“Milyon yarım şəhid verən Əlcəzair xalqı qəhrəmanlıq dastanı yazdı” – Professor Əhməd Beggar

09:00 05.07.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün - iyulun 5-də dost Əlcəzair xalqı Müstəqillik Gününü qeyd edir. Əslində hər bir xalqın tarixində Müstəqillik Günü mövcuddur, Amma tam əminliklə deyirəm ki, heç bir xalq öz azadlığını məhz əlcəzairlilər qədər əzab-əziyyət çəkərək, milyon yarım şəhid verərək qazanmayıb. Nə də ki, heç bir xalq müstəqilliyini əldə etdikdən sonra, onillər ərzində şəhidlərinin kəllələrinin işğalçı ölkə muzeyində sərgiləndiyini bilib, mənəvi əzab yaşamayıb. Öz milli haqlarını və vazkeçilməz müstəqil dövlətçiliyini qazanmaq üçün bu qədər məhrumiyyətə qəhrəman Əlcəzair xalqı dözüb. Hər halda, 59 ildir azad yaşayan xalq yavaş-yavaş ayaqda durur, elmini-təhsilini, iqtisadiyyatını, xarici siyasətdə mövqelərini və nəhayət, şəhid qanına boyanmış torpaqlarına bir daha yad qüvvələr ayaq basmasın deyə ordusunu gücləndirir. Mədəniyyətindən, məişətindən söz açmadım, zatən Əlcəzair xalqı tarix boyunca öz milli mədəniyyəti ilə örnək olub...

Əlcəzairin Müstəqillik Günü ilə bağlı bu ölkənin tanınmış elm adamlarından biri, Kasdi Merbah Universitetinin professoru Əhməd Beggarla söhbətləşib, fikirlərini oxucularımızla bölüşmək istədim. Hər halda, Əlcəzairlə yanaşı, Tunis, Misir, Hindistan, İndoneziya, İordaniya, Türkiyə və sair ölkələrdə elmi konfranslarda iştirak edərək, öz sahəsində dünya elminə töhfələrini verən cənab Beggarın dedikləri hər kəsə maraqlı ola bilər.

Müsahibimiz söhbətə əlcəzairlilərin pandemiya şəraitində bayram ovqatından söz açmaqla başladı:

- Sadəcə bilmək lazımdır ki, Əlcəzair xalqı şanlı inqilabını və ya müstəqilliyini qeyd etmək üçün heç də hər ilin bu gününü gözləmir, əksinə əlcəzairlilər bütün bunları hər gün yaşayır, həyatlarının hər anında öz qəhrəmanlarını, vaxtilə göstərdikləri şücayəti xatırlayır və ürəklərinin hər bir döyüntüsündə Fransa ordusunun vaxtilə törətdiyi cinayətlərin bəlasından əziyyət çəkir. Lakin hər biri öz sahəsində ölkəmizin gələcəyi olan insanlarımız bu möhtəşəm günün qeyd olunmasını da qaçırmırlar. Ən gözəli isə Müstəqillik Gününün Gənclər Günü ilə əlaqələndirilməsidir. Beləliklə bu, bizim üçün vahid bayram təntənəsinə çevrildi - İstiqlal və Gənclik Günü. Bu gün gənclərimiz ölkəmizin istiqlalının təminatçısıdırlar. Amma təəssüf olsun ki, bu il Müstəqillik və Gənclər Gününü əvvəlki kimi şux ovqatla qeyd etmirik. Bütün dünyaya bəla kimi yayılan koronavirus pandemiyasının ağırlığını hər birimiz öz üzərimizdə hiss edirik. Buna baxmayaraq, bayram təntənəsini qeyd etmək üçün dövlətin bir sıra proqramları var. Böyük salonlarda seminar və konfranslar düzənlənəcək, şəhər meydanlarında, əlbəttə, virusa qarşı tibbi protokolunun qaydalarına hörmət göstərərək tədbirlərimiz davam edəcək. Eyni zamanda, tarixi hadisələrdən bəhs edən pyeslər səhnələşdiriləcək, əsasən inqilab coşqulu mahnılardan ibarət konsertlər veriləcək, efirlərimizi inqilabi filmlər bəzəyəcək və sair.

