Məşhurların dərman reklamları – Qanun nə deyir?

11:45 09.12.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son vaxtlar tanınmış, məşhur şəxslərin sosial şəbəkə hesablarından müxtəlif dərman və qida əlavələrini reklam etməsi cəmiyyətdə brmənalı qarşılanmır. Onlar bu sahənin mütəxəssisi olmadan çoxsaylı izləyicisi olan səhifələrində çəkinmədən müəyyən məbləğ qarşılığında insanlara dərmanlarla bağlı tövsiyyələr verirlər. İnsanları çaşdıran bu cür reklamların sonradan yarada biləcəyi fəsadları isə nə reklamverən, nə də reklamedən tərəfi maraqlandırmır.

Yeri gəlmişkən, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev də mövzu ilə bağlı mətbuata açıqlamasında bildirib ki, dərman reklamı bir çox ölkələrdə bütövlükdə qadağan edilib. Onun sözlərinə görə, Azərbaycanda dərman haqqında qanun qəbul ediləndə buna qadağa qoyulmuşdu: “Sonradan görünür müəyyən təsirlər oldu ki, bu qadağalar yüngülləşdi və yalnız həkim resepti ilə yazılan dərmanların reklamına qadağa qoyuldu. Dərmanlarla qida əlavəsi qarışıb və çox vaxt qida əlavəsini dərman adı ilə reklam edirlər. Bu da çox təhlükəlidir. Vətəndaşları və xəstə insanları çaşdırır. Onları daha çox dərman olmayan vasitələrə yönəldir. Bundan başqa, qida əlavələrinin qiyməti dərman vasitələrinin qiymətindən xeyli bahadır”.

Komitə sədri qeyd edir ki, istər reseptlə satılmayan dərman vasitələrinin, istərsə də qida əlavələrinin hər hansı reklamına qadağa qoyulmadığına görə, reklam edən şəxsə hüquqi cəhətdən ittiham irəli sürə bilmərik: “Mənəvi cəhətdən tənqid edə bilərik ki, bu doğru deyil, insanları çaşdırır. Yaxşı olardı ki, vətəndaşlarımız o reklamlarla deyil, hansısa dərmana ehtiyac olduqda həkimlərinin məsləhəti əsasında qəbul etsinlər. Ümumiyyətlə, reseptsiz dərman alınmasının tərəfdarı deyiləm. İstənilən halda ən yüngül soyuqdəymə, başağrısı və.s hallarda belə həkim məsləhəti ilə dərman alınması daha doğrudur”.

Məsələ ilə bağlı hafta.az-a danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov da qeyd edib ki, Azərbaycanda bəzi işbazlar əhalinin güvənindən istifadə edərək, zərərli dərman vasitələrinin reklamını həyata keçirirlər: "Təəssüf ki, bəzi işbazlar insanların güvənindən istifadə edərək, zərərli və keyfiyyətsiz dərman vasitələrinin reklamını həyata keçirir və bundan külli miqdarda gəlir əldə edirlər. Ümumiyyətlə, sosial şəbəkə və televiziyalar üzərindən reklam olunan dərman vasitələrinin 70 faizi saxtadır və insan orqanizminə çox zərərlidir”.

E.Hüseynov vurğulayıb ki, belə dərman vasitələrinin reklamını həyata keçirən qurum da məsuliyyət daşıyır: "Vətəndaş TV-də və ya hansısa məşhur tərəfindən reklam olunan dərmanı alıb, ziyanını görürsə, məhkəməyə müraciət edə bilər. Daha sonra məsələ araşdırılmalı, reklam edən şəxs məsuliyyətə cəlb olunmalıdır. Azad İstehlakçılar Birliyi dərman vasitələrinin reklamının mümkün qədər azaldılması istiqamətində işlər aparır. Amma bəzi televiziyalar, eləcə də sosial şəbəkələrdə sırf gəlir əldə etmək üçün dərmanları reklam etməyə davam edirlər. Yəni dərmanlar yerli və xarici kanallarda, eləcə də sosial şəbəkələrdə,kütləvi informasiya vasitələrində çox aqressiv şəkildə reklam olunur. Bütün bunlar dərman istehlakçılarının, yəni alıcılarının həyatında öz mənfi izlərini qoyur. Dərman yeganə maldır ki, onu insanlar özxoşuna almır, göstərişlə alırlar. Lakin aqressiv reklam həkimlərin də, istehlakçıların da “başın yeyir” və ağır xəstəliyə tutulmuş insan hansı dərmanı desən, sonuncu qəpiyini ona verib alacaq. Vətəndaş bilməlidir ki, dərmanla bağlı reklamların hamısı demək olar ki, aldadıcıdır və ona görə də mən ona aldadıcı reklam deyirəm. Düşünürəm ki, bunlara qadağa qoyulmalıdır. Qida əlavələrini həkimlərin reseptə yazması qadağan olundu, bu çox yaxşı haldır və Qida Təhlükəsizliyinin nəzarəti altına keçirildi.  Qida Təhlükəsizliyi Agentliyi bu sektora ciddi nəzarət edir və düşünürəm ki, dərman sahəsindəki problem də həll olunmalıdır”.

