NASA-dan UNO açıqlaması: Fövqəlbəşər zəkaya dair dəlil yoxdur

10:50 02.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ Milli Aeronavtika və Kosmik Agentliyinin (NASA) xalq arasında UNO kimi tanınan naməlum hava cisimlərini araşdırmaq üçün yaratdığı şuranın rəhbəri, Princeton Universitetinin müəllimi David Spergel, hələ də fövqəlbəşərin məhsulu sayıla biləcək heç bir şey tapmadıqlarını söyləyib.

Hafta.az-ın yazdığına görə, NASA-nın hərbi, akademik və özəl şirkətlərdən ibarət idarə heyəti naməlum hava obyektlərini tədqiq edərək, 16 ekspertdən ibarət komanda ilə işlərinə dair brifinq keçirib.

Spergel idarə heyətinin iyulda dərc edilməsi planlaşdırılan hesabatının ilk nəticələrinə dair 4 saatlıq brifinqə sədrlik edərkən, iclasda bir çox akademik məruzəçi kimi iştirak edib.

Müdafiə Nazirliyinin Hərtərəfli Anomaliyalarla Mübarizə İdarəsinin direktoru Dr. Sean Kirkpatrick, indiyə qədər 800-dən çox naməlum hava obyekti hesabatı aldıqlarınıbildirib. O qeyd edib ki, onların çox az hissəsini müəyyən edilə bilməyən anormallıqlar hesab edirlər.

Yığıncaqda yaxınlarda çəkilmiş bir görüntünü paylaşan Kirkpatrick, üç nöqtə şəklindəki parlaq cismin görüntüsünün ABŞ üzərində kəşfiyyat uçuşu edən P-3 təyyarəsi tərəfindən çəkildiyini, pilotların həmin obyektləri tuta bilmədiklərini söyləyib. Kirkpatrick bildirib ki, obyektlər əslində P-3 pilotlarının düşündüyündən çox uzaqda hava limanına enmək üzrə olan təyyarələrdir.

Kirkpartrik deyib ki, onların ixtiyarında geniş nəzarət alətləri var, lakin beynəlxalq məhdudiyyətlər də qlobal araşdırmanı çətinləşdirir.

İclasda çıxış edən FAA-nın Hava Trafikinə Nəzarət Xidmətləri Ofisinin Texniki Məsləhətçisi Mayk Frey qeyd edib ki, Birləşmiş Ştatlarda 880 mindən çox qeydiyyatdan keçmiş dron var və hər gün on minlərlə pilotsuz uçan aparat uçur. Bu sistemlərin hava nəzarəti prosesi üçün böyük çətinlik yaratdığını ifadə edən Frey, xüsusilə SpaceX-in Starlink lansmanından sonra FAA-ya gələn naməlum obyekt hesabatlarının sayında artım olduğunu söyləyib.

Frey, fevralda Çin hava şarının aşkar edilərək ABŞ hava məkanından düşməsindən sonra naməlum obyektlərlə bağlı xəbərlərdə "əhəmiyyətli artım" gördüklərini bildirib.

İclasda aşkarlanan obyektlərin arxasında “qeyri-insan zəkasının” olub-olmadığı sualı verilib.

Corc Mason Universitetinin Hesablama və Məlumat Elmləri üzrə dosenti Anamaria Berea, komandanın alimlərdən ibarət olduğunu və məlumatları izləyəcəklərini söyləyib. Onların vəzifəsinin bu anormal görüntüləri daha necə araşdıracaqlarına dair bir yol xəritəsi və çərçivə yaratmaq olduğunu qeyd edən Berea, "Fövqəladə iddialar fövqəladə dəlil tələb edir. Kainatda tək olub-olmadığımız sualı, yəqin ki, həyatımızın ən böyük suallarından biridir” deyib.

Eyni sualı cavablandıran Spergel belə fövqəladə sübutların hələ ekspertlər tərəfindən görülmədiyini vurğulayıb.

NASA-nın işlərinin böyük hissəsinin Yer kürəsindən kənarda "hər hansı formada həyat axtarışı" olduğunu ifadə edən Spergel, "Həyat axtarışı həqiqətən vacibdir. Biz hələ Yerdən kənarda həyat tapmamışıq, ancaq onu axtarırıq" deyib.

Digər tərəfdən, Spergel NASA-nın hələ "fövqəlbəşər zəka və ya bunun fövqəladə sübutunu" görmədiyini söyləyib.

Yerdən kənarda həyat olarsa NASA nə edəcək sualını cavablandıran amerikalı alim bildirib ki, Yerdən kənarda həyatın həqiqətən mümkün olub-olmaması agentliyi maraqlandıran ən böyük sualdır, lakin hələlik belə bir fakta dair dəlil tapmayıblar.

Oxunma sayı 248