Avropanın qaz bazarında Əlcəzairin mövqeyi güclənir - TƏHLİL

16:09 26.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə İtaliya hökumətinin başçısı xanım Giorgiya Meloni Əlcəzairə səfər etdi. Çox xoş qarşılandı, ən yüksək səviyyədə görüşlər oldu və görüşlərə uyğun səviyyədə də müqavilələr imzalandı. Təbii ki, bunlardan bizim və hətta Avropanın özü üçün ən vacibi təbii qazın ticarəti haqqında olandır. Əslində bu hadisənin çox vacib mahiyyət daşımasını tək mən yox, elə Əlcəzair prezidenti, milli kimliyinə, torpağına, xalqına, elinə-dövlətinə sonsuz sevgi ilə bağlanmış və bu səbəbdən də şəxsiyyətinə böyük hörmət etdiyim Əbdülməcid Tebbun da deyir. Sitat: Əlcəzairlə İtaliya arasında yeni qaz kəməri layihəsi “fövqəladə əhəmiyyət kəsb edir” və Əlcəzairin elektrik enerjisi, ammonyak və hidrogen ixrac etməsi üçün “qısa müddətdə reallaşdırılacaq”.

Qaz axtarışı

Bu arada, Rusiyanın Ukrayna torpaqlarına hərbi təcavüzünə qarşı çıxan Avropa Birliyi Moskvadan qaz idxalını dayandırdığı və ya dolayısıyla, rusların Avropaya cavab olaraq nəql etdiyi mavi yanacağın axımını dayandırdığı üçün “qoca qitə” qışın soyuğunda donur desək yanılmarıq. Ona görə də dünənədək o qədər də əhəmiyyətli partnyor hesab edilməyən, bəzən hansısa məsələlərə görə üzərinə gedilən, yeri gələndə tənqid edilən, qınanılan ölkələrin qapılarına düşüblər. Bu ölkələrdən biri bizim Azərbaycandırsa, digəri də Əlcəzairdir. Çox maraqlıdır ki, bu iki dövlət – Azərbaycan və Əlcəzairi yalnız İslam mədəniyyəti deyil, tarixi dostluq əlaqələri birləşdirir.

Qayıdaq Əlcəzair qazının İtaliyaya ixracı ilə bağlı müqaviləyə. Xanım Meloni də sazişdən məmnundur. Mətbuat konfransında deyib ki, ən qısa vaxtda texniki araşdırmalar aparılacaq və daha sonra tikintisi reallaşdırılacaq.

Cənab Tebbun da gözəl bir söz deyib: “Əlcəzair əsas təchizatçı olaraq italyanlarla əməkdaşlıqda yeni səviyyəyə keçmək istəyir. Çünki İtaliya elektrik, qaz, ammonyak və hidrogenin timsalında enerjinin Avropaya paylanması üçün mərkəz olacaq.

Eynilə Türkiyə kimi. Bu yaxınlarda Moskva və Ankara razılığa gəliblər ki, Rusiya qazı Türkiyəyə nəql olunsun və buradan dünyanın istənilən bölgələrinə ixrac edilsin. Yəni Türkiyə yeni təbii qaz satış mərkəzi rolunu oynayacaq, qiymətləri müəyyənləşdirəcək və satacaq. Eyni mexanizm İtaliyada da yaradılacaq. Dünyanın ən böyük qaz hasilatçı və ixracatçılarından olan Əlcəzair təbii qazı yeni tikiləcək kəmərlə o qədər də uzun olmayan məsafədən İtaliyaya çatdıracaq. Ola bilər gələcəkdə Liviya, Misir qazı da bu ölkəyə satılsın və bütün Avropa mavi yanacağıməhz İtaliya üzərindən idxal etsin.

Yeri gəlmişkən, İtaliya Azərbaycanın da ən böyük strateji tərəfdaşıdır və Azərbaycandan da böyük həcmdə qaz idxal etməkdədir. Azərbaycan İtaliyaya TAP vasitəsilə 2021-ci ildə 6,8 milyard kubmetr, 2022-ci ildə isə 10 milyard kubmetrdən artıq təbii qaz ixrac edib. Avropanın enerji təhlükəsizliyini gücləndirmək məqsədilə bağlanmış son sazişə əsasən isə bu ölkəyə ixrac olunan təbii qazın həcmi iki dəfə artırılacaq. Buna baxmayaraq Azərbaycan İtaliyanın yanar qaz bazarında Əlcəzairdən sonra ikinci yerdədir. Yəni İtaliyanın ən iri qaz təminatçısı bu gün də Əlcəzairdir, sabah da yeni məlum saziş əsasında Əlcəzair olaraq qalacaq.

