“Türkiyə ilə Rusiya arasında koordinasiyalı siyasətin təməlləri atılır” – Ünver Sel

12:25 26.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Krımın Rusiya tərəfindən işğal edilməsi bütün bölgədə vəziyyəti korlayıb, hətta az qala üçünü dünya müharibəsi səviyyəsinə gətirib çıxarıb. Rusiya isə deyir ki, Krım mənimdir, vəssalam. Hətta şərqi Ukraynanın da rusların ana vətəni olduğunu iddia edərək separatçı bölgəyə çevirib. Elə bu günki Rusiya - Ukrayna müharibəsi təhlükəsi daha çox bu separatçı bölgədən qaynaqlanır.

Krıma qayıdaq: krımlı liderlər bu gün əsasən Kiyevdə fəaliyyət göstərirlər. Səbəb də aydındır: Rusiya müstəmləkə siyasətinə qarşı çıxan insanları nəinki qəbul etmir, hətta onları aradan götürməyə çalışır. Amma yarımadada qalıb çalışanlar da var. Elə bu günkü müsahibimiz olan Krım İnkişaf Fondunun və Krım Tatar Mədəniyyət Dərnəkləri Federasiyasının sədri Ünver Sel kimi. Onunla Krım tatarlarının vəziyyətindən tutmuş Ukrayna-Rusiya münasibətlərinə, Türkiyənin vasitəçilik təklifindən Azərbaycanın bu prosesdə oynaya biləcəyi roladək – hər şeydən danışdıq. Müsahib nə dedi, nə danışdı, gəlin birlikdə oxuyaq:

- Krımda yaşayan tatarlar məsələsində Türkiyə, Rusiya və beynəlxalq ictimaiyyət nəzdində mədəni fəaliyyətlərin idarə olunması, cəmiyyətimizin ehtiyacları nəzərə alınaraq diplomatik təmasların qurulması və tatar xalqının problemlərinin həllinə çalışırıq. Krım tatarları, Sovetler Birliyi dağılandan sonrakı 23 illik Ukrayna dönəmində hər zaman bazarlıq mövzusu olub, tatarların Orta Asiya ölkələrindəki sürgündən geridönüşlərinə maneələr yaradılıb. Tatarların heç vaxt torpaq, dil və idarəetmədə təmsil olunma məsələsi həllini tapmayıb. Krımın təkrar Rusiyaya bağlanmasından sonra Rusiya prezidenti Vladimir Putinin verdiyi qərarla bu problemlərin həlli istiqamətində ciddi addımlar atılıb. Yenə də çatışmazlıqların qalmasına rəğmən Krım tatarlarının haqları hüquqi müstəvidə tanınıb. Biz də bütün bunları izləyərək problemlərin çözümünə dəstək verməyə davam edirik.

- Krımın hazırda öz ərazilərində olmayan, yəni Kiyevdə və sair oturan liderləri ilə təmaslarınız varmı, Krımın Ukraynaya geridönüşü mümkündürmü?

- Bu nyaxınlarda Almaniya Dəniz Qüvvələri komandanının da bildiridiyi kimi, Krımın Ukraynaya qaytarması inandırıcı görünmür. Hesab edirəm ki, boş xəyallara qapılaraq, tatar xalqını eynilə 1944-cü ildəki kimi, macəraya sürükləməyin faydası yoxdur. Kiyevə qaçan keçmiş tatar liderlərlə aramızdakı fikir ayrılıqları da məhz budur. Biz tatar xalqının xeyrinə olacaq mövqedə dayanmağı təklif elədik, amma onlar Ukrayna daxilində Qərin kiçik bir alətiı olmağı seçdilər. Bu gün həmin qrupların Kiyevdə və Türkiyədə fəaliyyətlərini, aralarındakı qalmaqalları və mənfəət toqquşmalarını görürük.

