“Nazarbayevlə yaxınlıq Putinə imkan verir ki, Qazaxıstanın keçmiş siyasi hakim sinfinə təsirini davam etdirsin...”

14:56 03.06.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Hesab edirəm ki, Kremlin Qazaxıstanla bağlı hər hansı bir planı yoxdur. Bəzən deyirlər, yazırlar ki, guya Rusiya Qazaxıstana hücum edəcək, ölkənin şimalını işğal edəcək və s. - bunlar doğru deyil. İki ölkə arasındakı münasibətlər normaldır

Siyasi şərhçi Zərdüşt Əlizadə hafta.az əməkdaşının “İşğalçı Rusiya lideri V.Putin Qazaxıstanın eks-prezidenti N. Nazarbayevlə gözlənilmədən niyə görüşdü?” sualını cavablandırarkən belə deyib.

“Qazaxıstanın keçmiş lideri Nursultan Nazarbayev Putinlə yaxınlığı özü üçün Qazaxıstanda bir sərvət hesab edir. Onun qohumlarının bir hissəsini vəzifədən çıxarandan, xeyli hissəsinin sərvətlərni əlindən alandan, onun təsir dairəsini məhdudlaşdırandan, Astananın adını qaytarandan, heykəllərini uçurandan və s. sonra Nazarbayev hesab edir ki, Putinlə yaxınlıq Qazaxıstanda onun ən böyük zəmanətidir. Yəni Rusiya liderinə görə ona toxunmayacaqlar və qohumlarını rüşvət, korrupsiya, oğurluq və s. hallara görə cəzalandırmayacaqlar. Putin də öz növbəsində hesab edir ki, Nazarbayevlə yaxınlıq ona Qazaxıstanın keçmiş siyasi hakim sinfinə təsirini davam etdirsin”, - həmsöhbətimiz düşüncələrini bu cür ifadə edib.

“Ola bilərmi ki, bu görüş Rusiyanın Qazaxıstanla bağlı hansısa yeni planlarının meydana çıxmasıyla bağlıdır?” sualına Zərdüşt Əlizadə belə cavab verib:

“Hesab edirəm ki, Kremlin Qazaxıstanla bağlı hər hansı bir planı yoxdur. Bəzən deyirlər, yazırlar ki, guya Rusiya Qazaxıstana hücum edəcək, ölkənin şimalını işğal edəcək və s. - bunlar doğru deyil. İki ölkə arasındakı münasibətlər normaldır. Bu gün Qazaxıstan Rusiyaya qarşı şıxış etmir. Rusiyanın bu ölkədən istədiyi əldə edilir. Moskva istəyir ki, Qərb o əraziyə ciddi nüfuz edə bilməsin, bütün geo-siyasi məsələlərdə Rusiyanın mənafeləri qorunsun – hazırkı ölkə rəhbəri Tokayev də bunları edir...”

“Bəzi analitiklər belə fikirlər də səsləndirir ki, guya keçmiş SSRİ sərhədləri çərçivəsində imperiyanın sərhədlərini bərpa etmək üçün Ukraynada işini bitirəndən sonra Putin növbəti hədəf kimi Qazaxıstanı işğal etməyi düşünür?” sualına isə siyasi şərhçi qısaca cavab verib:

“Onu deyə bilmərəm, Putinin beyninin içinə nüfuz edə bilmərəm, amma hesab edirəm ki, xüsusilə Ukraynada ağır nəticələrə gətirmiş son müharibədən sonra Rusiya çətin ki, hansısa növbəti qonşu keçmiş sovet respublikasına hücum edə bilsin...”