"Rusiya vətəndaşlığını yeni almış əcnəbilər də səfərbərlik çərçivəsində müharibəyə çağırılacaq".
Hafta.az-ın yazdığına görə, bunu Rusiya İnsan Haqları Şurasının üzvü Kirill Kabanov deyib. O, həmin şəxslərin səfərbərlik əmrinə əməl etmədikləri təqdirdə ailələri ilə birlikdə vətəndaşlıqdan məhrum olunması üçün qanun qəbul etmək təklifini verib.
Qeyd edək ki, ötən gün Qırğızıstan səfirliyi Rusiyadakı vətəndaşlarına zəng edərək xəbərdarlıq edib ki, hələ də Qırğızıstan vətəndaşı olan şəxslərin ölkə hüdudlarından kənarda silahlı münaqişələrə qatılması qanunla qadağandır. Səfirlik həmçinin Qırğızıstan vətəndaşlarından səfərbərlik vərəqələri veriləcəyi təqdirdə əlaqə saxlamalarını xahiş edib.
Kirill Kabanovun yeni qanun çağırışının məhz bu xəbərdarlığın ardınca gəlməsi diqqət çəkib. Kabanov Özbəkistan, Qırğızıstan, Tacikistan və Qazaxıstanın adlarını çəkərək, təklif olunan qanunun bu ölkələrə yaxşı cavab olacağını bildirib.
Qırğızıstanla yanaşı, Özbəkistan və Qazaxıstan rəsmiləri də bəyanat yayaraq, öz vətəndaşlarının səfərbərliyə cəlb edilməsinə qarşı çıxıblar.