Neftin bahalaşmasının SƏBƏBLƏRİ AÇIQLANDI 

15:55 21.01.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Əslində bu qiymət gözlənilən idi. İlin ilk hərracında London birjasında qiymət 78 dollardan başlayıb. Bu müddətdə bu gün səhər elektron birjada “Brent” markalı neftin ən yüksək satış qiyməti 89,02 dollara satılıb. Düzdür, hazırda 88 dollardan da aşağı satılır. Ancaq istənilən halda bu rəqəm yüksək rəqəmdir. Və belə bir yüksək rəqəmin olması bazarda bir neçə faktorlardan qaynaqlanır.

Bu fikirləri hafta.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib:

“Birincisi, ondan ibarətdir ki, 2020- ci ildə neft ehtiyatlarının 20-30 dollara olduğu dövrdə özlərinə çox böyük ehtiyat yığmış ölkələr artıq neft ehtiyatlarını kifayət qədər azaldıblar. Neft tacirləri belə fikirləşirlər ki, ötən ilin təqribən avqust-sentyabr aylarında bu ehtiyatlar azalmağa başlayıb. Məhz qış dövründə intensiv olaraq neftdən ənənəvi enerjiyə tələbat artımı kimi mövcud ehtiyatlar daha çox azalmağa meyilli olacaq. Bu ölkələr ABŞ, Yaponiya, Çin, Cənubi Koreya, o cümlədən Türkiyədir. Yəni, bu ölkələr enerjiyə böyük vəsaitlər xərcləyirlər. Məsələn, Türkiyə 2021-ci ildə enerji resurslarının idxalına 55 milyard dollara yaxın vəsait xərcləyib. Çin isə təkcə neftin idxalına hələ öz neft ehtiyatlarından istifadə edə-edə 257 milyard dollar vəsait xərcləyib.Yaponiyada bu rəqəm 140 milyard dollar olub. Yəni, onlar öz rezervlərini də artırmağa başlayacaqlar.

Qiymət artımına təsir edən ikinci amil “Omikron” ştammı oldu ki, bu ştammla bağlı verilən həyəcanlı proqnozlar özünü doğrultmadı.Və dünya səhiyyəsi, dövlətlət bu xəstəliyi zərərsizləşdirə bildilər. Məlum oldu ki, 2020-2021-ci illərdəki kimi qapanmalara getməyə, sərhədləri bağlamağa ehtiyac yoxdur. Bu amil də bazara təsir göstərdi. Üçüncü amil isə dünyada ilin əvvəlindən müşahidə edilən hərbi-siyasi gərginliyin get-gedə artmasıdır. Məsələn, Səudiyyə Ərəbistanı ilə Yəmən arasında münaqişə oldu. Yəmən tərəfi Əbu Dabiyə pilotsuz uçuş aparatları vasitəsilə atəş açdı. Digər tərəfdən, Rusiya və Ukrayna arasında siyasi-hərbi gərginlik aradan qalxmayıb və s. Bu gərginliyin qaynar fazaya keçdiyi təqdirdə, bazarda təlatüm göz altına alınaraq neftin hazırkı qiyməti təqribən 15-20 dollar ətrafında məhz siyasi riskləri özündə ehtiva edir. Ona görə bu vəziyyət yumşaldığı təqdirdə, neftin qiymətinin aşağı düşməsini müşahidə edəcəyik”.

Oxunma sayı 91