Neandertallara aid 50 min illik nizə ucu tapılıb. Elm adamları, at sümüyündən hazırlandığı təxmin edilən silahın, neandertalların sümük alətlərlə ov etdiklərini göstərən ilk dəlilləri təqdim etdiyini söyləyirlər.
Hafta.az-ın “IFL Science”a istinadən yazdığına görə, sümükdən hazırlanmış alətlər əslində homininlərin tarixində misilsiz deyil. Neandertallardan əvvəl olan bu nümunələrdən bəziləri 2 milyon il əvvələ aid edilib.
Müasir insanların yaxın qohumları olan Neandertalların da heyvanların dərisini kəsmək üçün sümük alətlər düzəltdikləri və ya çəkic kimi istifadə etdikləri qeyd olunub. Lakin onların ovçuluq kimi fəaliyyətlərdə bu cür vasitələrdən istifadə etdiklərinə dair heç bir dəlil yox idi.
Kataloniya İnsan Paleoekologiyası və Sosial Təkamülü İnstitutunun tədqiqatçıları ən azı 75 - 40 min il əvvəl Neandertallara ev sahibliyi edən Abrik Romaní qaya sığınacağını tədqiq ediblər. İspaniyadakı qaya sığınacağı 40 il ərzində aparılan analizlər sayəsində nəsli kəsilmiş bu insan növünün həyatı haqqında fikir verir.
“Scientific Reports” jurnalında bu yaxınlarda dərc edilən araşdırmada daş, ağac və sümükdən hazırlanmış müxtəlif alətlər müəyyən edilib. Tədqiqatçılar 50 min il əvvələ aid etdikləri sümük alətin ovda istifadə edilən nizə ucu olduğunu düşünürlər. Alətin ucunda nizələrə xas olan zərbə nəticəsində əmələ gələn xətti zərbə izləri və çatlar göründü. Onun taxta sapa bərkidilməsi əlamətləri də qeyd olunub. Bu müşahidələr əsasında komanda alətin silah məqsədləri üçün istifadə edilən nizə ucu olduğu qənaətinə gəlib.
Bəzi elm adamları, neandertalların əllərində başqa resurslar olmadığı üçün sümükdən alətlər hazırladıqlarını düşünürlər.
Digər tərəfdən, yeni araşdırmada daş alətlərin tapılması sümüklərə xüsusilə üstünlük verildiyini göstərir.
Məqalə müəlliflərindən Paula Mateo-Lomba deyir: “Abriç Romanidəki neandertalların əllərindəki resurslar arasında ətraf mühitdə bol daş xammalı, həmçinin sümük sınıqları olub”.
Tədqiqatçılar bu alətin at və ya maral kimi bir heyvanın iliyini yemək üçün sındırılmış sümüyündən hazırlanmış ola biləcəyini düşünürlər.
Sümüyün alət hazırlamaq üçün yararlı olduğuna görə xüsusi olaraq seçilib-seçilmədiyi, yoxsa iliyi yedikdən sonra qalan hissədən silah düzəltməyə qərar verdikləri məlum deyil.
Digər tərəfdən, bəzi elm adamları 50 min illik sümük alətin silah olmadığı qənaətindədirlər. Hominin texnologiyaları üzrə mütəxəssis, professor Ran Barkay, əlində daş kimi daha möhkəm seçimlər olduqda ov üçün sümüyün üstünlük təşkil etməsini inandırıcı hesab etmir.
Bununla belə, bu alətlərin daha yumşaq dərili heyvanları ovlamaq üçün istifadə edildiyi və onların düşünüldüyündən daha çox yayılmış olması da mümkündür.
Mütəxəssislər sümük alətlərin nadir olmasını onların daş alətlərə nisbətən zamanla çürüməyə daha çox meylli olması ilə əlaqələndirirlər.
Müasir insanların sümük nizə uclarından istifadə etdiyi də məlumdur. Lakin qaya sığınacağında heç bir Homo sapiens qalığı aşkarlanmadığı üçün tədqiqatçılar alətin neandertallara aid olduğunu bildirirlər.