"Gələn ildən Bakı-Tiflis-Ceyhan boru kəməri ilə neftin nəqlinə başlayacağıq" - Qazaxıstanın XİN başçısı

10:00 26.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Mərkəzi Dəhliz) inkişafı üçün Türkiyə, Azərbaycan, Qazaxıstan və Gürcüstanın xarici işlər və nəqliyyat nazirləri arasında Qazaxıstanın Xəzər sahilində yerləşən liman şəhəri Aktauda 2022-2027-ci illər üçün yol xəritəsi imzalanıb.

Hafta.az-ın yazdığına görə, Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberdi gələn ildən etibarən Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neftin nəqlinə başlamağı planlaşdırdıqlarını bildirib.

Qazaxıstanın XİN başçısı çıxışında bildirib ki, iclas təkcə Xəzər dənizi vasitəsilə Şərq-Qərb istiqamətində beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üçün deyil, həm də Xəzər və Qara dənizdə əməkdaşlığın gücləndirilməsi istiqamətində əməli addımların atılması baxımından mühüm əhəmiyyət kəsb edir. 

20222-ci ilin Qazaxıstanın Azərbaycan, Türkiyə və Gürcüstanla əlaqələrində aktiv il olduğuna diqqət çəkən Tileuberdi bu ölkələrlə siyasi dialoq, ticarət-iqtisadi, mədəniyyət və humanitar sahələrdə mütəmadi əməkdaşlıq etdiklərini bildirib. Tileuberdi bu əməkdaşlığa hazırkı geosiyasi reallıq çərçivəsində beynəlxalq nəqliyyat dəhlizləri sahəsinin də əlavə olunduğunu və iyun ayında Bakıda keçirilmiş üçtərəfli görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna daxil olan ölkələrdə gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində birgə layihələrin həyata keçirildiyini xatırladıb. 

Yol xəritəsinin imzalanmasının Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafında mühüm addım olduğunu vurğulayan Tileuberdi qeyd edib ki, bu sənədlə təkcə koordinasiya üzərində işləmək deyil, həm də aydın layihələr həyata keçirmək məqsədi daşıyır.

Görüşdə Gürcüstanı da öz arasında görməkdən məmnun olduğunu bildirən Tileuberdi, “Böyük nəqliyyat layihələrinin əksəriyyəti Gürcüstan ərazisindən keçir və biz Bakı-Tiflis-Qars dəmir yolunun, eləcə də Bakı-Tiflis-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin potensialının artırılması məsələsinə də nikbin baxırıq”, - deyib.

Qazaxıstanlı nazir gələn ildən etibarən Bakı-Tiflis-Ceyhan boru kəməri ilə neft daşımalarına başlamağı planlaşdırdıqlarını bildirib: “Bu məsələdə dəstəyinizə ümid edirik, çünki bu, ümumi praqmatik maraqlarımıza cavab verir”.

Qeyd edək ki, 2025-ci ilə qədər Orta Dəhlizin daşıma gücünün ildə 10 milyon tona çatdırılması nəzərdə tutulur.

Oxunma sayı 4425