Ölüm və fəlakət gətirən “Səkkizillik müharibə”

12:20 22.09.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

22 sentyabr tarixi XX əsrin qara ləkəsi olaraq qalıb. Çünki məhz bu gün, çoxlarımızın “Səkkizlillik müharibə” kimi xatırladığımız İran-İraq müharibəsi başlayıb. 1980-ci il sentyabrın 22-də start götürən və tam 8 il davam edən bu müharibəni ərəblər “Birinci Körfəz müharibəsi”, iranlılar “Müqəddəs müdafiə”, iraqlılar isə “Qadisiyyat Ṣaddam” adlandırırdılar. Hərənin bir adla tanıdığı müharibə, əslində eyni nəticəyə xidmət edirdi: ölüm-itim, dağıntı, fəlakət...

Məlumatlara görə, 8 illik müharibə dövründə ortalama 1 milyon insan həlak olub, 2 milyondan çox insan isə yaralanıb.

Müharibənin meydana çıxması belə olub ki, əvvəldən də mövcud olmuş torpaq mübahisələrinə, bəzi ərazilərin kimin olması üstündə tərəflər arasında yaşanan qalmaqallara birdəfəlik və birtərəfli son qoymaq, İranın körfəzdəki nüfuzuna zərbə vurmaq, İslam inqilabından sonra Tehranın İraqın şiə əhalisi üzərində artan təsirini azaltmaq istəyən Səddam Hüseyn SSRİ-nin və bəzi ərəb ölkələrinin təhriki ilə ordusuna İran üzərinə hücuma keçməyi əmr edib. İlk vaxtlar İraq ordusu böyük hərbi uğurlar qazanıb, İranın bir sıra ərazilərini işğal eləyib. Hətta İranın Abadan və Xürrəmşəhr kimi böyük şəhərlərini mühasirəyə də alıb. Amma İranda hakimiyyət dəyişikliyi ilə nəticələnən inqilab olsa da, ölkə qəfil hücumun qarşısında tez toparlanıb və 1982-ci ildə nəinki İraqın hücumlarının qarşısını ala bilib, hətta işğal olunmuş əraziləri geri qaytarıb.

Müharibədə iki ölkənin qarşı-qarşıya gəlməsində qəribə heç nə olmasa da, faciə ondaydı ki, İraqın bir parçası olan Kürdüstan öz dövlətlərinə arxadan zərbə vurmaqdaydı. Bu gün də İraq Kürdüstanına rəhbərlik edən və Məsud Bərzaninin rəhbəri olduğu Kürdüstan Demokratik Partiyası, eləcə də uzun illər Cəlal Təlabaninin rəhbərlik etdiyi Kürdüstan Vətənpərvərlər Birliyi İran tərəfdən İraqa qarşı döyüşürdü. Əlbəttə, bunu bilən Səddam Hüseyn kürd şəhəri olan Hələbcədə kimyəvi silahdan istifadə edərək 10 mindən artıq insanı məhv etdi.

Heç kimə sirr deyil ki, müharibədə müasir silahlar nə qədər önəmli olsa da, ölkə əhalisinin sayı və iqtisadi gücü son sözü deyir. Bu mənada İran İraqdan xeyli üstün idi. Yəqin bu səbəbdən idi ki, Səddam Hüseyn İranı zəiflətmək məqsədilə Körfəzdəki neft daşıyan gəmilərə və sahidəki terminallara hücumlara başaldı. Nəticədə dünya bazarında neft sıxıntısı yaşanmağa və təbii ki, qiymətlər qalxmağa başladı. Bəhanə axtaran ABŞ əlüstü hərbi donanmasını Körfəzə göndərdi və bundan sonra neft daşıyan bütün tanker və gəmilər ABŞ bayrağı ilə üzməyə başladı.

