Bolqarıstanda əhali böhranı: Yaşlılar artır, gənclər azalır

09:26 29.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bolqarıstanda Milli Sosial Təminat Qurumunun (NOI) və Milli Statistika İnstitutunun (NSI) dərc etdiyi məlumatlar ölkənin demoqrafik strukturunda ciddi dəyişikliklər baş verdiyini göstərir. Məlumatlara görə, 2021-ci ildə aparılan siyahıyaalma ilə əhalinin 6 milyon 520 minə qədər azaldığı müəyyən edilib. Bu azalma “Kovid-19” epidemiyasının təsiri ilə 2022-ci ilin sonunadək 6 milyon 447 minə qədər azalıb.

Hafta.az-ın yazdığına görə, NOI tərəfindən verilən açıqlamada təqaüdçülərin sayının bu il 12300 artaraq 2024-cü ildə 2 milyon 39 minə çatacağı qeyd edilib. Bu artım əhalinin qocalma tendensiyasını ortaya qoyur.

NSİ-nin açıqlamalarına görə, Bolqarıstan əhalisinin 2075-ci ildə 4,9 milyon nəfərə qədər azalacağı gözlənilir. Bundan əlavə, 65 və yuxarı yaşda olan vətəndaşların ümumi əhali arasında xüsusi çəkisinin 25,5 faizə çatacağı bildirilir.

Bu demoqrafik dəyişikliklərin əsas səbəbləri arasında 1989-cu ildə kommunizmin sona çatmasından sonra immiqrasiya dalğaları və aşağı doğum nisbətləri daxildir. 1989-cu ildə əhalisi təqribən 8 milyon olan Bolqarıstan 2007-ci ildə Avropa Birliyinə daxil olduqdan sonra əhalisinin sayı əhəmiyyətli dərəcədə azalıb və təxminən 2 milyon insan başqa ölkələrə köç edib.