Bakıda VIII Beynəlxalq İtaliya Mətbəxi Həftəsi keçiriləcək (FOTO)

12:37 01.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 3-9-da Bakıda VIII Beynəlxalq İtaliya Mətbəxi Həftəsi keçiriləcək.

Hafta.az-ın yazdığına görə, bu barədə İtaliyanın ölkəmizdəki səfirliyinin tədbirlə bağlı təşkil etdiyi mətbuat konfransında məlumat verilib.

Tədbirin açılışında çıxış edən İtaliyanın ölkəmizdəki səfiri Klaudio Taffuri bildirib ki, qida sənayesi ölkə iqtisadiyyatı üçün önəmli sahələrdən biridir: "İtaliyaia məxsus qidaların dərin tarixi var. Amma təəssüf ki, bir çox hallarda İtaliya mətbəxi dünyanın fərqli yerlərində kopyalanır. Amma başa düşürük ki, bu müvəqqəti haldır”.

Səfir Taffuri bildirib ki, hər il eyni tarixdə bu tıdbirin keçirilməsi ənənəyə çevrilib. “Bu bir səfir olaraq fəaliyyətim dövrümdə 3-cü tədbirdir ki, Bakıda keçirilir. Biz hər dəfə İtaliyanın fərqli bölgələrinin mətbəxini tanıtmağa çalışırıq. Məsələn, əvvəlki tədbirlərdə Cənubi və Şimali İtaliya mətbəxləri təqdim olunmuşdu. Bu gün açılışına yığışdığımız tədbirdə isə Siciliya mətbəxi ilə Azərbaycan ictimaiyyətinin görüşünə gəlmişik” deyib diplomat.

Səfir qeyd edib ki, İtaliya mətbəxi günləri çərçivəsində fərdi şam yeməkləri təqdim olunacaq, Bakıdakı italyan restoranlarında yeməklərin təqdimatı keçiriləcək və sair. “Biz istəyirik ki, Azərbaycan ictimaiyyəti italyan mətbəxi barəsində daha geniş məlumatlar əldə edə bilsin”, - cənab Taffuri deyib.

Daha sonra çıxış edən İtaliya Ticarət Agentliyinin direktoru Andrea Makkaniko bildirib ki, İtaliya Mətbəxinə həsr edilmiş bu tədbir onlar onlar üçün çox önəmlidir, çünki 300 istiqamət üzrə yeməklər ictimaiyyətə çatdırılır.

“İki ildir ki, Bakıda bu layihəyə başlanılıb. Bizim üçün Azərbaycanın önəmi odur ki, 2023-cü ildə Azərbaycana xaricdən ərzaq məhsullarının idxalında xeyli artım nəzərə çarpır. Apardığımız araşdırmaya əsasən,  Azərbaycana idxalda dünya qida sənayesinin ümumi payı 20 faiz olduğu halda, İtaliyanın payı 30 faizdir. İçki ilə bağlı, dünyadan idxal 10 faiz, İtaliyadan isə 30 faiz artıb” deyib cənab Makkaniko.

O, bildirib ki, bu ikirəqəmli artımlar əsasında həm də İtaliya ərzaq məhsulları Azərbaycan bazarında ilk üç yeri tutmaqdadır. Xüsusilə də zeytun yağı, pomidor konservləri, içki, şokolad və sair artım yaşanan idxal məhsullarındadır.

Çıxışlardan sonra İtalyan dilində, Azərbaycan subtitrları ilə İtaliya qida sənayesinə dair çarx göstərilib.

Məlumat üçün qeyd edək ki, "İtaliya mətbəxi masada: dad və rifah" mövzusuna həsr olunmuş tədbir İtaliyanın Azərbaycandakı səfirliyi və ICE-İtaliya Ticarət Agentliyinin birgə əməkdaşlığı ilə ərsəyə gəlib.

Altı gün davam edəcək VIII Beynəlxalq İtaliya Mətbəxi Həftəsində məşhur italiyan aşpaz Pino Kuttaya qeyri-adi proqramla və bir sıra maraqlı tədbirlərlə çıxış edəcək. O, dekabrın 6-sı saat 12.00-da "Dinamo Hotel Baku" ila birgə təşkil olunmuş tədbirdə "Il Cannolo Siciliano di Melanzane " resepti ilə masterclass keçirəcək.

Eyni zamanda dekabrın 5-i və 6-da Azərbaycanın dövlət qurumlarının rəhbərləri, siyasətçi və diplomatlar, yüksək vəzifəli şəxslər, müxtəlif sahibkarlar, yerli şirkətlər və idxalçılar üçün "Dinamo Hotel Baku"da aşpaz tərəfindən hazırlanmış xüsusi menyu ilə iki şam yeməyi nəzərdə tutulub.

Oxunma sayı 549