Şadlıq sarayları qiymətləri bahalaşdırdı - TOY EDƏNLƏRƏ BƏD XƏBƏR

16:20 19.01.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyasının dünya iqtisadiyyatına vurduğu zərbələrin özünü ən qabarıq şəkildə göstərdiyi bu günlərdə ölkədə müxtəlif fəaliyyət növlərində qiymətlər artan templə davam edir. Hazırda ərzaqların, yağın, çörəyin, bir sözlə istehlak səbətinə daxil olan məhsulların satışı bahalaşıb. Bəs görəsən yeni tariflər toy etmək istəyənlərə nə cür təsir göstərir? Bu gün restoranlarda menyuların qiyməti nə qədərdir? Gələcək aylarda şadlıq evləri qiymətləri nə qədər qaldıracaq?

Hafta.az məsələni araşdırmaq üçün bir sıra tanınmış şadlıq evləri ilə əlaqə saxladı.

Əksər restoranların sahibkarları gələn aylarda qiymətlərin bir xeyli qalxacağını istisna etmir. Gilavar şadlıq sarayının məsul əməkdaşın;n sözlərinə görə, mart ayı üçün menyular 55, 65 və 75 manat təşkil edəcək. Hazırda isə həmin qiymətlər 45, 55 və 65 manatdır. Səbəb kimi isə ərzaq məhsullarının bahalaşması göstərildi.

Royal şadlıq sarayından verilən məlumata görə isə hazırda menyuların qiyməti 32-35 manat arası dəyişir. Rəhbərlik bildirir ki, növbəti aylarda menyularda qiymət artımı qaçınılmazdır:

"Biz əvvəllər ətin 1 kiloqramını 13 manata alırdıqsa, artıq bu qiymət 15 manat olub. Üstəlik son vaxtlar tək bahalaşan ət də deyil. Çörəkdən tutmuş, bütün əsas qidaların hamısının qiyməti qalxıb. Ona görə biz istəsək də? istəməsək də növbəti aylarda şadlıq saraylarının menyularının da qiyməti qalxacaq".

Bir digər məşhur restoran olan "Versal Palace"də də vəziyyət oxşardır.

Burada mart ayı üçün qiymətlər zallara görə 55, 60 və 70 manat nəzərdə tutulub.
Hazırda isə tort, musiqi və dəvətnamə də daxil olmaqla bu menyular 5 manat endirimlə müştərilərə təklif edilir. Növbəti aydan qiymətlərin qalxması da ilk olaraq ərzaq məhsullarının bahalaşması ilə bağlıdır:

"İndi hər şeyin qiyməti qalxıb, vəziyyət çətindir. Mart ayında nəzərdə tutduğumuz menyuya indi daxil olan tort, musiqi və dəvətnamə kimi şeylər salınmayıb".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, bahalaşma ilə bağlı hər gün ölkənin müxtəlif bölgələrindən azı 2-3 zəng qəbul edir. Ancaq, bu sahədə qalxan qiymətləri tənzimləmək mümkünsüzdür:

"İstehlakçılar bilməlidirlər ki, restoranlarda qiymətlər sərbəstdir. Lülə kabab bir yerdə 3 manat olduğu halda, digərində bu qiymət 15 manat ola bilər. Heç bir dövlət orqanı buna nəzarət etmir. Lakin Nazirlər Kabinetinin 94 saylı qərarına görə bu sahədə xidmət göstərən istənilən yerdə menyu olmalıdır. Həmin menyuda malın çəkisi və qiyməti yazılmalıdır. Hətta bəzilərndə kalori dəyəri də göstərilir. İstehlakçı seçimdə sərbəstdir və bundan narazı qalmamalıdır".

İqtisadçı ekspert Fuad İbrahimov hesab edir ki, şadlıq evlərində baş verən bahalaşmanı "süni qiymət artımı" adlandırmaq düzgün deyil. Çünki qiymətlərin artmasına əsaslı səbəblər var:

"Ola bilər ki hazırda restoranların menyusunda göstərilən yeməklərin çoxunun tərkibində işlənən məhsullar bahalaşmayıb, yaxud da mövsümü meyvə-tərəvəzlərin qiyməti sabitdir. Lakin nəzərə almaq lazımdır ki il boyu yanacağın və kommunal xidmətlərin qiyməti qalxıb. İaşə obyektləri də məhz bu komponentlərdən istifadə etməklə fəaliyyətini həyata keçirir. Şərt o deyil ki? ətin qiyməti hələ də əvvəlki ilə eynidir deyə menyu bahalaşmasın. Axı burada başqa amillər də var. Bütün bunlar nəzərə alındıqda restoranlarda qiymətlərin artması heç də təəccüblü deyil. Həmçinin belə vəziyyətdə süni qiymət artımından da danışmaq yersiz olardı".

Oxunma sayı 1245