Rus hərbiçiləri Şuşada yerləşdirilə bilməzlər - ETİRAZ

18:15 09.06.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Regionun maraqlı dairələri Türkiyə başqanının Azərbaycana səfəri ətrafında müxtəlif mülahizələr irəli sürür. O cümlədən Rusiya sülhməramlıları tərəfindən birmənalı olmayan məqamlar önə çəkilir. İddialara görə, artıq 200 nəfər rus sülhməramlısı Şuşada yerləşdirilib və bu, Türkiyənin regiona gəlişinin qarşısında bir qalxan kimi təqdim olunur.  Türkiyə cümhur başqanının Azərbaycana səfəri bu şəkildə siyasi və hərbi rakusdan hədəfə alınaraq, birmənalı qarşılanmır.  

Vəziyyəti hafta.az-a  şərh edən politoloq Elxan Şahinoğlu erməni saytlarında gedən bu xəbərlərin təxribat xarakteri daşıdığını istisna etməyib. Onun sözlərinə görə, rus sülhməramlıları gedib Şuşada yerləşə bilməzlər.

“Nəzərə alınmalıdır ki, Şuşaya Türkiyənin başqanı gəlir və Azərbaycan öz üzərinə düşən gedişləri edəcək. Məlumdur ki, Şuşanın aşağı hissəsində, yəni Xankəndi ətrafında yaşayan ermənilər təxribat törədir, minalar basdırır, partlayışlar baş verir. Vətəndaşlarımız həlak olurlar. Ola bilsin ki, bu məsələlər ruslarla da müzakirə olunub və tapşırılıb ki, erməniləri təxribatlardan çəkindirsinlər. Hesab edirəm, rus hərbçiləri R.T.Ərdoğanın gəlişi ilə bağlı fəallaşacaqsa, ancaq dediyim həmin ərazilərdə ola bilər və yollarda nəzarəti artıra bilərlər. Əks halda aydındır ki, ruslar Şuşada yerləşdirilə bilməzlər. Şuşa yolunda müəyyən qədər rus hərbçiləri ola bilər. Azərbaycan və Rusiya da gərək Ərdoğanın təhlükəsizliyini təmin etsin. Hər birimiz gördük ki, iyunun 4-də mülki vətəndaşlarımıza qarşı hansı terror hadisəsi baş verdi. Ermənilərdən kimsə təxribat törətməyi ağlına gətirə bilər.  Bunun qarşısını Rusiya almalıdır”.

Politoloq bildirib ki, belə informasiyaların yayılmasında məqsədlərdən biri də Türkiyə ilə Rusiya arasında narazılıq yaratmaqdır.

Politoloq belə informasiyaların yayılmasının Rusiyanın Türkiyəyə verdiyi “Burada varam” mesajı kimi dəyərləndirilməsi ilə bağlı mülahizələri də birmənalı qarşılamayıb.

“Rusiyanın belə bir mesaja ehtiyacı yoxdur, bu mesajı gəlib Azərbaycanda yerləşməklə artıq veriblər. Ruslar Ərdoğanı nə ilə qorxuda bilər ki? Əksinə, Ərdoğanın Şuşada verəcəyi açıqlamaların bizim üçün böyük əhəmiyyəti var.  O, burada açılışlara, təməlqoyma mərasimlərinə qatılacaq. Əslində, bunlar bizim Türkiyə ilə birlikdə Rusiyaya verəcəyimiz mesajlar olacaq. Ona görə də mən daha çox Rəcəb Tayyib Ərdoğanın səfərinə və Şuşada verəcəyi açıqlamalara əhəmiyyət verirəm.  Yəqin ki, bu mesajlar həm Rusiyaya, həm də Ermənistana aid olacaq. Ermənilərə mesaj da ola bilər ki, əgər özünüzü adam kimi aparsanız sizinlə də əməkdaşlıqlar qurulacaq. Digər bir mesaj da  o olacaq ki,  Türkiyə artıq nəinki Cənubi Qafqazda, Azərbaycanda, Qarabağda da yerləşib”.

 

Oxunma sayı 18725
Siyasət rubrikasından digər xəbərlər