- Bilirsiniz ki, hazırda dünyanın gözü-qulağı Ukraynadadır. Rusiyanın hərbi müstəvidə  hücuma keçəcəyi deyilir. Sizcə Rusiya Ukrayna sərhədlərini keçərək açıq əməliyyatlara start verəcək, yəni genişmiqyaslı müharibə başlayacaq?

- Əslində müharibəyə Qərbin təhrik etdiyini görürük. İngiltərə üzərindən təyyarələr Ukraynaya ağır silah-sursat daşıyır. Moskvanın Ukraynaya hər hansı hücum niyyətinin olmamasına dair ən üst səviyyədə açıqlamalar verilməsinə baxmayaraq, ABŞ hökuməti elə hey müharibədən söz açır. Bütün bunları nəzərə alaraq, diplomatiyanın da dövriyyəyə girdiyini düşündükdə, hər hansı müharibənin olmayacağını deyə bilərik. Bu gün Rusiya – Ukrayna münaqişəsi olaraq gördüyümüz bu qalmaqal Moskva ilə Kiyev arasında deyil, ABŞ və Böyük Britaniya ilə Rusiya arasında yaşanır. Ukrayna burada istifadə edilən sadəcə alətdir. Amerikalılarla ingilislərin geopolitik çıxarları üçün Ukraynadan bu şəkildə istifadə etməsi, öncə Ukrayna xalqına, daha sonra da bütün Şərqi Avropa dövlətlərinə ziyandır. Məncə Qərbin fitnəsi ilə Ukraynadakı millətçi qruplar eynilə 1941-ci ildəki Barbaros Hərəkatı kimi çılğınlıq içindədirlər. Bu vəziyyətdə “Novorossiya” güclərinin özünümüdafiə haqqı olmalıdır.

- Prezident Ərdoğanın vasitəçilik istəyi həm Moskva, həm də Kiyev tərəfindən alqışlanıb. Necə bilirsiniz, prezident Ərdoğan tərəfləri Ankarada və ya başqa bir şəhərdə görüşdürə biləcək? Hətta bir araya gəlsələr belə, arzuladığımız nəticə əldə olunacaq?

- Türkiyə Qara dəniz, Qafqaz və Suriyada çox vacib mövqeyə sahibdir və bütün bu regionlarda Rusiya ilə ortaq hərbi və diplomatik əməkdaşlıq içindədir. Bu baxımdan Ankaranın dəvəti gərginliyin azalması üçün vacib rol oynaya bilər. Tərəflərin də bu dəvətə müsbət cavab vermələri bölgədə sabitliyin yaranması baxımından vacibdir. Sözünü etdiyimiz bu prosesin müsbət nəticələnəcəyini düşünürəm. Ümumiyyətlə, atılan hər bir diplomatik addım sülhə gedən yolda bir kilometr daşıdır və mütləq təsiri olacaq.

- Axı Rusiyanın Ukraynadan qəti tələbi nədir, nə istəyir, niyə aqressiv davranır? Sadəcə Qərbdən üz çevirib Moskvanın yanında olmasınımı istəyir, yoxsa başqa nələrsə var? Yaxşı, Ukrayna Moskvanın istədiyini yerinə yetirsə, Rusiya Krımı və Donbası geri qaytaracaq?

- Sovetlər Birliyi dağılandan sonra NATO, Rusiyaya təhdid yaratmayacağı və şərqə doğru genişlənməyəcəyinə dair söz vermişdi. Lakin gedişat tam əksinə oldu: ABŞ NATO-nun bayrağı altında Rusiya sərhədlərinə doğru konvensional və nüvə silahlarını topladı. Moskva da eyni millətin qolu olan Ukraynanın öz torpaqlarını Rusiyaya qarşı silahlanmaya meydan etməməsini istəyir. Ukraynada bu mövqeyi dəstəkləyənlərlə Qərb tərəfdarları arasında fikir ayrılığı davam edir. Bu vəziyyətdə isə Rusiya öz soydaşlarını millətçilərdən qorumağa çalışır. Rusiyanın bu şərtlər altında Krımdan və ya Donbasdan vaz keçməsi öz varlığını inkar etməsi demək olardı. Krımın statusuna gəldikdə, rəsmi Moskva bu məsələnin əbədi olaraq müzakirələrə bağlı qalacağını bildirib. Rusiya bu torpaqlardan vaz keçərsə, Qafqazda, Xəzər regionunda, Orta Asiyada, hətta Baltık regionunda da qala bilməz.

