Müdafiə nazirinin sabiq müavini, sovet dövründə xeyli müddət Ermənistandakı qoşunların tərkibində yüksək hərbi vəzifələrdə çalışdığından hayların bir etnopsixoloji xarakterinə yaxşı bələd olan polkovnik Mehman Səlimovla hafta.az üçün bu dəfəki söhbətimizdə əsasən Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın dağlıq hissəsindəki separatçı-terrorçu rejimə qarşı keçirdiyi son lokal antiterror əməliyyatının bölgədə yaratdığı hərbi-siyasi situasiyadan, Qarabağdakı ermənilərin bundan sonra Azərbaycana reinteqrasiyasının perspektivlərindən bəhs etdik.
-Mehman müəllim, Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın dağlıq hissəsindəki separatçı-terrorçu rejimə qarşı keçirdiyi 24 saatlıq lokal antiterror əməliyyatının nəticələrini necə dəyərləndirirsiz?
- Çox sevinirik ki, dövlətimizin çox uyğun bir məqamda keçirdiyi qısamüddətli lokal hərbi əməliyyat sayəsində, yenə də şəhid və qazilərimizin canı, qanı hesabına uzun onilliklər Azərbaycan daxilində xərçəng yarasına çevrilmiş separatizm bəlasına, demək olar ki, son qoyduq. Əsas odur ki, ağ bayraq qaldırdılar. Və bir sıra strateji nöqtələri birbaşa nəzarətimizə götürdük... Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin...
-Bəs sizcə, nə baş verdi ki, “sülhməramlı” qüvvələri Qarabağda olan Moskvadan bizə qarşı səs çıxmadı, həmişə sülh danışıqları ərəfəsində olduğu kimi, heç Ermənistanla sərhəddə də heç bir təxribat-filan baş vermədi?
-Bəli, “sülhməramlı”ları ərazidə olan Rusiya da susmağa məcbur oldu. Çünki Kremldəkilər yaxşı anladı ki, əgər indiki şəraitdə Amerika, Fransa məsələyə daha ciddi müdaxilə etsə, Rusiyaya artıq Cənubi Qafqazda yer qalmayacaq. Ona görə də Moskva Azərbaycan ordusunun öz suveren ərazisindəki işğalçı və qanunsuz silahlı birləşmələrə qarşı antiterror əməliyyatı əleyhinə səsini çıxarmadı. Paşinyan isə açıq-açığına dedi ki, mən kiməsə görə Azərbaycanla müharibə aparan deyiləm. O da ağıllı addım atdı. Bunlar hamısı hesablanmış gedişlər idi. Onsuz da Paşinyan heç nə edə bilməzdi. O, hakimiyyətdən devrilə bilərdi...
İndi, bundan sonra bir əsas vacib vəzifəmiz qalır. Ermənistanın 30-35 illik işğal, soyqırım və deportasiyalar nəticəsində Azərbaycana vurduğu ziyan hesablanıb- bildiyimə görə, təxminən 40 milyard ABŞ dollarıdır. Hesab edirəm ki, bu məsələ gündəmdə olmalıdır. Yəni mütəmadi olaraq həmin kompensasiyanın ödənilməsi tələb edilməli və sonda buna hansısa qanuni yolla nail olunmalıdır. Yəni sözsüz ki, Ermənistan həmin məbləği ödəmək iqtidarında deyil. O halda məcbur etmək lazımdır ki, bunun əvəzində beynəlxalq qanunlara uyğun olaraq Qərbi Zəngəzurda Azərbaycan Respublikasının bu ərazisi ilə- yəni Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən 42 km enindəki tarixi ərazimizi versin... Buna yalnız İran etiraz edə bilər. Çünki həmin zolaq Azərbaycana verildiyi halda onun Ermənistanla o hissədəki sərhədi kəsilir. Bu da İranın hakim dairələrinin narkotik və qaçaqmal, neft, benzin trafiki yolunun bağlanması deməkdir. Lakin bu problemi də İranla müəyyən siyasi-diplomatik yollarla yoluna qoymaq olar... Eyni zamanda hesab edirəm ki, artıq Çin də, Avropa da, ABŞ-ın özü də “Bir kəmər, bir yol” layihəsinin Zəngəzurdan keçən qısa yolunun - açılmasının tərəfdarıdır. Yəni loqistika bütün güclər üçün vacibdir... Bu da hamının uduşudur. Demək olar ki, Qarabağdakı qanunsuz separatçı-terrorçu rejimin ləğvi ilə Zəngəzur dəhlizinin açılmasına aparan yolla Ermənistan da udur... Buna getməklə Paşinyan dövlət və dövlətçiliyini qoruyub saxladı... Qarabağdakı bugünkü əməliyyata razılıq verməsəydi, Paşinyan öz hakimiyyətini də, erməni dövlətçiliyini də şübhə altında qoyacaqdı... Əgər indiki şəraitdə Ermənistanda dövlət çevrilişi-filan olsa, ölkə idaərəolunmaz vəziyyətə düşər. Azərbaycanda 1992-1993-cü illərdə olduğu kimi...