- Fransanın 1830-cu ildə başlayan işğalı nə az, nə çox, düz 132 il davam etdi və bu müddət ərzində Əlcəzair xalqı çox güclü mübarizə apardı. Bildiyim qədər, 1847, 1871 və 1881-ci illərdə Əlcəzair xalqı fransızlara qarşı ciddi bir müqavimət hərəkatı yaratmağı bacardı, üsyanlar etdi, amma hər birində son anda məğlub oldu. Lakin Əlcəzair dövlətinin torpaqları, 132 il zəncirdə qalmış azadlığı 1954-cü ildə başlayaraq, 1,5 milyon insanın şəhid olması ilə nəticələnən 8 illik mübarizə nəticəsində azad edildi. Sizcə xalq əvvəlki mübarizələrdə niyə qalib gələ bilmirdi?

- Doğru deyirsiniz ki, Fransanın işğalı 132 il davam etdi. Yəni Fransa təxminən bir yarım əsr ərzində Əlcəzairdən nə vaxtsa gedəcəyini heç düşünmürdü. Fransızlar Əlcəzair torpaqlarına ayaq basdıqları ilk gündən əlcəzairlilərin güclü müqaviməti ilə üzləşib. Onlar ilk gündən çalışıblar ki, Əlcəzairi bütün mənalarda - dil, din, tarix, mədəniyyət, iqtisadiyyat və sair sahələrdə Fransadan asılı əraziyə çevirsinlər. Əlbəttə, əlcəzairlilər var qüvvələri ilə işğalçılara qarşı çıxırdılar. İlk başda Zaatşa və Çaanbada başlayan üsyanlar dövrün məşhur xalq qəhrəmanlarının liderliyi altında sürətlə ölkənin hər yerinə yayılıb (Avlad Sidi Şeyx, Tuareg, Əmir Abdelkader, Şeyx Bouamama, Şeyx əl-Məqrani, Şeyx əl-Haddad, Lalla Fatima Nsoumer...). Amma həmin üsyanların pərakəndəliyi, vahid mərkəzdən idarə edilməməsi işğalçılar üzərində qələbəyə imkan verməyib. Məhz bu pərakəndəlik Əlcəzairin Fransa tərəfindən işğalını 1 noyabr 1954-cü il tarixinə - mübarək bazar ertəsi gününədək 124 il uzadıb. Bəli, 8 il şiddətli mübarizə getdi, xalq işğalçıları torpaqlarımızdan qovmaq üçün 1,5 milyon övladını şəhid verdi. Özü də qeyd edim ki, bu 1,5 milyon insan ancaq 8 il ərzzində şəhid olub, əvvəlki 124 ildə həlak olanların sayını da üstünə gəlsək, rəqəm daha da böyüyər. Hər halda, milyon yarım şəhid verən Əlcəzair xalqı bəşər tarixinə qəhrəmanlıq dastanı yazdı.

- Yeri gəlmişkən, hardansa oxumuşdum ki, ölkədə geniş imkanları əlində cəmləyən fransız əhali 1954-cü il noyabrın 1-də, məhz bazar ertəsi katoliklərin müqəddəs bayramını qeyd edirmiş. Məhz fransızlar bayram edərkən Əlcəzair xalqı ölkənin bütün şəhərlərində azadlıq mübarizəsinə start verir. Azadlıq mübarizəsinin miqyası o qədər böyük olub ki, fransızlar yuxarıda qeyd etdiyimiz kimi, milyon yarım əlcəzairlini şəhid etsələr də, sonda artıq bu torpaqlarda qala bilməyəcəklərini başa düşərək, Əlcəzairi tərk etmək qərarına gəliblər. Mənim üçün maraqlıdır: inqilabın katolik bayramının keçirildiyi gündə başlaması təsadüf idi, yoxsa Əlcəzair vətənpərvərləri tərəfindən hazırlanmış xüsusi plan?