Ədalətli yanaşma

Bu yerdə bir məsələyə diqqət edək: İtaliya dünyanın ən böyük iqtisadiyyatlarından biri kimi, qlobal siyasətdə digər ölkələrə ən çox loyal münasibət bəsləyən ölkədir. Əgər Fransa, Almaniya, hətta daha kiçik Avropa subyektləri yeri gələndə inkişaf etməkdə olan ölkələrlə “ucadan danışdığı” halda, İtaliya əksər vaxt sakit və sadəcə iqtisadi əlaqələrini inkişaf etdirən tərəfdaş qismində özünü göstərib. Azərbaycanla münasibətdə bir misal çəkim: Fransa ermənilərlə bağlı heç olmayan, qondarma bir problem yaratmaq və onu qloballaşdırmaq istədiyi, Almaniya və çevrəsindəki ölkələr yerli-yersiz məsələləri qabartdıqları halda İtaliya səssiz-sədasız Azərbaycanın dünyada ən böyük ticarət tərəfdaşına çevrilməyi bacardı. Bu gün İtaliya təbii qaza olan ehtiyacını Azərbaycanın hesabına ödəyir, qarşılığında isə, əlbəttə, qazan-qazan prinsipi ilə Azərbaycana sərmayə yatırır, iş yerlərinin açılmasında rol alır, hətta dost ölkə olaraq Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə tikinti-quruculuq proseslərində iştirak edir.

İtaliya eyni münasibəti Əlcəzairlə də yaradıb. Elə baş nazir Meloni Əlcəzairdə olanda dostluq və strateji əməkdaşlıq haqda müqavilənin 20-ci ilini də qeyd edib və iki ölkə arasında sözün əsl mənasında dost əlaqələrin mövcudluluğundan fərəhlə danışıb. Hətta Meloni iqtisadi əlaqələrin uğurlu inkişafından ilhamlanaraq deyib ki, Avropanın düşdüyü enerji böhranı kontekstində Əlcəzair “Afrika və qlobal səviyyədə lider ola bilər və İtaliya bu enerjinin Avropaya çatdırılması üçün qapıdır”. Bu sözün bir mənası da odur ki, Əlcəzair həm də Afrika qitəsinin sözsüz lideri ola bilər və hətta bu söz eyni iddiada olan Misir və Mərakeş kimi ölkələrin ünvanına siqnal da sayıla bilər. 

İtaliya qaz mərkəzi olacaq

Əlcəzairin İtaliya başda olmaqla, Avropanın qaz təminatında üstün mövqe tutmasının başlıca səbəbi həm “qoca qitə”yə çoğrafi baxımdan digər qaz təminatçılarından dəfələrlə yaxınlığı, həm də əvvəldən dənizin altı ilə inşa edilmiş qaz boru xətlərinin olmasıdır. Yoxsa ki, böyük qaz ixracatçısı olan Qətər, BƏƏ, Misir, Səudiyyə Ərəbistanı, hətta sanksiyalarla təcris olunmasına baxmayaraq müəyyən yollardan yararlanan İran heç vaxt Avropa kimi geniş bazarı əldən verməzdi. Amma belə demək mümkündürsə, hansı ölkənin nə düşünməsinə baxmayaraq, 2022-ci il Əlcəzair üçün “qızıl il” olub və ümumilikdə illik qaz ixracını 56 milyard kubmetrlə tamamlayıb. Amma bu son deyil, prezident Tebbunun da dediyi kimi, ölkə 2023-cü ildə qaz ixracının həcmini ikiqat artıraraq 100 milyard kubmetrə çatdırmağı hədəfləyib. Təbii ki, bu hədəfin içində İtaliyanın özünəməxsus payı olacaq. İki il öncəyədək Əlcəzairin İtaliyaya qaz ixracatı ildə 20-21 milyard kubmetr idisə, məsələn, ötən il yeni qaz yataqlarının kəşfi ilə bu həcm daha da artırıldı. Məlumata əsasən, 2022-ci ildə strateji əhəmiyyətini daha da artıran Əlcəzair İtaliyaya qaz ixracını 21 milyard kubmetrdən 25 milyard kubmetrə çatdırıb. Meloni ilə razılıqdan sonra bu həcmi tədricən yüksəltmək əzmi nümayiş etdiriləcək və ENİ Baş Meneceri Klaudio Deskalzinin də dediyi kimi, 2024-cü ilədək ildə 28, sonrakı illərdə isə 30 milyard kubmetr qaz İtaliya bazarına ixrac olunacaq. Əlbəttə, yeni qaz xətti tikilib istifadəyə verildikdən sonra ixracat ikiqat artacaq. Yaxın zamanlarda Əlcəzair üçün nəticə isə belə olacaq: qitənin enerji təhlükəsizliyində çox böyük pay alacaq, Əlcəzairin lider enerji şirkəti “Sonatrach” Avropanın əsas tərəfdaşlarından birinə çevriləcək, İtaliya başda olmaqla Avropalı tərəfdaşlar, xüsusilə də İtaliya investorları Əlcəzairin iqtisadi inkişafında rol alacaqlar və sair.

