“Qanunun aliliyinə və konstitusiyaya güzəştdən söhbət gedə bilməz” – Asif Durrani

12:45 15.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bir ay öncə "Pakistan Talibanı" adlandırılan “Tehriki Taliban Pakistan” (TTP), rəsmi İslamabadın verdiyi sözləri tutmadığını əsas gətirərək atəşkəs sazişini uzatmayacaqlarını elan etmişdi. Müstəqilliyinin ilk günlərindən Azərbaycanın yanında dayanan qardaş Pakistan dövlətində belə bir vəziyyətin yaranması şəxsən məndə çox böyük narahatlıq oyatdı. Onsuz da şərqdə sərhədləri ən xoş dillə desək, narahat qonşusu Hindistanla, şimal və şimal-qərbdə isə daxilində heç vaxt asayiş olmayan, bu gün isə silahla qurulmuş yeni iqtidarına münasibətdə dünyadan təcrid olunan Əfqanıstanla haşiyələnən Pakistanın problemləri yetərincədir, daxilində düşmən dəyirmanına su tökəcək əlavə qarşıdurmaya ehtiyacı yoxdur. Hər halda, təəssüf ki, problem faktdır.

Problemin mahiyyəti nədən ibarətdir? TTP rəhbərliyi tələb edir ki, Pakistan hökuməti vədlərinə uyğun addımlar atsın, müzakirələrə başlasın və həbs etdiyi təşkilat üzvlərini sərbəst buraxsın. Bunlar olmayacaqsa, artıq bir aydır Pakistan hərbi qüvvələri ilə razılaşdırdıqları atəşkəs razılaşmasını birtərəfli şəkildə pozacaqlar.

Bu arada, TTP-nin yaydığı açıqlamada deyilir ki, hazırda Pakistan zindanlarında təşkilatın 100-dən çox üzvü saxlanılır. Onların sərbəst buraxılması sülh danışıqlarına başlamaq üçün səbəb verə bilər. Hətta xalqa xitabən mövqe də qoymuşdular ortaya ki, Pakistan xalqı sazişlərə əməl etməyənlərin hökumət, yoxsa TTP olduğuna dair qərarını versin…

Əlbəttə, Pakistan ordusunun sözçüsü Babar İftixar cavab olaraq bildirib ki, hər hansı razılaşmadan, dövlətlə ultimatum diliylə danışan silahlı qrupla siyasi bazarlıqdan söhbət gedə bilməz. O, hətta artıq ölkədə Talibanla müharibənin başladığını da vurğulayıb.

Pakistanlı tanınmış diplomat, qardaş ölkənin Birləşmiş Ərəb Əmirlikləri, İran və Əfqanıstanda səfiri işləmiş Asif Durrani (Asif Əli Xan Durrani) Hafta.az-a müsahibəsində bildirir ki, Pakistan hökuməti “Tehriki Taliban Pakistan”la qan tökülməməsi üçün sülh danışıqları apardı, amma bu proses heç bir irəliləyişin olmaması üzündən yarımçıq qaldı. Bildirir ki, “Tehriki Taliban Pakistan” 2007-ci ildə parçalanmış vəziyyətdə olan təxminən 13 qrupun birləşməsi nəticəsində yaranıb. İlk rəhbəri Beytullah Məsud olan təşkilata hazırda Nur Vali Məsud rəhbərlik edir.

Qeyd edək ki, Pakistanın şimal-qərbində 2004-cü ildən bu yana yerli tayfalarla dövlətin ordu bölmələri arasında silahlı toqquşmalar davam etməkdədir. Buna səbəb isə 2001-ci ildə ABŞ-ın Əfqanıstanı işğal etməsini, etnik və dini problemlər kimi bir çox amil göstərilir. TTP-də hesab edirlər ki, ABŞ Əfqanıstanı işğal edərkən Pakistandan əfqanlara deyil, qarşı tərəfə ciddi və hərtərfli dəstək verib.

