NASA-dan xəbərdarlıq: İtmiş asteroid 2024-cü ildə Yerə çarpıla bilər

09:45 27.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İlk dəfə 2007-ci ildə aşkar edildikdən sonra teleskopların gözündən itən "itirilmiş asteroid"in gələn il Yerlə toqquşma ehtimalı var.

Hafta.az-ın yazdığına görə, “2007 FT3” adlanan meteorit aşkar edildikdən cəmi 1 gün sonra yoxa çıxıb. Bununla belə, alimlər meteoritin Yerə qayıtdığını təxmin edirlər.

NASA-nın Yerə Yaxın Obyekt Tədqiqatları Mərkəzi (CNEOS) bu asteroidin orbitini müəyyənləşdirməyə çalışırdı. Son tapıntılar onun gələn il planetə düşə biləcəyini ortaya qoyub. İtirilmiş meteoritin 2024-cü ilin oktyabrında Yerə çırpılma ehtimalı təxminən 11,5 milyonda 1, 2024-cü ilin martında Yerə çarpılma ehtimalı isə 10 milyonda 1 hesablanıb.

Bu son dərəcə zəif ehtimal olsa da, meteoritin planetə düşəcəyi təqdirdə 2,6 milyard ton TNT gücündə partlayış yaradacağı proqnozlaşdırılır. Bu enerji planeti məhv etmək üçün kifayət qədər böyük deyil. Amma düşəcəyi bölgəyə böyük ziyan vuracağı və bütün Yer kürəsinə şok dalğaları göndərməsi qaçılmazdır.

Kosmik agentliklər bu günədək Yerə yaxın olan 30 mindən çox asteroidi sənədləşdiriblər. Hazırda həmin obyektlər müşahidə edilir.

Bununla belə, NASA və digər qurumlar əmindirlər ki, Günəşin parıltısında hələ də kəşf edilməmiş böyük asteroidlər və kometalar gizlənir.

NASA tədqiqatçıları itmiş asteroidə nə baş verdiyini hələ dəqiq bilmirlər. Onlar ayıq-sayıq qalacaqlarını və Yerə dəymə ehtimalına dair əlamətlər axtarmağa davam edəcəklərini söyləyirlər.

Yeri gəlmişkən, Yerə yaxınlaşan başqa asteroidlər də var ki, onlar da eyni dərəcədə məhvə səbəb ola bilər. Məsələn, 29075 (1950 DA) kimi tanınan obyekt NASA-nın siyahısında ikinci ən riskli kosmik daş parçasıdır. 1950-ci ildə kəşf edilən bu meteoritin izi itib və astronomlar sözügedən obyekti 50 il axtarıblar. Daha sonra meteoritin çox uzaq gələcəkdə, 2880-ci il martın 16-da Yerə düşmə ehtimalı hesablanıb.

Oxunma sayı 245