"İranın xarici işlər nazirindən soruşdum ki, niyə ermənilərə dəstək verirsiniz..." - "Hizbullah"ın eks Baş Katibi

17:20 25.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Hizbullah"ın qurucularından biri, təşkilatın lık Baş katibi olmuş livanlı şiə din alimi Şeyx Sübhi Tufeyli AA-nın Livan müxbirinə verdiyi geniş müsahibəsində Azərbaycanla bağlı məsələlərə də toxunub.

Hafta.az-ın yazdığına görə, cənab Tufeyli deyib ki, Ermənistan 1990-cı illərdə Azərbaycanın Qarabağ bölgəsini işğal edərkən İrandan çox böyük dəstək alıb. "O zaman İran mətbuatı və siyasətçiləri Ermənistanın işğal siyasətini güclü şəkildə dəstəkləyiordi. Elə bu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyanın "İran dəstək verməsəydi, 1990-cı illərin əvvəllərində Ermənistan ordusu məğlub olardı" dedi. İran hətta Azərbaycan torpaqlarının işğali üçün Ermənistana hərbi və lojistik dəstək də verib" deyən Tufeyli əlavə edib ki, 1990-cı illərin əvvəllərində o, şəxsən İranın Xarici işlər naziri Əli Əkbər Vilayəti ilə söhbət edib. "Ona dedim ki, sizlər niyə xristian erməniləri bu yazıq müsəlmanlara qarşı dəstəkləyirsiniz? Mənə cavab verdi ki, Ermənistan, Sovetlər Birliyindən ayrılan Azərbaycan, Türkmənistan və digər türk cümhuriyyətlərlə Türkiyə arasında ciddi maneə yaradır. Ermənistana dəstək verərək gücləndirəcəyik ki, Türkiyənin önünü bağlamış olsun. İndi bir şey olmamış İsrailin adını çəkirlər. Hansı ki, Vilayəti o sözləri mənə deyəndə Azərbaycan yenicə müstəqilliyini bərpa etmişdi, həmin vaxt İsraillə əlaqələrdən ümumiyyətlə söhbət gedə bilməzdi", - "Hizbullah"ın qurucusu deyib. 

Tufeylinin sözlərinə görə, İran 1996-cı ildə İsraillə saziş imzalayaraq işğal altındakı Fələstin torpaqlarında heç bir İsrail əsgərinə zərər verməyəcəklərinə dair öhdəlik götürüb və bu günədək iranlılar həmin müqaviləyə sözsüz əməl edirlər. "Bu gün bəhanə olaraq guya sionistlərlə əlaqəsi olduğuna görə Azərbaycanla problem yaşadıqlarını deyirlərsə, bilin ki, böyük yalançıdırlar. İranın siyasəti dürüst deyil, yıxım siyasətidir. Bu səbəblə İranın yürütdüyü siyasətlərin çoxunun elə özünə xeyri olmadığını görürük", - livanlı siyasətçi deyib.

Oxunma sayı 7302