TTP Əfqanıstan - Pakistan sərhədindəki qəbilə qurşağında fəaliyyət göstərir və silahlılarının əksəriyyəti də məhz həmin qəbilələrin kişiləridir. Bundan əlavə, TTP-nin  “Əl-Qaida”dan ideoloji dəstək aldığı iddia olunur. TTP Əfqanıstan “Talibandan” fərqlənir və hətta bəzən onlara qarşı çıxır. Amma bu heç də iki eyniadlı qrup arasında əlaqənin olmaması anlamına gəlməməlidir.

Pakistan ordusu antiterror əməliyyatları nəticəsində qruplaşmanın yaraqlılarından xeyli hissəsini məhv etsə də, hazırda 4-5 min TTP yaraqlısı gizli yollarla Əfqanıstana sığınıb. Hətta təşkilatın bir çox üzvünün İŞİD-ə qatıldığı da deyilir…

Maraqlıdır TTP özünəarxayın təşkilatdırsa, o zaman niyə hökumətdən danışıqlara əməl olunmasını tələb edir, sülh müzakirələrini əsas götürür?

Cavab aydındır: bilirlər ki, Pakistan hökuməti heç vaxt bu silahlı quldur yığını ilə bir masa arxasında əyləşməyəcək və təbii ki, TTP-nin də İslamabadla toqquşmağa qüvvəsi yoxdur, olmayacaq da. Cənab Asif Durrani də sözlərimizi təsdiqləyir. Bildirir ki, Pakistan hökuməti qan tökülməsinə qarşıdır. Amma danışıqlardan əvvəl bu terror təşkilatının bütün imkanlarını tükətmək istəyir. “Pakistan hökumətinin sözü budur: ölkədə qanunun aliliyi prinsipinə, konstitusiyaya güzəştə getməkdən söhbət gedə bilməz!”, - deyir tanınmış diplomat.

Bu arada, yuxarıda qeyd etdik ki, TTP yaraqlılarının böyük hissəsi hazırda Əfqanıstana sığınıb və şübhəsiz, orada himayə olunurlar. Elə isə Əfqanıstan və Pakistan “Talibanı” arasında birbaşa əlaqə varmı?  

Cənab Durrani deyir ki, TTP və Əfqanıstan “Talibanı” eyni idealogiyaya qulluq edirlər. Bu halda əlaqələrinin olması da labüddür. Amma Pakistan cəmiyyətində belə bir qruplaşma qəbul oluna bilməz.

Hə, yazımızın əvvəlində də qeyd etmişdik ki, Pakistanın düşməni və ya ən azından yaxşılığını istəməyən xeyli sayda ölkə var. Həmin qüvvələr, tam əminliklə deyirəm, Pakistanda sabitliyi pozmaq üçün TTP-nin mövqeyindən maksimum istifadə edirlər. Elə isə çıxış yolu nədir? Rəsmi İslamabad nə etməlidir ki, bu silahlı dəstə dövlətin qanunlarına tabe olsun və nəticədə düşmənlərin planı da pozulsun?

Asif Durraninin dediklərinə nəzər salaq: “Düşünürəm ki, xalqımız və hökumətimiz, qanunlara tabe olub, konstitusiya qarşısında baş əyməyincə TTP-ni qəbul etməyəcək. Bircə yol qalır: təşkilat silahı yerə qoyub, dövlətin qanunlarına tabe olmalıdır. Xalqımız heç vaxt heç nəyi unutmur. Məhz TTP yaraqlılarının 2014-cü ilin dekabrında Peşəvərdə 150 ​​məktəblini qətlə yetirməsi hər bir pakistanlının yaddaşında həkk olunub. Bu halda hansı sülh danışığından, hansı güzəştdən söhbət gedə bilər? TTP 150 məktəblinin vəhşicəsinə qətlə yetirilməsinə görə məsuliyyət daşıyır və günahkarlar qanun qarşısında mütləq cavab verməlidirlər”…

Oxunma sayı 1142