- Xalq hərəkatının altı lideri - Larbi Ben Mhidi, Məhəmməd Bividyaf, Diduş Murad, Rabih Bitat, Mustafa Bin Buleyd və Kərim Bilqasim bir araya gələrək inqilab gününü təyin ediblər. Onlar mübarizənin start tarixi olaraq 1 noyabr tarixini seçiblər və bildirişi hərəkat üzvlərinə paylayıblar. Təyin edilmiş bazar ertəsi günü İslam dinində müqəddəs sayılır. Odur ki, hesab edirəm bu qərarın katoliklərin bayramı ilə qətiyyən əlaqəsi olmayıb. Baxın, 1 noyabr qərarının ən vacib maddələrində göstərilir: İslami şəriət prinsipləri çərçivəsində demokratik Əlcəzair dövlətinin qurulması və inqilab gecəsi üçün hər baxımdan şifrə - Uqba və Xalid. Bu iki hörmətli səhabənin adı inqilabın başladığını göstərən paroldur. Bütün bunlar göstərir ki, 1952-ci il inqilabı qətiyyən təsadüfi deyil – çox yaxşı planlaşdırılmış, xüsusi ssenari əsasında icrasına başlanılmış proses idi. Fransanın ilk işğal dövründə, qəhrəman əlcəzairlilərin işğalçılara qarşı dağınıq və əlbəttə, uğursuz mübarizəsini analiz edən hərəkat liderləri o vaxt buraxılan səhvləri diqqətlə nəzərə alıb, hər detalı mükəmməl düşünmüşdülər. Odur ki, bu inqilab bir insanın və ya bir partiyanın deyil, bütöv xalqın azadlıq mübarizəsi oldu.

- Görəsən azadlıq müharibəsi iştirakçıları, şəhid ailələri, o vaxt apardıqları mübarizənin nəticəsi olan indiki müasir və qüdrətli vətənlərində necə yaşayırlar, dövlətdən hər hansı yardım, məsələn, təqaüd, sosial, tibbi dəstək alırlarmı?

- Təbii ki, Əlcəzair xalqı və hökuməti, inqilab iştirakçılarına hər zaman kömək əlini uzadıb, diqqət və qayğılarının bu şərəfli insanlardan əskik etməyiblər. İnqilab iştirakçılarının ən vacib ehtiyaclarını ödəmək üçün çoxsaylı proqramlar icra olunub, onlara maddi dəstək verilib və sair. Vətənimizi işğaldan qurtaran və Əlcəzairə azadlıq qazandıran həmin insanların qayğısına qalmaq xalqımızın və hökumətimizin əsas vəzifəsidir.

- Universitetdə oxuyarkən, Əlcəzairlə bağlı mühazirədə professor bizə 1954 - 1962-ci illərdəki mübarizənin şüarının belə olduğunu bildirdi: “Dilim ərəb, dinim İslam, ölkəm Əlcəzair!”. Şüarda yazılanları insanlar əldə etdimi? Zənnimcə, "Dilimiz ərəb dilidir" şüarı kifayət qədər real deyil və ya sadə kütlənin dilidir. Əlcəzairin təhsilli və özünü elit təbəqədən sayan qismi bütün işlərini fransız dilində aparır. Eyni şey qonşunuz Mərakeş və Tunisə də aiddir...

