“Rusiya səfiri Azərbaycanı iki yerə parçalamaqla hədələyirdi...”

17:30 12.05.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

1994-cü ilin bu günlərində, təəssüf ki, hərbi üstünlük Ermənistan tərəfdə idi. Daha doğrusu, Rusiya Ermənistana hərtərəfli kömək etdiyindən bu, belə idi.  Azərbaycanda isə ordunun formalaşması prosesi hələ başa çatmamışdı.  Yəni nizami ordunun yaradılması prosesi hələ davam edirdi. Amma ordunun silah və texnika ilə, eləcə də gərəkli kadrlarla təminatında  böyük problemlər yaşanırdı”.

Bu fikirləri AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədov hafta.az əməkdaşının “28 il öncə - 1994-cü lin mayında Azərbaycanın Ermənistanla atəşkəs razılığı əldə etməsi  nə dərəcədə zəruri idi, başqa yol yox idimi?” sualını cavablandırarkən ifadə edib.

“O günlər Rusiya da Ermənistanın tərəfində duraraq Azərbaycanı hədələyirdi ki,  erməni qüvvələrinin Kürə çıxmasıyla ölkə iki yerə parçalana bilər. Təbii ki, bu halda Gəncə də təhlükə altında qalırdı.  Və  Rusiyanın Azərbaycandakı o vaxtkı səfiri Vladimir Kazimirov işğal barədə belə hədələri açıq-aşkar ifadə edirdi.  Bir sözlə, Azərbaycanın hərbi-siyasi mövqeyi yetərincə güclü deyildi.  Müttəfiqləri də yox səviyyəsində idi. Çünki olan müttəfiqləri də kömək etmək iqtidarında deyildi. Bütün bu səbəblərdən 1994-cü ildə Ermənistanla atəşkəs haqda razılıq əldə olunması məcburi bir addım idi. Hamı, o cümlədən biz də narazı olsaq da, hakimiyyət atəşkəsə getməyə məcbur idi” –deyə açıqlamasının davamında istiqlalçı deputat vurğulayıb.

Oxunma sayı 6961