Bu arada qeyd edək ki, hazırda Əlcəzair Tunis üzərindən İtaliyanın Siciliya adasına, Mərakeş üzərindən İspaniyaya və bir də ayrıca xətlə İspaniyanın güneyindəki Almeriya şhərinə çıxmaqla, tam üç qoldan Avropaya qaz ixrac edir. Amma Qərbi Səhra problemi səbəbindən Mərakeş ərazisinə uzanan xəttin işində müəyyən problemlər yaranıb...

Siyasi rəqabət

Bir məsələni qeyd etmək istərdim ki, xanım Meloninin Əlcəzairə səfəri yalnız təbii qazın alğı-satqısı ilə bağlı deyil, başqa və çox geniş əlaqələri də özündə cəmləyib. İtaliyanın enerji nəhəngi ENİ zatən 1981-ci ildən Əlcəzairlə əməkdaşlıq edir və indi də Əlcəzairin güneyindəki neft mədənlərində istehsalla məşğuldur. Meloninin səfərində italiyalı iş adamlarının Əlcəzairin maşınqayırma sənayesinin, digər emal müəssisələrinin inkişafında, kiçik və orta şirkətlərin daha səmərəli iş sahəsi yaratmasına kömək göstərməkdə, karbon emissarlarının azaldılmasında, enerji istehsalı zamanı itkilərin və tullantıların qarşısının alınmasında, təhsil sahəsində, sosial infrastrukturun yenilənməsində və sair Əlcəzairdə oynaya biləcəyi rol da araşdırılıb. Yəni bu gün İtaliya ilə Əlcəzair arasında olduqca böyük əməkdaşlıq strategiyasının icrası məsələsi dayanır. Özü də bunlar sırf iqtisadi-ticarət müstəvisində olsa da, Afrika prizmasından yanaşdıqda və ən azından mənim qənaətimcə siyasi mənası da böyükdür.

Giorgia Meloninin hələ ötən ilin oktyabrında səsləndirdiyi maraqlı bir fikir var, sitat: Afrika ilə "sərvət oğurluğuna deyil, əməkdaşlıq və tərəfdaşlığa əsaslanan güclü əlaqələr" yaratmaq lazımdır və bu məsələdə Əlcəzair İtaliya üçün mühüm tərəfdaş ola bilər.

Əlbəttə, xanım Meloni bu sözü deyərkən güman ki, Afrikada böyük maraqları olan Fransanın bağına daş atmışdı. Onu da unutmayaq ki, İtaliyada ifrat sağçı koalisiya hakimiyyətə gəlməzdən əvvəl Giorgia Meloni Fransanı "Afrika ölkələrinin hüquqlarına zidd olaraq qitənin təbii sərvətlərini və xammallarını haqsız olaraq istismar etməkdə" ittihamlamışdı. Meloninin fikrincə, məhz bu istismar səbəbindən inkişafdan qalmış afrikalılar Avropaya köçməkdədir. Bu səbəbdən də Afrikanın Avropaya doğru miqrasiyasını dayandırmağın həlli məhz Afrikanı bəzi avropalılardan xilas etməkdir. Meloni bu mövzuda ən sərt açıqlamalarından birini Fransa prezidenti Emmanuel Makrona xitab edərək “Bizə mühazirə oxuma, Makron, çünki afrikalılar sizin siyasətləriniz üzündən qitələrini tərk edib Avropaya gəlirlər” demişdi.

Olduqca ədalətli yanaşmadır. Afrikanı əsrlər boyu Afrikanı talan edən işğalçılardan, xüsusilə də Fransadan ən böyük zərbə alan ölkələrin başında elə Əlcəzair dayanır. Fransa ortalama 130 il ərzində Əlcəzairi sözün əsl mənasında talan edib, 1,5 milyon əlcəzairlini qətlə yetirib və nəticədə yüz minlərlə əlcəzairli iş gücü olaraq Fransaya və digər Avropa ölkələrinə yerləşiblər. Yəni xanım Meloninin fikirləri yüzdə yüz tarixi həqiqətlərin təsdiqidir.