-Necə hesab edirsiz Kreml İrəvandakı revanşist və Rusiyapərəst müxalif qüvvələr vasitəsi ilə Paşinyanı devirə biləcəkmi?
-Əlbəttə, Rusiya Paşinyanı devirməyə çalışacaq. Çünki o, Kremlin maraqlarına uyğun olmayan bir fiqurdur, Qərbyönümlüdür. Amma Rusiya da artıq həmin Rusiya deyil ki, hər bildiyini diqtə etsin. Çalışacaq ki, hansısa komromisə gedib Ermənistandakı öz mövcud mövqeyini qoruyub saxlasın. Çünki əgər Putin Ermənistan hakimiyyətinə qarşı kəskin addımlar atsa, o halda 102-ci hərbi bazasının Gümrüdə qalması sual altında olacaq. Və əgər Rusiya ordusu Ermənistandan çıxsa, 2025-ci ildə də mandatı bitən, artıq ortalıqda barış olduğu üçün fəaliyyətinə ehtiyac qalmayan Rusiya “sülhməramlı”ları Azərbaycan torpaqlarından çıxsa, bu, Moskvanın Cənubi Qafqazdan əlinin tamamilə üzülməsi demək olacaq. Əgər bu gün formalaşmış duruma uyğun düşünsək, bəlkə də 2023-cü ilin sonunadək olmasa da, gələn – 2024-cü ildə sülhməramlılar Qarabağdan çıxmağa məcbur olacaqlar... Odur ki, Rusiyanın əsas dərdlərindən biri nə yolla olursa-olsun, Cənubi Qafqazda ilişib qalmaqdır...
-Bəlkə məhz bu baxımdan, bu səbəbdən Putin Rusiya “sülhməramlı”ları orada ola-ola səsini çıxarmadı ki, Yuxarı Qarabağdakı separatçı rejimi çökdürək və yaxın gələcəkdə həmin ərazini bütövlükdə yurisdiksiyamıza qaytaraq?
-Yox, Rusiya bunu edə bilməyəcək. Niyə? Çünki Rusiyanın özünün Ukrayna ilə yanaşı, öz daxilində də problemləri başdan aşır. Ukraynaya təcavüzü bu imperiyanı, demək olar ki, diz çökdürdü. Ona görə də yeni problemlərlə məşğul olmağa imkanı yoxdur... Bir sözlə, hesab edirəm ki, bundan sonra nə etsə də, Rusiya Cənubi Qafqazdakı proseslərdə böyük oyunçu kimi iştirak edə bilməyəcək... Yəni kimdənsə əvvəlki kimi hegemon ölkə olaraq tələb və hədə-qorxu ilə nəsə qopara bilməyəcək. Sadəcə, yumşaq razılaşma ilə nəsə etməyə çalışacaq...
Artıq Rusiya rəhbərliyində də reallıqla hesablaşmağa başlayan qüvvələr var. Azərbaycanın keçirdiyi son əməliyyatla burada, regionda Azərbaycan-Ermənistan, İran-Türkiyə müharibələrinin qarşısı alındı. Çünki burada savaş başlasaydı, Rusiya nəinki Cənubi Qafqazı, Şimali Qafqazı da itirəcəkdi. Çünki bu gün bu imperiyanı hər tərəfdən sıxırlar, vururlar... Burada yeni genişmiqyaslı müharibə başlasa, bu dəfə avtomatik olaraq ABŞ da, Fransa da işə qarışacaqdı. Artıq Gürcüstan vasitəsi ilə Ermənistan ərazisinə qoşun gətirməyin yolunu da cızmışdılar...