Tam 8 il sürən amansız müharibə 1988-ci ilin avqustunda başa çatsa da, hətta BMT-nin səyləri ilə də sülh sazişi imzalanmadı. Çünki İran tərəfi Səddam Hüseyndən nəzarətdə saxladığı bütün əraziləri qaytarmağı tələb etdiyi kimi, İraq da Şətt-ül-Ərəb çayı boyunca uzanan su sərhədində birgə patrul xidmətlərinin yaradılmasına israr edirdi. İki ölkə arasında sülh bir də 1990-cı ildə - İraq Küveyti işğal edəndən sonra yarandı. Çünki Səddam Hüseyn, ABŞ-la müharibəyə başlayacağını görüb, arxa cəbhəni gücləndirmək məqsədilə İrana məxsus torpaqları geri qaytardı.

Müharibə sırasında İraq SSRİ tərəfindən birmənalı şəkildə dəstəklənirdi. Çünki ərəb dünyasında güclü mövqeyə malik BƏƏS partiyası məhz Sovet İttifaqının himayəsindəydi. Təbii ki, Səddam Hüseyn də məhz BƏƏS-in İraq bölməsinin rəhbəri olaraq iqtidardaydı. Amma elə görünməsin ki, İraqı müharibə illərində ancaq kommunist bloku dəstəkləyb, xeyr. Şah dövründə İranın əsas portnyoru, müdafiəçisi olan ABŞ, İslam inqilabından sonra bu ölkədən qovulduğu üçün, 1967-ci ildən diplomatik münasibətlərini belə kəsdiyi Səddam Hüseyn iqtidarını müdafiə etməyə başlamışdı. Hətta o vaxtlar ABŞ prezidenti Ronald Reyqanın xüsusi elçisi olmuş, Birləşmiş Ştatların keçmiş müdafiə naziri Donald Ramsfeld İraqa səfər edərək, şəxsən Səddam Hüseynlə görüşüb, müzakirələr aparmışdı. ABŞ bu illərdə müxtəlif yollarla İraqa silah-sursat, borc kredit verdi. Hətta İraqa bioloji və kimyəvi silah istehsal etmək üçün köməklik də etdi. Bunun nəticəsi idi ki, 1986-cı ilin mart ayında BMT Təhlükəsizlik Şurasında İraqın İrana qarşı kimyəvi və bioloji silah tətbiq etməsi məsələsi müzakirə olunanda, məhz ABŞ və İngiltərə İraqın əleyhinə olacaq qərarın qəbuluna imkan vermədilər...

Yalnız SSRİ, ABŞ və İngiltərə müdafiə edirdimi İraqı, xeyr, ən böyük dəstəkçilər ərəb ölkələri, xüsusilə də Səudiyyə Ərəbistanı və Küveyt idi. Ərəb ölkələri müharibə dövründə İraqa 300 milyard dollardan artıq təmənnasız maliyyə yardımı veriblər. Maraqlıdır ki, ərəb liderlər o vaxt Səddam Hüseyni “Ərəb millətinin xilaskarı” elan etmişdilər. Hansı ki, bir neçə il sonra bəslədikləri həmin “Ərəb millətinin xilaskarı” öz ordusu ilə Küveyti, Səudiyyə torpaqlarının bir qismini işğal edəcəkdi...

Heç kimdə elə fikir oyanmasın ki, yalnız İraqa dəstək verilib. Məsələn, bu gün iranlıların “sionist rejimi” adlandırdığı İsrail müharibə illərində məhz İslam İranına dəstək verib. Çünki o vaxt ərəb ölkələrində İsrailə qarşı böyük qəzəb vardı və rəsmi Təl Əviv bunun heyfini iranlıları dəstəkləməklə çıxırdı. Məşhur İran-Kontra müqaviləsi və başqa bir sıra sazişlərə əsaslanan İsrail, İranı əlindəki ABŞ istehsalı olan silahların, xüsusilə də müharibədə İrana böyük üstünlük verən, Şah Məhəmməd Rza Pəhləvi tərəfindən satın alınmış “F-14 Tomcat” döyüş təyyarələrinin ehtiyyat hissələri ilə təmin edirdi. Fransa, Almaniya və sair Avropa ölkələrinin İrana verdiyi silah və texnikanın qalıqları isə müharibə zamanı iraqlılar tərəfindən dünyaya göstərilməkdəydi.

