Neftin qiymətinin yüksək olması hökümətə imkan verir ki… - Açıqlama

15:56 21.01.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Baxmayaraq ki, noyabr-dekabr aylarında cari illə bağlı verilən proqnozlar 70 dollar ətrafındadır, hesab edirəm ki, neftə olan tələbatın 2019-cu il səviyyəsinə çatması fonunda neftin orta qiymətinin 75 dollar ətrafında olacağı daha real görsənir. Bildiyiniz kimi, bu ilin büdcə sənədində neftin 1 barellinin qiyməti 50 dollardan götürülüb.

Bu fikirləri hafta.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib:

“Təbii ki, neftin orta qiyməti 75 dollar civarında dəyişəcəyi təqdirdə, büdcə sənədində proqnoz edilən qiymət də artıqlaması ilə özünü doğruldacaq. Bizim bu ilki büdcəmiz həm də çox böyük kəsirlə proqnoz edilib və 3 milyard manatlıq proqnoz var. Neftin qiymətinin yüksək olması hökümətə imkan verir ki, makroiqtisadi stabilliyi və neft sektorunda büdcə daxilolmaları daha da artırsın, bu kəsri əlavə tədbirlər həyata keçirmədən öz öhdəliyini büdcə qarşısında yerinə yetirsin. Məsələn, ötən il neft sektorundan dövlət büdcəsinə 2,1 milyard manat vəsait daxil olub. Düzdür, bunu nə İqtsadiyyat Nazirliyi, nə hökümət elan etməyib. Ancaq rəsmi statistika əsasında bu qənaətə gəlmişəm və hesablamalarıma görə, proqnozdan 60 faizdən yuxarı göstərici əldə edilib. İndi də bu cür nailiyyət əldə etmək olar. Amma bir şeyi də yadda saxlamaq lazımdır ki, Azərbaycan idxaldan asılı olan ölkədir. Biz 10 milyard dollardan artıq idxala vəsait xərcləyirik. Bahalı enerji iqtisadiyyatı bazara bağlı olan ölkələrdə bütün mal və xidmətlərin bahalaşması deməkdir. Çünki enerji tələb edir və bahalı mal və xidmətləri biz idxal edirik. Bu o deməkdir ki, bir tərəfdən qazanırıq, digər tərəfdən onu xərcləyirik”.

Oxunma sayı 94