- Əvvəlcə söz açdığınız şüarın dəqiq yazılışını bildirim: “İslam mənim dinimdir, ərəb mənim dilimdir və Əlcəzair mənim ölkəmdir”. Bu, 130 illik Fransa işğalından sonra qurulan müstəqil dövlətimiz üçün Əlcəzair Müsəlman Alimlər Birliyi tərəfindən ortaya atılan ilk şüardır. Bu şüar Fransaya bildirirdi ki, əlcəzairli ölmədi, fransız da olmadı və heç zaman da olmayacaq. Ərəb dili bu gün Əlcəzairin rəsmi dövlət dilidir və gələcəkdə də dövlət dili olaraq qalacaq. Fransız dilinin təsirinə gəlincə, bu dil uzun müddət Əlcəzairdə hakim olduğu üçün, müstəmləkə irsi kimi qalıb. Amma müasir Əlcəzairdə əvvəlki illərlə müqayisədə fransız dilinin miqyası və təsiri daralmaqdadır. Hətta belə demək olarsa, fransız dili ölmək üzrədir. Bu gün ölkəmizdə təhsil yüz faiz ərəb dilində aparılır və yeni qloballaşmanın işığında ingilis dilli təhsilin dairəsi genişlənməkdədir – gənclər daha çox ingilis dilini öyrənməyə meyl edir. Hə, onu da deyim ki, Ərəb Dili Ali Şurası, bu dili qorumaq üçün qurulub.

- Maraqlıdır, Fransa keçmişinə dönüb baxdımı, 132 illik işğal dövründə Əlcəzairdə etdiklərinə görə əlcəzairlilərdən üzr istədimi? Ümumiyyətlə, Paris Əlcəzairə 132 illik işğal dövründə vurduğu ziyana görə hər hansı formada təzminat ödədimi?

- Əlbəttə ki, yox. Fransa heç vaxt Əlcəzairdə işlədiyi cinayətləri qəbul etməyib. Elə bu səbəbdən də Paris indiyədək Əlcəzairə və ya fərdi şəkildə əlcəzairli insanlara hər hansı formada maddi təzminat ödəməyib. Bu müstəvidə səslənən fikirlər söz olaraq qalmaqdadır.

- Fransadakı Əlcəzair şəhidlərinin cəsədlərinin, xüsusən də kəllə sümüklərinin qaytarılması məsələsi nə yerdə qaldı? Prezident Tebbunun ölkəsini sevən və xalqın milli dəyərlərini qoruyan lider olduğunu düşünürəm. Bir azərbaycanlı jurnalist kimi, mən cənab Tebbunun vətənpərvərliyini və gördüyü işləri yüksək qiymətləndirirəm...

- Onlar tam cəsədlər deyil, şəhidlərin sümüklərinin qalıqlarıdır. Müqavimət döyüşçülərinə məxsus bəzi kəllə sümükləri Qurtuluş Günü Əlcəzairə qaytarılıb. Təsəvvür edirsiniz: insanların başlarını kəsib, Parisdəki İnsan Muzeyində sərgiləyiblər... Aparılan danışıqlar nəticəsində məhz həmin muzeydə saxlanılan və əlcəzairlilərə məxsus olduğu təsdiqlənmiş kəllə sümükləri qaytarılıb. Qalan kəllələrin də Əlcəzairə gətirilərək, şəhid qanına boyanmış ata-babalarımızın  torpaqlarında dəfn edərək, ruhlara dinclik vermək üçün iki ölkə arasında danışıqlar davam etdirilir. Bu arada, ölkəmizin prezidenti haqqında yüksək fikirlərinizə görə ayrıca təşəkkür edirəm.

- Bir ziyalı və vətəndaş olaraq deyin: Əlcəzair dövləti və xalqı inqilabdan sonrakı 59 ildə nə qazandı və ölkənizin bu gün dünya gücləri arasında yerini necə görürsünüz?

- Ölkəm, müstəqillik qazandığı andan bəri, mənfur müstəmləkəçilikdən sonra tam gücü ilə ayağa qalxmağa, bütün sahələrdə - siyasi, sosial, iqtisadi, təhsil, elmi, mədəni müstəvilərdə çatışmazlıqları aradan qaldırmağa və güclənməyə çalışır. Eyni zamanda, Əlcəzair çalışır ki, beynəlxalq forum və seminarlarda səsi daha yaxşı eşidilsin. Bunun üçün ölkəmizin potensialı çox böyükdür. Bu gün Əlcəzair beynəlxalq və regional xarakterli bir sıra problemlərin həllində vacib rol alır. Bütün bunlar Əlcəzairin mövcud qüdrətindən xəbər verir.

Oxunma sayı 6875