Ekspert vurğulayıb ki, bu aqressiv reklamın nəticəsidir ki, Azərbaycan aptek şəbəkəsinə görə bəlkə də dünyada birinci yerdədir: “Bunun nəticəsidir ki, klinikalarda insanlar növbəyə durublar. Yəni kim necə bildi o cür bunu reklam etməklə həkimləri və istehakçıları aldadır. Onu da qeyd edək ki, dünyada saxta dərman dövriyyəsi təxminən otuz faiz həcmindədir. İnternet üzərindən alınan dərmanların təxminən yetmiş faizi saxta olur.  Baxmayaraq ki, onlar hamısı ciddi reklam olunur. Reklamın biznesdə çox böyük rolu var, istehlakçını aldatmaq, ondan pul qoparmaq yollarından biridir. Düşünürəm ki, hökumət elə bir iş aparmalıdır ki, dərman reklamına qadağa qoyulsun. Hələ ölkədə reklam olunmayan dərmanların problemi də var. Amma burada bir məsələni də əlavə edim ki, dərman bazarına nəzarət etməli olan Milli Məclisin Səhiyyə komitəsinin əksər üzvləri özləri aktiv dərman biznesi ilə məşğuldurlar. Sizcə, belə bir mühitdə dərman reklamının qadağasına rəvac verən qərarların qəbulu mümkündürmü? Əlbəttə ki, yox”.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən tibb məsələləri üzrə mütəxəssis İlqar Hüseynli isə deyir ki, Azərbaycanda dərman vasitələrinin reklamı qanunla qadağandır:

“Burada biz iki məsələyə diqqət ayırmalıyıq. Son dövrlər dərman vasitələri kimi istifadə olunan, lakin dərman vasitəsi kimi qəbul olunmayan xeyli sayda qida əlavələri, bioloji aktiv maddələr var. Bu məhsullar mövcud qanunun təsiri altına düşmür. Məsələn, müəyyən siroplar var ki, televiziyalarda reklam olunur. Cəmiyyət həmin siropları dərman kimi qəbul edir, amma bu vasitələrin tərkibində kimyəvi formulalar olmadığına görə qanunla reklamı mümkün sayılır. Bununla bağlı sosial şəbəkələrdə aparılan reklamlara bəzi hallarda müdaxilə etmək dövlətin də gücündə olmur və ya dövlətin gücündə olmuş olsa belə, müəyyən mənalarda məsələyə göz yumulur. Əgər biz görsək ki, bu reklam elementlərinin içərisində bilavasitə kimyəvi formula tərkibli, məhz Səhiyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçən xüsusi dərman vasitələrinin reklamı gedir, bu təbii ki, inzibati xəta sayılır. Yəni bununla bağlı qanunvericilikdə inzibati xəta nəzərdə tutulub. Bilirsiniz ki, bizdə enerji içkilərinin reklamı da qadağandır. Təəssüflər olsun ki, buna da əməl edilmir və iri reklam lövhələrində müxtəlif enerji içkilərinin reklamını görürük ”.

Bununla bağlı mövcud qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsinə ehtiyac olub-olmamasına gəlincə, ekspert hesab edir ki, buna zərurət yoxdur: “Biz əsas diqqətimizi kimyəvi tərkibli dərmanlarının reklamına yönəltməliyik. Əsas qorxumuz bu olmalıdır. Belə hallara qarşı mübarizə aparmalıyıq. Qida əlavələri insan orqanizmi üçün təhlükəli sayılmır”.

Oxunma sayı 49