Məktəb bufetlərində satılan qidalar – KEYFİYYƏTLİDİRMİ?

11:20 24.11.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məktəblilərin qidalanmasının təşkili bütün dünyada diqqətdə olan məsələdir. Müşahidələr göstərir ki, bu gün Azərbaycan məktəbliləri heç də sağlam qidalanmırlar. Onlar daha işlənmiş, hazır qidalara, “fast food” yeməklərə üstünlük verirlər. Bu da gələcəkdə yeniyetmələrin piylənmədən, diabet və digər xəstəliklərdən əziyyət çəkməsinə gətirib çıxarır.

Bəs, görəsən bu gün məktəb bufetlərində satılan qidalar nə dərəcədə keyfiyyətlidir? Ümumiyyətlə, məktəblilər necə qidalanmalıdırlar?

Mövzu ilə bağlı hafta.az-a açıqlama verən qida üzrə baş mütəxəssis Ağa Salamov bildirib ki, bu gün məktəblərdə qida ilə bağlı ciddi problemlər mövcuddur: “Bütün bufetlərdə rəngli, qazlı, tərkibində asit olan içkilər satılır. Uşaqlar məcbur qalaraq və su tələbatını ödəmək üçün bunlardan içirlər. Fosfor turşusu olan içkilər uşaqlara satılır. Həmin məhsullarda PH (hidrogen göstəricisi) olduqca aşağıdır, bu, da insan orqanizmə ciddi təsir edir. Həmin suların tərkibində heç bir karbohidrat və vitamin yoxdur, şagirdlər onları içərək sağlamlıqlarına xeyir verə bilməyəcəklər. Onlar məcbur olaraq həmin zərərli maddələri qəbul edirlər, bu, da onlarda aqressiya və əqli geriliyə səbəb olur. Alzaymır və unutqanlıq kimi ciddi xəstəliklər də azyaşlıların belə qidaları qəbul etməsi sayəsində yaranır. Eyni zamanda, məktəblilər tez hazırlanan qidalar, işlənmiş məhsullar yeməyə üstünlük verirlər. Bu da gələcəkdə yeniyetmələrin piylənmədən, diabet və digər xəstəliklərdən əziyyət çəkməsinə gətirib çıxarır”.

Mütəxəssis vurğulayıb ki, valideynlər övladlarına məktəbdə qidalanmaq üçün evdə hazırlanmış məhsullar qoysalar daha yaxşı olar: “Biz uşaqları təzə meyvə, tərəvəz yeməyə alışdırmalıyıq. Təzə meyvə və tərəvəzlərin, günəşdən aldığı enerji səbəbiylə qida dəyərləri çox zəngin olur. Eyni zamanda, tərəvəzləri “Blanch” texnologiyası ilə bişirməliyik ki, tərkinimdəki vitaminləri qorumaq mümkün olsun. Bu texnologiya nədir? ” Blanch” texnologiyası bişən tərəvəzlərin rəngini, qida dəyərini və görünüşünü qorumaq məqsədi daşıyır. Bu texnologiya fransızcada “ağartmaq” anlamına gəlir, eyni zamanda fransız dilində məhsulların isti suda möhürlənməsinə də “blanch” deyilir. “Blanch” texnologiyasının tətbiqi zamanı tərəvəzlər qaynar suya əlavə olunur və biraz qaldıqda səthləri möhürlənir. Daha sonra tərəvəzlər qaynar suda möhürlənib, əvvəlcədən hazırlanmış buzlu suya qoyulur. Beləliklə, vitamin və mineral itkisinin qarşısı alınır. Bu texnologiya tərəvəzlərin  rənginin canlı qalmasını və qida dəyərinin dəyişməməsini təmin edir”.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən AQTA İctimai Şurasının üzvü, Azad İstehlakçılar İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov bildirib ki, vaxtilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məktəb bufetləri üçün standart hazırlamışdı: “Həmin standartlara uyğun olaraq məktəb bufetlərində bir sıra qidaların satışı qadağan olundu. Onlara qazlı, energetik içkilər, kolbasaların bir çox növləri,çips və digər məhsullar daxildir. Lakin indi vəziyyət tamamilə başqa cürdür. Bufetlərin əksər hissəsi direktorlar tərəfindən kimlərəsə icarəyə verilərək şərikli biznesə çevrilir. Hazırda məktəb bufetlərinə mərkəzləşdirilmiş qaydada qida verən heç bir qurum yoxdur. Vaxtı ilə belə bir qurum olub, hazırda isə yoxdur. İndi məktəb bufetləri müvafiq icra hakimiyyəti orqanlarının nəzarəti altındadır. Lakin burada da, gündəlik, ciddi nəzarət yoxdur. Xüsusən rayon və kənd məktəblərində bu məsələ daha çətindir. Üstəlik məktəblərin qidalanmasında böyük problem var. Çünki, böyük tənəffüs şagirdlərin qidalanmasına kifayət etmir. Ona görə də mən həmişə demişəm ki, məktəblərdə avtomatik meyvə satan qurğular qoyulmalıdır. Məktəb foyelərində uşaqlar qəpiklərini ataraq meyvə və digər məhsullardan istifadə etsinlər. Təbii ki, bu kimi məsələlər həll olunmalıdır”.

AQTA-nın məktəb bufetlərindəki vəziyyətə nəzarət edib-etməməsinə gəlincə, mütəxəssis vurğulayıb ki, AQTA İctimai Şurasının üzvü olsa da, bu qurumun “mətbəxində” baş verənlərdən xəbərsizdirlər: “AQTA-nın İctimai Şurası effektiv işləmir, formaldır. Artıq neçə aylardır ki, İctimai Şuranın heç bir iclasları keçirilmir. Ümumiyyətlə İctimai Şuranın üzvlərinin AQTA-nın mətbəxində gedən məsələlərdən informasiya almaq imkanları sıfır vəziyyətindədir. Dəfələrlə AQTA-nın İctimai Şura sədrinin olduğu yerdə məsələ qaldırmışam, AQTA medianı ciddi izləməli və arxasınca getməlidir. Təssüflər olsun ki, İctimai Şura olaraq buna nail ola bilməmişik. Qeyd edim ki, İctimai Şura üzvlüyündən bir nəfər də istefa verib və uzaqlaşıb. Heç Şura toplaşıb onu da müzakirə etməyib. Bu cür passiv və mənasız təmsilçilikdən mən də uzaqlaşacağam. Növbəti ildən İctimai Şuraya namizədliyimi verməyəcəyəm və o qurumda təmsil olunmayacağam. Çünki mənim də orada baş verənlərdən xəbərim yoxdur”.

Oxunma sayı 971