-Artıq Amerika Birləşmiş Ştatları Ermənistanda, Gürcüstan da olduğu kimi, kiçikmiqyaslı olsa da hərbi təlimlər keçirdi...
-Bəli, artıq Ermənistanda tədricən hərbi baza qurmağa hazırlaşırdı Amerika... Gürcüstandakı hakimiyyət də xeyli dərəcədə Rusiyayönlü olduğu üçün Qərb orada qısa müddətdə dövlət çevrilişi təşkil edəcəkdi. Bir sözlə, Cənubi Qafqaz alovlanacaqdı. Bütün bunları nəzərə alaraq demək olar ki, Azərbaycan rəhbərliyi reallığa uyğun ən ağıllı hesab apardı, ən ağıllı gedişlər etdi. Onsuz da nəinki Qarabağdakı, Ermənistandakılarla birgə bütün ermənilərin Azərbaycanla müharibə aparmaq gücü, imkanı yoxdur...
-Yəqin ki, artıq bundan sonra uzun müddət Azərbaycanın Yuxarı Qarabağ ərazisində ciddi mənada separatçı çıxışlar, çağırışlar eşitməyəcəyik?
-Yadınızdadırsa, bir dəfə sizinlə söhbətimizdə soruşmuşdunuz ki, siz Ermənistanda işləmisiz, ermənilər necə toplumdu, mən də cavab vermişdim ki, erməni yaxşı millətdi, bu şərtlə ki, sən onun rəisi olasan. Bəli, güc qarşısında onlar baş əyəndirlər, onlar hər bir şəraitə uyğunlaşan, adaptasiya olunan buqələmun tipli bir toplumdur. Onların arxalarında güc olanda “mənəm-mənəm” deyib hay-küy qaldırmaqları ermənilərin guya qeyrətli, güclü millət olması demək deyil. Bunların hadisələrə reaksiyası yaşayış tərzlərindən asılıdır. Çünki onların gerçək dövlətləri olmayıb. Onları əllərində alət edən ruslar “Ermənistan” dövlətini qondarıblar, Azərbaycanın daxilində muxtariyyət veriblər. Əslində elə onlar öz millətçiliklərini də alver, ticarət, kommersiya, qazanc vasitəsinə çeviriblər. Ona görə də tez-tez simalarını dəyişirlər. Dünən qatı düşmən olduqları millətlə bu gün üzdə dostlaşıb həmin millətin nümayəndələrindən, varidatından faydalanmağı bacarırlar. Onlarla dostluğun acı təcrübəsini bizim nəsillər XX əsrin əvvəlindən real yaşayıb.
-Mehman müəllim, sizcə, bütün bu baş verənlərdən, o cümlədən Xankəndi, Ağdərə ətrafındakı son əməliyyatlardan sonra Qarabağdakı ermənilərdən xeylisi Azərbaycanın qanunlarına tabe olub vətəndaşlığını qəbul edib orada yaşayacaqmı?
-Bəli, ermənilərin xeyli hissəsi Qarabağda qalıb yaşayacaq. Həm sadaladığımız milli, etnopsixoloji xüsusiyətlərinə görə, həm də bizim unutqanlığımızı yaxşı bildiklərinə görə. Lakin bu dəfə biz ayıq olmalı, onlarla yanaşı yaşasaq da, gələcək üçün ehtiyatı əldən verməməli, onların qadın, qız alverinə uymamalıyıq ki, gələcəkdə fürsət düşən kimi yenidən dirçəlib başımıza yeni problemlər açmasınlar. Bunun üçün vətəndaşlığımızı qəbul etmiş ermənilərə qarşı dözümlülük göstərib, eyni zamanda bizimlə əvvəlki kimi sıx qaynayıb-qarışmalarına imkan vermədən, onların, sadəcə Azərbaycan Konstitusiyasına, qanunlarına uyğun dinc, yanaşı yaşamaları üçün şərait yaratmalıyıq...