Yas mərasimlərinin təşkilinə qadağa varmı?

17:14 23.07.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Azərbaycanda müəyyən şərtlər nəzərə alınmaqla toy, nişan, ad günləri kimi kütləvi şənliklərin keçirilməsinə icazə verildi. Toylara qoyulan qadağanın iyulun 1-dən etibarən aradan qaldırılması yas mərasimlərinin təşkili məsələsini də gündəmə gətirib. Yas mərasimlərinin təşkili ilə bağlı əlavə yumşaldılmaların da olmaması narazılıqlara səbəb olub. Bəs görəsən toy və digər şənliklərin təşkilinə tətbiq edilən qaydalara yas mərasimlərini də həyata keçirmək olmazmı?

Məsələ ilə bağlı hafta.az-a danışan deputat Naqif Həmzəyev söylədi ki, ölkədə yas mərasimlərinin təşkili ilə bağlı heç bir problem yoxdur. Çünki, faktiki olaraq digər qadağaların qüvvədə olduğu dövrdə belə yas mərasimi təşkil edilirdi:

“Onsuzda yas planlaşdırılmış tədbir deyil. Mərhumun nə zaman dünyasını dəyişəcəyi öncədən məlum deyil. Ona görə də ilkin mərhələdə icazə almadan 50 nəfərlə həmin mərasimi təşkil edirlər. Sonrakı dövrlərdə - 3, 7, 40 və il mərasimlərini isə toylarda olduğu kimi, portaldan icazə alaraq, eyni üsulla keçirilməsinə icazə var. Yas mərasimində belədir ki, ilk gün dəfn həyata keçirilir, elə həyətdəcə balaca çadır qurulur, bura da heç kəs gəlib müdaxilə etmir. Hamı hörmətlə yanaşır. Bizim də tövsiyələrimiz bu olar ki, yas yiyələrini pis vəziyyətə salmayaq. Yaxşı olar ki, elə mərasimlərə mərhumun qohum-əqrəbası, ən yaxınları gəlsin. Sonrakı mərhələlərdə isə rahatlıqla portaldan icazə alıb 150  nəfərlə mərasimi keçirmək mümkündür. Açığı desəm mən bu günə qədər yas mərasimi təşkili ilə bağlı məsələlərdə narahatçılıqla qarşılaşmamışam. Gəncə şəhərində hamı rahatlıqla belə tədbirləri həyata keçirə bilir”.

Deputat son olaraq onu da qeyd etdi ki, bu günə qədər yas mərasimləri ilə bağlı anlaşılmazlıq yaranmasına səbəb dəqiq açıqlamanın olmamasıdır. Lakin toy və yas mərasiminin təşkilindəki məntiq eyni məntiqdir.

Oxunma sayı 6379