NASA bir-birinə əvvəlkindən daha yaxın olan iki superkütləli qara dəlik aşkar edib.
Hafta.az-ın “The Astrophysical Journal”a istinadən yazdığına görə, qara dəliklər normal olaraq qaranlıq kosmosda görünməz olsalar da, ətrafdakı cisimləri udub parçalayarkən ortaya çıxan işıq sayəsində onları tutmaq mümkündür.
Aktiv qalaktik nüvələr adlanan qara dəliklər ətrafdakı qaz və tozları udaraq nəhəng səviyyələrdə işıq yayırlar.
Qalaktikaların mərkəzində olan bu strukturlar bəzən bütün qalaktikadakı ulduzların işığını kölgədə qoya bilir.
Hubble Kosmik Teleskopu 800 milyon işıq ili uzaqlıqda yerləşən MCG-03-34-64 adlı birləşən qalaktikaların mərkəzində iki belə qara dəlik aşkar edib. Bir-birinə çox yaxın - 300 işıq ili uzaqlıqda olan qara dəliklər də birləşməyə doğru gedir.
Astronomlar bu qərara Hubble qalaktikanın mərkəzindən çıxan üç işıq xəttini müşahidə etdikdən sonra gəliblər.
Harvard-Smitsonian Astrofizika Mərkəzindən Anna Trindade Falkao əlavə edir: "Biz belə bir şey görəcəyimizi gözləmirdik. Bu, yaxınlıqdakı kainatda adi bir mənzərə deyil və bizə qalaktikada başqa bir şeyin baş verdiyini göstərdi”.
Hubble-ın optik dalğa uzunluqlarında apardığı müşahidələrdən sonra Falkao və həmkarları NASA-nın Çandra Rəsədxanasından istifadə edərək X-şüaları altında qalaktikanı da araşdırıblar.
Tədqiqatlarını “The Astrophysical Journal” jurnalında dərc edən komanda iki işıq mənbəyinin bir-birinə çox yaxın olan superkütləvi qara dəliklər olduğu qənaətinə gəlib.
Tədqiqatçılar öz tapıntılarını təsdiqləmək üçün ABŞ-ın Nyu-Meksiko ştatında yerləşən “Çox Böyük Array” radioteleskopunun arxivinə də müraciət ediblər. Bu şəkildə tapıntılar üç fərqli dalğa uzunluğunda dəstəklənib.
Radio teleskoplarından istifadə edən astronomlar əvvəllər bir-birinə daha yaxın olan superkütləvi qara dəlikləri müşahidə etsələr də, bunlar müxtəlif dalğa uzunluqlarında təsdiqlənməmişdi.
NASA-nın açıqlamasında iki qara dəliyin bir zamanlar öz qalaktikalarının mərkəzində yerləşdiyi və ev sahiblərinin birləşməsi nəticəsində bir-birinə yaxınlaşdığı bildirilir. Kainatın ilk dövrlərində, qalaktikaların birləşmələrinin daha tez-tez baş verdiyi bu cür hadisələrə daha çox rast gəlindiyi təxmin edilir. Elm adamları deyirlər ki, ikisi bir-birinin orbitində fırlandıqca onlar cazibə dalğaları adlanan məkan-zaman toxumasında dalğalanmalar yaradacaqlar. Qravitasiya dalğaları da qara dəliklərin bir-birinə daha sürətli yaxınlaşmasına səbəb olacaq.
Tədqiqatçılar deyirlər ki, qara dəliklər yəqin ki, 100 milyon il ərzində yaxınlaşmağa davam edəcək və nəticədə birləşəcək.