Türkiyənin Xarici İşlər Nazirliyi nazir Mövlud Çavuşoğlunun Qahirəyə rəsmi səfəri çərçivəsində misirli həmkarı Samih Şükri ilə görüşərək regional və beynəlxalq məsələləri müzakirə edəcəyini açıqlayıb. Misirin Xarici İşlər Nazirliyi isə Çavuşoğlunun səfərinin iki ölkə arasında münasibətlərin yenidən qurulmasına və əlaqələrin müxtəlif aspektləri üzrə dərin dialoqun başlanmasına zəmin yaradacağını bəyan edib.
Hafta.az-ın “Independent”ə istinadən yazdığına görə, Misirin Ankaradakı keçmiş səfiri Əbdürrəhman Salah iki ölkə arasında münasibətlərin normallaşmasının vacibliyini vurğulayıb.
“Son iki ildə Türkiyənin mövqeyində dəyişiklik aydın və müsbətdir. Mövqe dəyişikliyi təkcə Misirə deyil, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi bir çox ərəb ölkələrinə də hesablanıb. Bu dəyişiklik Türkiyənin əvvəlki münasibətlər siyasətinə qayıdacağına ümid verdi. Türkiyə siyasəti ərəb qonşuları ilə yaxınlaşmağa əsaslanan sıfır problem siyasətidir. O zaman Türkiyə ilə ərəb ölkələri arasında müxtəlif sahələrdə əməkdaşlıq səhnəsi idi”, - o, deyib.
Türkiyənin 2013-cü ildən əvvəl ərəb dünyası üçün yaxşı bir örnək olduğunu, lakin siyasi İslama yanaşmasından sonra bu siyasətin dəyişdiyinə toxunan Salah, Misirlə Türkiyə arasında əlaqələrin möhkəm olduğuna və iki xalqın dost olduğuna diqqət çəkib. Sabiq səfir, son illər ölkəsinin Türkiyəni və türk xalqını pis vəziyyətə salacaq hər hansı addım atmaqdan çəkindiyini bildirib. O, həmçinin iki ölkə arasında iqtisadi əlaqələrin davam etdiyini və ticarət həcminin 2022-ci ildə 7 milyard dollara çatdığını bildirib.
“Türkiyənin Misirlə bağlı siyasətini dəyişməyə sövq edən bir çox amillər, o cümlədən iqtisadi və digər səbəblər var. Türkiyə Misirin əhəmiyyətini və mövcud hökumətlə münasibətini Müsəlman Qardaşlarla münasibətindən daha vacib olduğunu anlayırdı. Türkiyə müxalifəti də Misirlə əlaqələrin vacibliyini qeyd edib. Biz iki tərəf arasında münasibətlərin gələcəyinə nikbin baxırıq. Türkiyə ilə müxtəlif sahələrdə əməkdaşlıq və iki qardaş ölkənin maraqları üçün çoxlu imkanlar olduğundan, siyasətlərdə islahatların aparılması iki tərəfin yaxınlaşmasını təmin etmək üçün kifayətdir. Türkiyədə baş verən zəlzələlərin birbaşa təsirinə məruz qalmışıq. Misir hökuməti və xalqı Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə həmrəylik göstərmək üçün yardım əlini uzadıb. Ariş və İsgəndəriyyədən çıxan yardım gəmilərinin Latakiya və Mersinə yanaşması iki qardaş xalq arasındakı yaxınlığın nə dərəcədə olduğunu göstərir” deyən keçmiş səfir həmçinin bildirib ki, onlar Türkiyənin xarici qüvvələrin Liviyadan çıxmasına töhfə verəcəyinə inanırlar. Çünki bu qüvvələr Misirin təhlükəsizliyini təhdid edir. Misir də Türkiyənin suverenliyinə hörmət edir və onun təhlükəsizliyinə təhdid yarada biləcək heç bir inkişafa icazə verməyəcək.