addımı vəkillərin işinin məhdudlaşdırılması kimi dəyərləndirsələr də, yeni dəyişikliyi dəstəkləyənlər də az deyil. Mövzu ətrafında müsahibimiz “Ekvita” şirkətinin təsisçisi və direktoru, İlqar Mehtidir.

 

- İlqar müəllim, Mülki Prosessual Məcəlləyə edilən son dəyişikliklər ictimaiyyətdə birmənalı qarşılanmır. Bu dəyişikliyi həm dəstəkləyən, həm də dəstəkləməyənlər var. Yeni dəyişikliyi dəstəkləyənlər arasında siz də varsınız. Hansı arqumentlərə əsasən sözügedən dəyişikliyi zəruri hesab edirsiniz?

- Demək olar ki, bu məsələdə hüquqşünaslar və vəkillər iki cəbhəyə ayrılıblar. Təxminən, 50 faiz yeni dəyişikliyi dəstəkləyir, 50 faiz dəstəkləmir. Məsələ burasındadır ki, çox insanlar təcrübədən gileylənirlər. Yəni Qanun qəbul olunarkən onun niyyəti, mahiyyəti birdirsə, təcrübədə onun tətbiq edilməsi tamamilə başqadır. Əfsuslar olsun ki, bu da faktdır. Hamımız bilirik ki, bəzən məhkəmələrdə vəkillərə, hüquqşünaslara ciddi təzyiqlər olur. Hakimlərin hədsiz dərəcədə böyük səlahiyyətləri var. Bu addım hakimlərin səlahiyyətlərini daha da gücləndirir. Ona görə insanların əksəriyyəti narahatdır ki, hakimlər bundan sui-istifadə edəcəklər. Bu mənada narahatlıq ifadə edənlərin mövqeyi başadüşüləndir. Sadəcə, mənim də deyəcəyim odur ki, kimsə qanunu səhv tətbiq edirsə, bu o demək deyil ki, biz islahatları dayandırmalıyıq. Bu, vacib islahatdır, onun aparılmasını təmin etməliyik. Hakim onu necə tətbiq edəcək, bu başqa məsələdir. Biz tətbiq prosesi ilə mübarizə aparmalıyıq, islahatın mahiyyəti ilə deyil. İslahat özü-özlüyündə faydalıdır çünki ədalət mühakiməsindəki süni ləngimələrin qarşısını almağa yönəlmiş bir dəyişiklikdir. Bəzən elə olur ki, mübahisənin mahiyyəti qalır bir kənarda, tərəf (əsasən cavabdeh) müxtəlif yersiz vəsatətlər verməklə prosesi süni şəkildə aylarla uzatmağa müvəffəq olur. Belə halların qarşısını mütləq almaq lazımdır.

- Sizcə, hakimlərin bu məsələdə sui-istifadə hallarına yol verməməsi üçün hansı addımlar atılmalıdır?

- Bizdə Məhkəmə Hüquq Şurası var. Hakimlərin etik davranışını, onların intizam məsuliyyətinə cəlb edilməsi və çıxardıqları qərarları təhlil etməklə onlara qarşı sanksiyalar tətbiq edilir. Etiraf edək ki, bu istiqamətdə nəzarət o qədər də güclü deyil. Baxırıq ki, bir hakimin çıxardığı qərarlar mütəmadi olaraq növbəti mərhələdə (apelyasiyada) ləğv olunur. Bu ondan xəbər verir ki, həmin hakim tərəfindən qəbul olunan qərarların böyük əksəriyyəti səhvdir. Bir də həmin hakimə qarşı tətbiq olunan sanksiyaya baxaq. Görürük ki, tətbiq olunan sanksiya ciddi deyil. Sadəcə olaraq Bakı şəhərinin bir rayonundan çıxarılıb, başqa bir rayonuna təyinat alıb; və yaxud iri rayonun hakimliyindən çıxarılıb, nisbətən balaca bir rayona göndərilib. Bu, sanksiya deyil, iş yerinin dəyişməsidir. Bu yolla aparılan mübarizə effektli ola bilməz. Əslində, hakimin o qədər səhvi varsa, vaxtından əvvəl səlahiyyətlərinə xitam verilməlidir.