Beləliklə, 1988-ci ildə BMT Təhlükəsizlik Şurasının 598 saylı qərarına əsasən tərəflər müharibəni dayandırdı, İran ordusu İraq torpaqlarından çıxaraq 1975-ci ildə imzalanmış Əlcəzair Müqaviləsində göstərilən xəttə çəkildi. Amma əsirlərin dəyişdirilməsi prosesi uzun müddət davam elədi və 2003-cü ildə sonuncu əsir vətəninə qaytarıldı.

Əslində İraqla İran arasında ikitərəfli münasibətlər Şah dövründə də yaxşı deyildi. Bəlkə də Səddam Hüseyn İslam İnqilabının baş verməsindən istifadə edərək, Şah dövründə yığılıb qalmış ikitərəfli problemləri silah gücüylə həll etmək istəyib. Baxın, 1969-cu ilin aprel ayında İranın o zamankı şahı İraqın güneyini – Şətt-ül-Ərəb çayı dərəsini işğal etmək fikrinə düşmüşdü. Əlbəttə, özbaşına yox, məhz ABŞ hökuməti onu bu sevdaya salmışdı. O vaxt İran hərbi gəmilərini çayın mənsəbinə göndərmişdi. Buna görə də 1970-ci ildə İraqla İran arasında diplomatik münasibətlər kəsildi. Nəhayət, vasitəçilərin səyləri nəticəsində 1973-cü ildə yenidən əlaqələr quruldu və 1975-ci ildə yuxarıda adını çəkdiyimiz “Əlcəzair Müqaviləsi” imzalandı. Sazişə görə, sərhəd Şətt-ül-Ərəb çayının dərəsi boyunca cızılacaq, rəsmi Tehran kürdləri dəstəkləməyəcəkdi. Amma İran tərəfi körfəzdəki İraqa məxsus kiçik adalardan çıxmadığı üçün saziş yerinə yetirilmədi. Hətta Səddam Hüseyn də İranın cənub-qərbində yerləşən və ərəblərin yaşadığı Xuzestan bölgəsinə iddia irəli sürdü...

...İraq müharibəyə 212 min nizami ordu, 2700 tank, 2300 zirehli döyüş maşını, 1400 artileriya sistemi, 370 təyyarə, 300 helikopterlə, İran isə 290 minlik ordu, 1710 tank, 1900 zirehli döyüş maşını, 1100 artileriya sistemi, 421 təyyarə, 750 helikopterlə başlamışdı. Amma müharibə illərində güc balansında ciddi dəyişikliklər yaşandı: müharibənin sonlarına yaxın İraq hərbi qüvvələri 800 min əsgər, 3400 tank, 4500 zirehli döyüş maşını, 2300 artileriya sistemi, 360 təyyarə, 140 helikopter, İran ordusunda isə 850 min əsgər və əlavə olaraq 700 mindən çox könüllü döyüşçü, 1100 tank, 1400 zirehli döyüş maşını, 900 artileriya sistemi, 160 təyyarə və 90 helikopter vardı.

Müharibədə İranın qələbə çalmasına geniş ərazisi, sənaye zonalarının, böyük şəhərlərin döyüş meydanından aralıda olması və ən əsası əhalinin vətənlərini qan bahasına müdafiə etməsi faktı kömək etdiyi kimi, İraqın məğlub olmasını paytaxt da daxil bütün iri şəhərlərin və sənaye müəssisələrinin müharibə meydanlarında yerləşməsi, üstəlik ölkə əhalisinin bir hissəsi olan kürdlərin vətənlərinə xəyanət etməsi sürətləndirdi. Hər iki tərəfə 200-300 milyard dollar ziyan dəydi, şəhərlər, kəndlər xaraba qaldı, infrastruktur dağıldı, İranda 1 milyonadək insan həlak oldu və ya yaralandı, İraqda isə 400 min nəfər ölü və yaralı oldu.

...Müharibənin başa çatdığı gündən 33 il ötür, amma hələ də hər iki ölkədə ailələr şəhidlərinə yas tuturlar, hər iki ölkədə əlini-ayağını, gözünü itirmiş on minlərlə şikəst insan o qanlı illərin acı xatirəsi ilə yaşamaqdadır. Biz isə deyirik: lənətə gəlsin müharibəni və onu başlayanları...

Oxunma sayı 3215
Siyasət rubrikasından digər xəbərlər