“Bəzi qadınlar pensiya yaşının azaldılmasının əleyhinədir” – Millət vəkili

15:58 10.05.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda pensiya yaşının yüksək olması tez-tez gündəmə gələn əsas məsələlərdən biridir. Dünyada pensiya yaşının müəyyənləşdirilməsi doğulanda gözlənilən ömür uzunluğu (yaş) nəzərə alınaraq həyata keçirilir.

Dövlət Statistika Komitəsinin mətbuat katibi Tünzalə Qarayevanın hafta.az-a verdiyi məlumata görə, 2021-ci ildə Azərbaycanda doğularkən gözlənilən ömür uzunluğu  73.6 ildir. Kişilər üçün bu yaş 71.3, qadınlar üçünsə 75.9 olaraq göstərilir.

Onu da deyək ki, dünya təcrübəsində təqaüdə çıxan vətəndaşın ondan gələcək 12 il ərzində istifadə edəcəyi planlaşdırılır. Əgər bu amil nəzərə alınarsa, onda ölkəmizdə pensiya yaşı təqribən, kişilərdə 59, qadınlarda isə 63 yaş olmalıdır.

Həmçinin rəsmi göstəricilər onu deməyə əsas verir ki, ölkədə son illərdə doğularkən gözlənilən ömür uzunluğu hər keçən il bir qədər də  qısalmaqdadır. Ancaq buna baxmayaraq, pensiya yaşı artırılmağa davam edir.

Hətta mövzu mütəmadi olaraq Milli Məclisdə də müzakirəyə çıxarılır. Xüsusən də, qadınların pensiya yaşının azaldılması yönündə xeyli təkliflər də verilir.

Qadınların təqaüdə çıxma yaşının azaldılması ilə bağlı hafta.az-a məlumat verən deputata Fazil Mustafa söylədi ki, pensiya yaşı geniş müzakirə edilərsə, dəyişikliklər də oluna bilər. Ancaq burada həm də məsələnin faydalı və faydasız tərəflərinə baxmaq lazımdır. Elə qadınlar var ki, müəyyən yaşa çatsalar belə, təqaüdə çıxmaq yox, işləmək istəyirlər:

“Buna görə də, həmin qadınlar pensiya yaşının azaldılmasının əleyhinədirlər. Ancaq işləməyən və yaxud da başqa bir qisim qadınlar erkən təqaüdə çıxmaq istəyirlər. Ona görə də cəmiyyətdə bununla bağlı birmənalı fikir yoxdur. Ölüm yaşı bizdə dəqiq statistik göstəricilərlə ortaya qoyulmalıdır. Bundan sonra qərar qəbul edilməlidir. Bütün hallarda məsələ geniş müzakirə olunmalıdır. Çünki həm leyhinə, həm də əleyhinə olan insanlar var. Bunlar hamısı nəzərə alınmalıdır. Qadınların dünyaya gətirib böyütdükləri uşaqların sayı da nəzərə alınmalıdır.  Çünki, hər uşağı böyütmək böyük zəhmət tələb edən işdir”.

Məsələnin yenidən gündəmə gətirilməsinə gəldikdı isə, deputat deyir ki, müəyyən adamlar Milli Məclisdə məsələni mütəmadi olaraq aktuallaşdırır. Hazırda məsələ gündəlikdə var və müzakirə olunmalıdır.

Oxunma sayı 5088