- Ötən günlərdə Azərbaycan prezidenti İlham Əliyev də Kiyevə səfər etmişdi. Sizcə bu səfərdə bizə bəlli olmayan bir məqsəd vardı, yəni bu səfəri prezident Əliyevin qardaş dediyi Ərdoğanın vasitəçilik təklifinə dəstək saymaq olar? Bu arada, prezident İlham Əliyevin özünün də tərəflər arasında vasitəçilik etmək istəməsinə dair söz-söhbətlər dolaşırdı...

- Prezident İlham Əliyev də eynilə cənab Ərdoğan kimi, bölgənin hörmət sahibi liderlərindəndir. O, həm Moskva, həm Kiyev, həm də Ankaranın nəzərində güclü fiqurdur. Prezident İlham Əliyevin səfərini yalnız Rəcəb Tayyib Ərdoğanın təklifi müstəvisində deyil, həm də Vladimir Putinin münasibəti baxımından da müştərək cəhd hesab edə bilərik. Bu səfər, eynilə Qarabağda olduğu kimi, Ərdoğan - Əliyev - Putin təklifi olaraq ortaya çıxmış görünür. Onsuz da prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın səylərinin Minsk Qrupundan daha real nəticələr verdiyi ortadadır.

- İndi də İstanbulda 3+3 və ya 3+2 formatında görüşlərin keçirilməsi gündəmə gəlib. Bunun Ukrayna ilə bir bağlılığı varmı - təbii ki var. Çünki bu görüşün də məqsədi bölgədə sabitlik və sülhü bərqərar etməkdir. Azərbaycan – Ermənistan probleminin əsas tərəfi olan Rusya həm də Ukrayna ilə münaqişənin baş rolunda çıxış edir. Sizcə Qarabağ münaqişəsinin qəti həlli Ukrayna probleminə də müsbət təsir göstərə bilər?

- Hər biri fərqli görünsə də, həm Ukraynadakı vəziyyət, həm də Qarabağın Ermənistan tərəfindən işğalı regional sabitliyi pozan məsələlərdir. İllər boyunca Azərbaycan torpaqlarının işğalı məsələsində Qərb Minsk Qrupu daxilində baş aldatmaqla məşğul oldu. Nə zaman Azərbaycan, Türkiyə hərəkətə keçdi, bölgə ölkələrinin təklifləri ortaya çıxdı, bax o vaxt Qarabağ məsələsində müsbət inkişaf başladı. Bu mənada Qarabağ münaqişəsinin həlli Ukrayna məsələsinə də müsbət təsirini mütləq göstərəcək. Qərb gücləri yaratdıqları münaqişə vəziyyəti ilə Qafqazda və Qara dənizdə gərginliyə xidmət edir və beləliklə, özünün bölgəyə müdaxiləsinə zəmin yaradır. Bu baxımdan İstanbul Zirvəsi regional təşəbbüs olaraq son dərəcə vacibdir.

- 3+3 formatının İstanbulda təşkil olunması dolayısıyla prezident Putinin Ərdoğanla bir araya gəlməsi deməkdir. Sizcə Türkiyə 3+3 formatı üzərindən Rusiyanı Ukrayna məsələsində yola gətirə bilər?