Xatırlayaq ki, ötən aylarda Fransa prezidenti Emmanuel Makron da qaz ticarəti ilə bağlı Əlcəzairə səfər etmişdi və əlbəttə ki, ölkəsinin müstəmləkə dövründə törətdiyi cinayətlərin məsuliyyətini öz üzərinə götürüb üzr istəməyi ağlının ucundan belə keçirmədi. Təbii ki, Makron Əlcəzairdə o qədər də xoş qarşılanmadıvə qaz satışına dair də hər hansı irəliləyiş əldə edilmədi.

Fransa ilə yanaşı İspaniya da Əlcəzairdən qaz idxalında böyük problemlə üzləşib. Səbəbi də məlumdur: Qərbi Səhra məsələsində Mərakeşi dəstəkləməklə keçmiş işğalçılıq siyasətini müasir Mərakeş üzərindən yenidən Səhra xalqına tətbiq edib.

Göründüyü kimi, Əlcəzairlə sıx əlaqələrə malik iki böyük dövlətin yanlışlarını nəzərə alan İtaliya daha doğru yol tapıb ki, bu da əlcəzairlilərin maraqlarına uyğundur.  Əlcəzairlilər onlara səmimi yanaşan tərəfdaşlara səmimi də cavab verməyi bacarırlar. Məsələn, Əbdülməcid Tebbun ötən il may ayının 26-da İtaliya prezidenti Sergio Mattarella ilə keçirdiyi mətbuat konfransında da demişdi ki, "beynəlxalq, mənəvi və etik cəhətdən təkcə dost İtaliya ilə deyil, digər ölkələrlə də imzaladığı müqavilələri qorumaqda qərarlıdırlar. O, hələ o vaxt ölkəsinin İtaliya ərazisindən keçməklə bir sıra Avropa ölkələrinə qaz paylamaq səylərini vurğulayıb, Avropanın bir hissəsini elektrik enerjisi ilə təmin etmək üçün Əlcəzairdən İtaliyaya dənizin altı ilə xəttin yaradılması təklifini qabartmışdı. Hansı ki, eyni fikirlər Meloninin səfəri zamanısazişlərlə rəsmiləşib.

Xalqlarımızı birləşdirən reallıq

Sonda bir məqama da diqqət ayırmaq istərdim. Tarixən belə olub: əzən əzəni, əzilən isə əziləni müdafiə edib. Əlcəzair Fransanın işğalından 130 il ərzində o qədər əziyyət çəkib ki, bundan sonra əsrlər boyunca əlcəzairlilərin hafizəsindən silinməyəcək. Azərbaycan da əsrlər boyu ruslardan və iranlılardan, eləcə də hər zaman onların əlində oyuncaq olmuş ermənilərdən böyük zərbələr alıb və bu, artıq bir xalq olaraq azərbaycanlıların yaddaşına həkk olunub. Fransa erməniləri dəstəklədiyi kimi, Azərbaycan da haqlı tərəf olaraq Əlcəzairin yanındadır. O cümlədən, üç ay öncə prezident İlham Əliyev Əlcəzairə səfəri zamanı bu ölkədə çox böyük sevgi-sayğı ilə qarşılandı, dövlətimizin başçısı əlcəzairlilərin acısını öz acısı bildi, Milli Mücahidlər Muzeyinin xatirə kitabına içindən gələn ən səmimi sözlərini yazdı: “Bu muzey Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasətinin, müharibə və insanlıq əleyhinə cinayətlərin, müstəmləkəçi qüvvələrə qarşı ümumxalq mübarizəsinin, bir milyon yarım şəhidin canı bahasına qazanılmış müstəqillik qələbəsinin yaddaşlarda qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir”.

Göründüyü kimi, Əlcəzairlə Azərbaycanı sadəcə İslam mədəniyyəti, qarşılıqlı sevgi-sayğı, hər sahədə üstün əlaqələr deyil, həm də çox acı tarixi bənzərliklər də birləşdirir. Bu baxımdan xanım Giorgia Meloninin simasında İtaliya dövlətinin Əlcəzairə, eləcə də Azərbaycana, ölkələrimizin fonunda haqqa-ədalətə uğurlu yanaşması xalqlarımızı məmnun edir, sevindirir və təbii ki, italyan xalqına eyni hörmətlə, sevgi ilə cavab veririk...   

Oxunma sayı 3150