- Məhkəmədə vəkil tərəfindən əsassız vəsatət verilməsi, məhkəmə prosesinin süni surətdə uzadılmasının qarşısını almaq üçün dünyada, o cümlədən Avropada vəkilin cərimələnməsi təcrübəsi varmı?

- Bununla bağlı kifayət qədər təcrübə var. Özü də çox sərt qaydalar mövcuddur. Məsələn, ABŞ-da hətta vəkilin lisenziyası da ləğv edilir.

- Bəs, hakim hansı meyarlara əsasən, əsassız vəsatət və ya şikayətlər verən tərəfləri müəyyən edir?

- Etiraf edək ki, bununla bağlı ABŞ-da uzun illər təcrübə formalaşıb. Orada məhkəmə təcrübəsi də bir növ qanunvericilik bazasının tərkib hissəsidir. Yəni, hansısa hakim qərar verəndə əvvəlki hakimlərin oxşar işdə verdiyi qərarları təhlil edir ki, hüquq sistemində ardıcıllıq qorunsun. Məhkəmə sistemində sürprizlər olmamalıdır, oyun qaydaları əvvəlcədən hamıya bəlli olmalıdır. ABŞ-da gözləniləni təmin edən bir sistem var. Eyni zamanda, bu ölkədə ədalətsiz, əsassız vəsatətlərin də meyarları işlənib hazırlanıb. Bizdə qanun qəbul olundu, amma meyarlar yoxdur. Bu istiqamətdə mütləq meyarlar işlənilməlidir. Bəlkə də konkret meyarlar olsaydı, yeni dəyişiklik bu qədər səs-küyə səbəb olmazdı.

- ABŞ təcrübəsində bununla bağlı meyarlar nədən ibarətdir?

- ABŞ-da hüquqşünas, vəkil məhkəmə sistemini, qanun-qaydaları bilir. Məsələn, aidiyyət məsələsi. Bizdə daha çox prosesləri bu yolla uzadırlar. Tutaq ki, əmlakla bağlı Nərimanov rayon məhkəməsində iddia qaldırmışam. Qanunla bu cür mübahisə əmlakın yerləşdiyi rayonda baxılmalıdır. Qarşı tərəf isə əmlak Nərimanovda yerləşdiyi halda, deyir ki, işə Xətai rayonunda baxılmalıdır. Yəni, qarşı tərəf kobud şəkildə qanuna zidd vəsatət qaldırır. Hakim məcbur olur ki, vəsatətə fikir bildirsin. Sonra hakimin bu qərarından apelyasiya şikayəti verilir və proses süni şəkildə yubanır. Bu açıq-aşkar ədalət mühakiməsindən sui-istifadə deməkdir. ABŞ-da bu prosesləri tənzimləyən konkret meyarlar var. Yəni vəkil bildiyi və ya bilməli olduğu məsələ ilə bağlı vəsatət verə bilməz. Mən çəkdiyim misalda vəkil bunu bilməlidir. Qanunvericilikdə məsələ açıq şəkildə təsbit olunub. Bizdə bu dəyişikliyə etiraz edənlər adətən hesab edirlər ki, sübutetmə prosesinə maneçilik yaranacaq. Əgər vəkilin sübutu yoxdursa, hansısa faktı təhrif edirsə, bu artıq əsassız vəsatətdir.

- Dünya təcrübəsində vəkil tərəfindən əsassız vəsatət verilməsi, məhkəmə prosesinin süni surətdə uzadılmasının qarşısının alınması üçün başqa hansı vasitələrdən istifadə olunur?

- Dünya təcrübəsində maliyyə sanksiyası ilə yanaşı, vəkillərin hansısa müddətə fəaliyyətinin dayandırılması, və yaxud ən sərt formada vəkillik liseyziyasının ləğv edilməsi kimi vasitələrdən istifadə olunur.

Oxunma sayı 409