- Türkiyənin nüfuzunu yalnız Ukrayna üzərindən qiymətləndirmək olmaz. Türkiyə və Rusiya Suriya məsələsində “Astana prosesi”ni həyata keçirir, Qarabağda ortaq hərbi missiyaları var. Türkiyənin ilk nüvə mərkəzini Rusiya şirkətləri inşa edir. Türkiyə havadan müdafiəsini Rusiyadan aldığı “S 400”lərlə təmin edir. Türkiyə eyni zamanda, NATO-nun ən böyük ikinci ordusuna sahibdir. Bütün bunları birlikdə düşünmək lazımdır. Bundan əlavə, Ukrayna, Qara dənizin üç böyük gücündən biridir. Türkiyə də boğazlar yoluyla Qara dənizin açarını əlində tutur. Moskova bu baxımdan Türkiyənin diplomatik səylərini mütləq diqqətə alacaq.

- İstər Rusiya – Ukrayna münaqişəsi olsun, istərsə də Qarabağ problemi, həll prosesində Moskva ilə Ankaranın yaxından rol oynaması sizcə Qərbdə səmimi qarşılanır, yoxsa Qərb NATO müttəfiqi Türkiyəni qabağa verməklə özünü münaqişənin məsuliyyətindən xilas etmək istəyir? Axı problemlərin həlli, Qərbdə heç də xoş qarşılanmayan cənab Ərdoğanın hörmətini artırır, Qərb bunu istəməz məncə...

- NATO-nun timsalında Qərbin artıq bir bütün olmadığını görürük. Almaniya Ukraynaya silah göndərməyi rədd edir. İraq müharibəsindən üzübəri Fransa ilə Almaniyanın bir, İngiltərə ilə ABŞ-ın isə başqa bir qütbdə dayandığının şahidiyik. NATO-nun hərbi qanadını dominə edən ABŞ və İngiltərə, nə Qarabağda, nə də Ukraynada regional təşəbbüsün ortaya qoyulmasını istəməz. Əlbəttə, Türkiyə NATO-nun üzvüdür, amma İstanbul görüşü üçün Qərbin prezident Ərdoğanı irəli verdiyini deyə bilmərik. Bundan əlavə, Qərb gücləri münaqişədən yaxa qurtarmaq deyil, əksinə onu daha da dərinləşdirmək və alovlandırmaq istəyir. Yəni, Türkiyə, Rusiya, Azərbaycan, hətta İpək Yolu layihəsi ilə əlaqədar Çin Qafqaz, Qara dəniz və Şərqi Aralıq dənizi enerjisini istehsal etmə siyasəti yürüdür. Son illər Ankara və Moskvanın Cənubi Qafqazda qarşılıqlı geopolitik maraqlar müstəvisində tarazlığı qoruduğunu və bölgənin problemlərini qərbli vasitəçilərin iştirakı olmadan çözməyi bacardığını görürük. Bu müstəvidə Qərb bloku, xüsusilə də Vaşinqton, müzakirələrin zəminlərinin Rusiya tərəfindən hazırlanmasından çox narahatdır. Rusiya tarixi müstəvidə Azərbaycan və Ermənistanla yaxın əlaqələrə sahibdir. Belə yaxın əlaqələrə rəğmən Rusiyanın Qərb ölkələrinin əksinə, tərəfsiz qaldığını və tərəflər arasında danışıqlar prosesinə müdaxilə etməyə çalışmadığını demək lazımdır. Moskvanın bu mövqeyi Ankarada da müsbət qarşılanır və bölgədə Türkiyə ilə Rusiya arasında koordinasiyalı siyasətin təməlləri atılır. Cənubi Qafqazda sülh şəraitinin yaradılması, bölgə dövlətlərinin hamısının xeyrinədir. Şəxsən mənə qalarsa, Ankara, Bakı, Moskva və hətta İrəvan bu vəziyyəti yaxşı başa düşür. Belə deyək: prosesi kimin idarə etdiyi deyil, nəticə vacibdir...

Oxunma sayı 3120